Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük əməkdaşları üçün “Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Təşkil edilən ixtisasartırma təlimində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib. Təlim Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylər tərəfindən keçirilib.
Təlimin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov son dövrdə gömrük orqanları tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib, həmçinin vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə DGK-nın təqdim etdiyi elektron xidmətlər barəsində də söz açıb. Təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını qeyd edən Akademiya rəisi iştirakçılara təlimdən maksimum faydalanmağı tövsiyə edib.
Təlimdə iştirakçılara ünsiyyətin verbal və qeyri-verbal aspektləri, kommunikativ maneələr və onların aradan qaldırılması yolları, stress və onun idarə edilməsi, konflikt – konfliktin profilaktikası, idarə olunması və konfliktdən yayınma mövzuları barəsində ətraflı məlumat verilib.