Milli Məclisin (MM) sədri Sahibə Qafarova dekabrın 28-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə MM-dən bildirilib.
Qeyd olunub ki, səfiri salamlayan spiker, bu görüşün onun diplomatla parlamentdə ikinci görüşü olduğunu xatırladıb və onun səfir kimi fəaliyyətini yüksək qiymətləndirib.
Cari il noyabrın 18-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması haqqında qanunun qəbul edildiyini xatırladan Milli Məclisin sədri deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu söyləyən Sahibə Qafarovanın sözlərinə görə, bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər müstəsna rol oynayır.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərindən danışarkən, vurğulanmalı olan ən mühüm amillərdən biri də insanlar arasında təmaslardır. Azərbaycanda əsrlər boyu yəhudilər və azərbaycanlılar sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. İsraildəki Azərbaycan diasporu, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verirlər.
Parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova bildirib ki, qanunverici orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Milli Məclisin sədri, İsraildə keçirilən sonuncu parlament seçkilərinə qədər hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynadığını bildirib və ümidvar olduğunu diqqətə çatdırıb ki, İsrail parlamentinin yeni tərkibində də Azərbaycanla dostluq qrupu tezliklə yaradılacaq və bu əlaqələr genişlənərək davam edəcək.
Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü bərpa edib. Torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı zamanı bu ərazilərdəki təbii sərvətlərimiz talan edilib, faydalı qazıntılarımız qanunsuz istismar edilib, ekoloji terror həyata keçirilib, ətraf mühitə ciddi ziyan dəyib. Təəssüf ki, bu gün də Ermənistanın bu istiqamətdə qanunsuz fəaliyyəti davam edir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilir və Laçın yolundan istifadə etməklə Ermənistana daşınır.
İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik səmimi qəbula görə minnətdarlığını bildirərək, səfir kimi ölkəmizdə fəaliyyətə başlayandan sonra - 2020-ci ilin oktyabrında, Vətən müharibəsi günlərində Azərbaycan Milli Məclisində olduğunu və spiker Sahibə Qafarova ilə görüşdüyünü xatırladıb. O, deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və İsraildə Azərbaycanın səfirliyinin açılması ilə bağlı arzuları artıq reallaşıb. Diplomat Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması haqqında qanunun bütün deputatların dəstəyi ilə qəbul olunmasının təqdirəlayiq olduğunu bildirib və Milli Məclisin bütün üzvlərinə təşəkkürünü ifadə edib. Səfir bildirib ki, bu, İsraildə də olduqca yüksək qiymətləndirilib. Bu qərarın qəbulu ilə əlaqədar İsrail Prezidenti Azərbaycan Prezidentinə zəng edib, XİN başçıları arasında telefon danışığı olub. Həmçinin, parlamentdə keçirilən müzakirələrdə də təbrik mesajları səsləndirilib. İsrail ictimaiyyəti bu məsələyə çox pozitiv reaksiya göstərib.
Səfir Corc Dik deyib ki, münasibətlərimiz təkcə hökumətlər arasında mövcud olan yüksək səviyyəli əlaqələrlə məhdudlaşmır. Xalqlarımız arasında da xoş münasibətlər mövcuddur. Baxmayaraq ki, diplomatik münasibətlərimiz 30 ildir qurulub, xalqlarımız arasında əlaqələrin tarixi daha qədimdir.
O, parlamentlərimiz arasında münasibətlərin də inkişaf etdiyini, hazırda bu ölkənin qanunverici orqanında Azərbaycanla dostluq qrupunun yeni tərkibində yer almaq üçün çoxsaylı müraciətlər olduğunu diqqətə çatdırıb.
Səfir, demək olar ki, Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərinə səfər etdiyini, Ağalı kəndində görülən işlərlə yerində tanış olduğunu və burada görülən işlərin onda böyük təəssüratlar oyatdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.