24 Dekabr 2022 21:11
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan yazıları” 1

Abbasqulu bəy Şadlınski şəxsiyyəti bizə daha çox mərhum yazıçımız Fərman Kərimzadənin “Qarlı aşırım” əsəri və onun əsasında çəkilmiş “Axırıncı aşırım” filmindən bəllidir. İrəvanın Vedibasar bölgəsində erməni hücumlarının qarşısını alan bu şəxs dövrünün sevilən şəxsiyyətlərindən olub, el şairləri şəninə şeirlər qoşublar.

Tarixçi Rəhman Salmanlının yazdığına görə, Abbasqulu bəy 1886-cı il fevralın 24-də İrəvan quberniyasının İrəvan qəzasındakı Vedi nahiyəsinin Böyük Vedi kəndində bəy ailəsində doğulub. Böyük Vedidə ikisinifli rus-türk məktəbini başa vuran Abbasqulu bəy əvvəl İrəvan gimnaziyasını, sonra isə Qori Müəllimlər Seminariyasını bitirib.

Çar Rusiyası dağıldıqdan sonra bölgədə yaranan xaos vəziyyətindən istifadə edən erməni dəstələri davamlı şəkildə türk kəndlərini yandırıb əhalini qətlə yetiriblər. Bu vəziyyətin qarşısını almaq üçün Abbasqulu bəy Vedibasar Milli Komitəsini yaradıb. Dövrün sənədlərində və mətbuatında ermənilərin İrəvan bölgələrində dağıtdıqları kəndlərin siyahıları, öldürülən müsəlmanların sayı təfsilatlı verilib. Rəhmanlı Salmanlının yazdığına görə, bu siyahılarda Vedibasar kəndlərinin olmamasının səbəbi məhz Abbasqulu bəy olub. Onun mübariz dəstəsinin erməniləri ovalıqda mühasirəyə alıb qırması, zirehli qatarı məhv etməsi barədə materiallar mövcuddur.

“İrəvan yazıları” başlıqlı layihəmizdəki ilk yazı da məhz Abbasqulu bəyin bu mübarizəsi haqqındadır. 1966-cı ilin noyabr ayında Türkiyənin Qars şəhərində çıxan “Kars Eli” adlı jurnalın 28-ci sayında Yavuz Caferli imzası ilə “Vedi savaşı” adlı məqalə dərc olunub. Bu məqalədə Abbasqulu bəyə və Vedi savaşına həsr edilmiş iki xalq şeiri də verilib. Tarixi qaynaqlarla səsləşən bu məqaləni və şeirləri dilimizə uyğunlaşdıraraq təqdim edirik.

***
Yavuz Cəfərli

Vedi müharibəsi

XV Kolordu komandanı Kazım Qarabəkir paşa Türkiyəmizin Qurtuluş hərəkatına hazırlanarkən bir nöqtəyə xüsusi həssaslıq göstərirdi. Bu, “dörd tərəfi mühasirəyə alınmış Türkiyənin Azərbaycana açıq pəncərəsinin qapadılmaması...” idi.

Böyük komandan Araz boyu türklərinə sonsuz inam bəsləyirdi. İlk Dünya müharibəsinin sonlarında I Kolordu məntəqəsi olan Iğdır, Qəmərli, Zəngibasar, Vedibasar, Naxçıvan, Culfa türklərinin igidlikləri könlünü oxşamışdı. Hətta orta Araz boyunda, Vedibasar və Naxçıvanın hər birində xalq alayı qurdurmuşdu.

Vilson bəyannaməsinə görə çoxluğu əldə etməyə çalışan ermənilər qanlı məzalimlə hər yana şiddət və dəhşət saçırdılar. Iğdır, Tuzluca, Zəngibasar, Gərnibasar və hətta Naxçıvan kəndlərində...

Tamamilə azəri türkləri ilə məskunlaşmış bu yörə xalqları qeyri-bərabər şərtlər altında müdafiə olunub dirənsələr də, imkansız vəziyyət idi. Kənddə, qəsəbədə və hətta şəhərlərdə də erməni axınlarının qanlı izləri bir-birini təqib edirdi. İngilislər isə ən alçaq hərəkətlə ermənilərə yardımı əsirgəmirdilər.

Çuxursəd Rəvan ovasının bir hissəsi olub Naxçıvan sərhədini ayıran bir yörəsi vardır. Tarixi türk bəldəsi Vedibasar... Üç tərəfi sıldırım qayalıqlar və dağlarla əhatələnmiş, güney yönü də Araz çayı... Bugünkü Aralıq ilçəmizin quzey qonşusu... Dağlardan şırıl-çırıl axan Vedi çayı bu bəldəni suvarır, adını da buradan alıb. İllərdir ermənilərə göz dağı olan 8 min azəri-türk igidinin yaşadığı qazi kəndlər var burada...

