27 Dekabr 2022 12:28
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arayışda xüsusi olaraq, qeyd olundu ki, layihə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluğunun inkişafı istiqamətləri sırasında Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin gücləndirilməli olduğu tələbinə söykənərək, hazırlanıb. Lakin fikrimizcə, Fəaliyyət Planının “Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi” müddəası daha çox indi, məhz 2022-ci ildə geniş miqyas alıb. Ona görə də hazırki dəyişikliklər təkcə səlahiyyətləin dəqiqləşdirilməsi və genişləndirilməsi mahiyyəti daşımır, həm də prezidentin son tarixi qərarlarını tamamlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc deyib.

İnsan hüquqları komitəsinin sədri bildirib ki, vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, Konstitusion islahatlar və birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib: “90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi Qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin Zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız Konstitusion dəyişikliklərlə mümkündür”.

Deputat deyib ki, prezidentin institusional və kadr dəyişiklikləri xalqımız tərəfindən rəğbətlə qarşılanır, çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir: “Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır.

İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini Konstitusiya və qanunlara tabe olmağa, düşmənçiliyə son qoymağa imkan verəcək. Əgər bir vaxtlar Robert Koçaryan və Serj Sarkisyan Qarabağdan Ermənistan prezidentliyinə getmişdilərsə, indi erməni toplumunun özünə kənardan rəhbər gətirməsi xilas yolu ola bilməz. Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır. İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir.
Bir vaxtlar keçmiş sovet məkanına nümunə kimi göstərilən Saakaşvilinin son taleyi sübut edir ki, totalitarizmdən demokratiyaya keçid inqilabi deyil, məhz prezident İlham Əliyevin tədrici yolu ilə mümkündür. İndi dünyanın bölüşdürülməsi və mürəkkəb çağırışlar şəraitində idarəçilik sistemimiz çevik şəkildə dəyişir, yeni məmurlər və elita üçün güzəştsizlik, hesabatlılıq, sərt tələblər önə çıxır, xüsusi kasta və imtiyazlı təbəqə, oliqarxiyanın idarəçiliklə çulğalaşması kimi məfhumlar aradan qalxır. Azərbaycan təkcə coğrafi cəhətdən deyil, həm də hüquqi, siyasi və idarəçilik baxımından da bütövləşir.

Parlament bütün gücü və resurlarla hüquqi-siyasi islahatlara yüksək dəstək verir. İnanırıq ki, Qərbi Azərbaycan torpaqlarına dinc qayıdışı yeni milli ideologiya kimi irəli sürən prezident İlham Əliyevin rəhbərliyi altında Xankəndində keçiriləcək seçkilər, formalaşacaq qanuni idarəçilik strukturları ərazi bütövlüyündən siyasi-hüquqi bütövlüyə keçidi başa çatdıracaqdır. Xalqımızın çoxsərlik tarixində yalnız indi həm cənubun, həm şimalın, həm şərqin, həm də qərbin-bütün dünya azərbaycanlıların tək bir lideri var”.


Müəllif: Nemət

Oxşar xəbərlər