26 Dekabr 2022 17:31
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Qanun layihəsinin əhəmiyyətindən danışan komitə sədri Musa Quliyev birinci oxunuşundan sonra bu layihə üzərində gedən iş barədə məlumat verib.

Bildirib ki, məsələ artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılması mexanizmləri ilə bağlıdır. Komitə sədri vurğulayıb ki, sənəddə pensiyaçıların mənafeyi və sosial müdafiəsinin qorunması, ədalətlilik və humanizm prinsipləri əsas götürülüb.

Sonra layihə barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, qanun layihəsi əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədilə hazırlanıb.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna ediləcək dəyişikliklər kifayət qədər balanslı, ədalətli, birbaşa vətəndaşa yönəlmiş bir yanaşmadır. Bu dəyişikliklərdə sosialyönümlü dövlət konsepsiyası rəhbər tutularaq vətəndaşlara, pensiyaçılara yönəlik müsbət bir addım atılır.

Çıxış edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov qanun layihəsi ilə bağlı ekspert rəyini təqdim edib.

Qanun layihəsinin müzakirəsində parlamentin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri İlham Məmmədov, Aqil Məmmədov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Arzu Nağıyev, Vüqar Bayramov, Rauf Əliyev, Soltan Məmmədov və Ziyad Səmədzadə çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.


Müəllif: Nemət

Oxşar xəbərlər