Orta əsr oğuz xalq yaradıcılığının görkəmli abidəsi olan “Kitabi Dədə Qorqud” dastanının araşdırılması vətən tarixşünaslığını yeni-yeni tapıntılarla zənginləşdirir.
Yenicə nəşrdən çıxmış ““Kitabi Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti” kitabı bunun bariz nümunəsidir (Агаев Ю.Ш., Ахмедов С.А. Военное искусство тюрков в огузском эпосе «Китаби Деде Горгуд». Баку, «OL», 2014, 137 стр.).
Yusif Ağayev və Səbuhi Əhmədov tərəfindən yazılmış kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
Kitabın müəlllifi Anar Ağayevin Teleqraf.com-a verdiyi məlumata görə, təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bütün bəşəriyyətin unikal ədəbi abidəsi olan “Kitabi Dədə Qorqud” oğuz dastanında verilən hadisələri təsvir edən çoxsaylı elmi və elmi – populyar ədəbiyyat mövcuddur. Lakin ilk dəfədir ki, dastan orta əsr hərb sənətinin müxtəlif tərəflərini öyrənməyə imkan verən müstəqil mənbə kimi araşdırılır: “Yeni kitab bu boşluğu aradan qaldırır. Belə ki, dastanda verilən hərbi-texniki, hərbi-taktiki və hərbi –hüquqi məqamlar araşdırırılıb. Kitabda verilən silah və sursat adalrı, hərbi vəzifə və rütbələri, taktiki məqamların təhlilini verməklə bərabər onların sosial, ritual, siyasi köklərini göstərməyə çalışmışıq”.
Ənənəvi silahları etnik mədəniyyətin vacib komponenti kimi qəbul edən müəlliflər yeni nəşrdə Azərbaycanın orta əsr silahlarının xüsusiyyətlərini göstəriblər.
Tədqiqat prosesində müəlliflər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına da müraciət edib, müqayisəli təhlil aparmıblar.
Kitabda çoxsaylı arxeoloji, yazılı, təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar verilib.
SEVİL