4 iyul 1919-cu ildə Vedibasarın Böyük Vedi kəndində canlılıq vardı. İrəvandan axın edəcək bir erməni kolordusuna qarşı mücadilə aparmaq üçün hazırlıq görülürdü. Milis qüvvətlərinin başçısı igid Abbasqulu bəy Tiflisdən gətirdərək depoladığı mərmi, silah və cəbbəxananı xalqa dağıdır. İgidlər gələcək erməni qüvvətlərini qarşılamaq üçün sipərlərə yerləşdirilirlər. Özlərindən sayca, cəbbəxana və imkanları çox-çox üstün erməni axınını dayandırmaq üçün ən gözəl çarəni düşünən Abbasqulu bəy belə edir: Naxçıvan istiqamətinə sövq etdirdiyi qoyun sürülərinin başına fədai çobanları yerləşdirdikdən sonra yaşlıları, qadınları, uşaqları, xülasə döyüşə qatılmayacaq kimsələri yola salır. Əhali Vedibasarı tərk edib malını, dəyərli əşyalarını aparır görüntüsü yaradılır...

5 iyul 1919-cu ilin səhəri şəfəqlə birgə Ağdağa çıxan erməni hücumçuları “türklər qaçır, qənimət alaq” deyə şiddətlə ovaya hücum edirlər. Ovaya enən erməni dəstələri çobanların igidliklə dirənmələrinə, dağların müxtəlif yerlərindən yağmur kimi yağan mərmilər qarşısında özlərini itirirlər. Eyni zamanda qaysı ağacları arasından atəş açan igidlər də erməniləri pərişan edirlər.

6 iyul 1919-cu ildə səhərə yaxın darmadağın olan ermənilər 800 ölü, 1200 yaralı qoyaraq qaçdılar. 2 top, 6 pulemyot, bir xeyli cəbbəxana və qəniməti müharibə meydanında tərk edən erməni qüvvətləri komandanı general-mayor Şolkonikovun imzalı savaş planı, bir çox gizli sənədlər və əmrləri də türklərin əlinə keçmişdi.

Kazım Qarabəkir paşa “İstiqlal hərbimiz” (1960) adlı əsərinin 68-ci səhifəsində bu hadisəyə toxunarkən belə tamamlayır: “Hadisədən sonra İrəvandan iki ingilis zabiti gələrək “ermənilərlə müsəlmanları barışdıracağıq, toplar da ingilis birliklərinindir” deyirlər. Topları alıb rədd olub gedirlər. Bu zabitlərin ingilis uniformasında gizlənmiş ermənilər olduğunu müsəlmanlar sonradan başa düşürlər...”

Böyük Vedi müharibələrindən ən əhəmiyyətlisi olan 6 İyul Zəfəri Orta Araz boyunda və bütün türk ellərində sevinc ab-havası yaradır. Abbasqulu bəyə ürəkdolusu sevgi bəsləyən şəxslərin bu sevinc hisslərindən doğan bir neçə şeiri təqdim edirik:

Vedi

Ağdağın başı da dönübdü yasa

Veniski polk gəlir Vedini basa

Bir kağız yazıram ağam Abbasa (1)

Oxunur kartada adı Vedinin.

Ağdağın başı da dönübdü qana

Kahdağan cəmdəyi töküb yan-yana

Bir kağız yazıram Şahi-Mərdana

Oxunur kartada adı Vedinin...

Vedidən çıxıbdı yeddi yüz qoyun

Ermənilərin başına gəlibdir oyun

Erməniləri tutun, dizindən soyun

Oxunur kartada adı Vedinin...

Abbasqulu bəy

Getmən Sərkisim aman, amandı

Sizi sağ tutar Abbasqulu bəy

Vedinin dovusu axır zamandı

Sizi sağ-sağ tutar Abbasqulu bəy

Qoyub getmə mənim kimi maralı

Davadan ötəri yoxdu qərarı

Dünən gəldi on araba yaralı

Onları göndərdi Abbasqulu bəy

Zirehli vaqonlar oldu dal-qabaq

Daşnaklar deyir ki, durmayın qaçaq:

“Türklərdə vardımı bir belə qoçaq?”

Sizi sağ-sağ tutar Abbasqulu bəy

O Dro deyilən bir qara itdi

Vedinin gəncləri bütün igiddi

Zirehli vaqonları ortadan götdü

Onları dağıtdı Abbasqulu bəy...

Həzrət Əlinin oğlu Hz.Abbas
Karta – xəritə
Kahdağan – Vandan gələn ermənilər
Dro – Erməni kolordularından birinin komandanı
Götdü - götürdü


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər