27 Dekabr 2022 18:49
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan yazıları” 2

Birinci yazı:

“İrəvan yazıları” layihəmizdəki ikinci məqalə Aşıq Alxas İrəvanlı haqqındadır. İrəvan, Iğdır, Qars bölgələri ilə bağlı müxtəlif yazıları, kitabları olan Nizaməddin Onk bəyin “Türk kültürü” jurnalının 1973-cü ildə çıxan 124-cü sayındakı məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik:

(Nizaməddin Onk 1937-ci ildə Iğdırda doğulub. Müxtəlif yerlərdə müəllimlik edib. Hazırda Almaniyada yaşayır. “Göyçəli Aşıq Ələsgər” (1964), “Qafqaz səfərimiz 1918 və milli meyxana” (1977), “Qaraqoyunlu” (2000), “Qafqazdan Anadoluya Iğdır tarixi” (2006), “Böyük şair Müzeyib Zəyəm” (2013) kimi kitabların müəllifidir).

***
Arazboyu ozanlarından Rəvanlı Aşıq Alxas

Aşıq Alxas İrəvan Türk Xanlığı çağında (1749-1828) yaşamış, gözəlləmələri ilə məşhur olan ozanımızdır. Rəvan və yörəsinə aid ən gözəl deyişləri söyləyərək özünü sevdirmişdir.

Deyişlərini təhlil etdiyimiz zaman hərarətli yurd sevgisini, dərin həsrəti, axıcı bir üslubu görürük. “Mədhi-Rəvan” təcnisindəki məhəbbət izləri ozanın könlünün dərinliklərindəki Rəvanı göstərir. Həqiqətən də, Türk yörəsi olan Rəvanın adının dəyişdirilib “Erivan” deyə yad ölkəyə çevrildiyini xatırladıqca atalara layiq övlad ola bilməməyin üzüntüsündən qurtulmaq mümkündürmü?

Yad ellərin krallığını qəbul etməyən ozan Rəvanda yoxsul olaraq yaşamağı rəva görməkdədir.

Rəvanın Gözəldərə sancağından olan ozan “Rəvanlı Aşıq Alxas” kimi tanınmaqdadır. Geniş yayılmış bir neçə deyişi əlimizə keçmişdir. Daha dərin araşdırma apara bilsək, çox şey toplayacağımıza ümidliyəm. Çünki Qars, Iğdır və yörəsində ozan haqqında bilgi çoxdur.

Ozanın on yarpaqlı cığalı təcnisi ilə başlayırıq:

Mədhi-Rəvan

Könül versələr, yad eldə Xan olma
Tək qal da, yoxsul ol, dilən Rəvanda.
Əzizinəm Rəvanda
Könül alan Rəvanda
Murad alan Rəvanda
Xan oturmuş hökm edər
Zövqə dalan Rəvanda.
Dolansan cahanı təsdiq edərsən
Görərsən ki, qədir bilən Rəvanda.
Cənnətdə varmıdır Xan bağçaları?
Ölmüşə vermədə can bağçaları.
Əzizinəm bağçaları
Gül, gülşən bağçaları
Göyçəkdir ağçaları
Bülbül tək ötər qızlar
Nar dolu bağçaları.
Bağ bozanda seyr et sən bağçaları
Yemə, içmə, bircə dolan Rəvanda.
Nöqsanı yox, hər bir gərəyi sazdır.
Özgə yerin gözəlləri məcazdır.
Əzizinəm məcazdır
Həqiqi deyil, məcazdır
Qışı yox külli yazdır
Yaylağı Alagözdür.
Zəngi suyun qırağı
Yaşılbaş ördək, qazdır.
Danışdığıma qulaq ver nə sözdür
Alxasa qovğaya salan Rəvanda...
Rəvanın varlığını (gəlirini) təsvir edən bir deyişində:
Yığılın ahbablar yaradana, yoldaşlar
Hələ görün İrəvanda nələr var?
Pambığı, buğdası, dingi-düyüsü
Bir də görün bu meydanda nələr var.
Dəvələr çəkilir, zillər çalınır
Həm verilir, həm salınır, alınır
Keçisi qırxılır, qoyun yolunur
Bilmirəm ki, bu meydanda nələr var.
Aşıq Alxas sən də gəl İrəvana
Gör bu gözəlləri qal yana-yana
Bunlar kimi heç gəlmədi cahana
Huri kimi bu qılmanda nələr var?

Yörədə adətdir, hələ də davam edər. İş zamanı iş, sonrasında əyləncə və aləm... Bahar, yaz günlərinin gözəlliyi göz qamaşdırır. Nə bugünkü Avropa, nə də digər ölkələr zövq və digər işləri ayırmazlar. Rəvan necə ayırırdı? Ozandan dinləyək:

İrəvanın ehtişamın görmüşəm
Yığılıb qız, gəlin bir həng eylərlər
Mehtərin, zurnanın, davulun səsi
Bəxtiyar bağçada dövran eylərlər.
Məryəmlə, Səfiyyə tutmuş əl-ələ
Keşiş qızı Əsli mən qurban dilə
Bimürvət elimi vermə yad elə
Bəlkə, ortalıqda bir qan eyləyər.
Alxas, yorulubsan bu tərif azdır
Könüllərdə ötüşən kubadı, qazdır
İrəvan bağları bahardı, yazdır
Gəlib bəxtəvərlər seyran eylərlər.
Ozanın gəraylısı da gözəldir:
Dağılası fani dünya
Sevdası səri yandırır
Heç bir günüm xoş getmədi
Dərdinnən qəmi yandırır.
Zarıncıyam mən zarınan
Deyə bilməm el arınnan
Dumanım çıxar sərimdən
Əşr-əlaya dayandırır.
Pünhana yardımçı Xuda
Qüdrətdən dərsin oxuda
Alxası şirin yuxuda
Zalım sevda oyandırar.
Rəvana yolu düşən ozan Gözəldərə gözəllərini geridə qoyur. Ayrılıq həsrətini necə dilə gətirir? Ozandan dinləyək:
İrəvana düşdü yolum
Gözəldərə gözəlləri
Sizə ayandır halım
Gözəldərə gözəlləri...
Alagözdən güllər dərin
Allahdan ağ günlər görün
Bir dəstə gül bizə verin
Gözəldərə gözəlləri.
Mətlubunuz varmı mənə?
Dolanıram yana-yana
Biçarə Alxas divanə
Gözəldərə gözəlləri...

Bizdə adətdir, hər şeyi yazılı ədəbiyyatda axtararıq. Xalq dünyasına üzümüzü çevirərsək, divanın düşünə bilməyəcəyi inkişafı görərik. Ozanın yurd, millət eşqi mühitini bizə necə də gözəl şəkildə tanıdır. Rəvanı, onun döşünə yaslandığı Alagöz dağını...




Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər