16 Dekabr 2014 15:46
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri" kitabının təqdimatı keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə rus dilində nəşr olunan "Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri" adlı kitabın təqdimatı keçirilib. 

 

Teleqraf.com-un məlumatına görə, institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, kitabda göstərilən mövzular ermənilərin saxta tarixini sübut etmək baxımından yeni istiqamətlər verir. Onun sözlərinə görə, bu baxımdan yeni nəşr edilən kitabın həm elmi, həm də siyasi rolu var: "Ermənilər 2015-ci ildə "soyqırım"ın 100 illiyini qeyd edəcəklər və biz də buna hazır olmalıyıq. Bu kitab bir alimin araşdırmasıdır. Belə kitablar yüzlərlə olmalıdır. Ümid edirəm ki, bu nəşrlər böyük işə öz töhfəsini verəcək. 


Ermənilər özlərini hay-hayk adlandırırlar. Hayklar haradan gəliblər, tarixləri necə olub, bu, çox qısadır. Bunların ermənilərə aidiyyəti yoxdur. Ermənilər həmişə başqa dövlətlərin tarixlərini mənimsəyiblər. Elə bunun nəticəsidir ki, haylar Ermənistan adından istifadə edirlər".


A.Mustafayeva bildirib ki, ermənilərlə bağlı arxivlərə müraciət olunur və yeni məlumatlar əldə edilir. Onun sözlərinə görə, ancaq bu, son 20 ildə həyata keçirilir: "Bizim ailələrimiz, müəllimlərimiz ermənilərlə bağlı həqiqətləri, təəssüflər olsun ki, vaxtında bizlərə çatdırmayıblar. Bu tolerantlıq deyil, onu aşır. Hesab edirəm ki, bu gün bizlər tariximizi dolğun və düzgün şəkildə araşdırmaqla ermənilərin yalan, saxtakarlıq üzərində qurduğu tarixi dağıda bilərik. Tarix ən böyük siyasətdir və biz bundan istifadə etməliyik". 


AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli bildirib ki, 2015-ci il bütün Qafqaz üçün gərgin bir dövr olacaq, çünki ermənilər özlərinin qondarma "soyqırım"ının 100-cü ildönümünü qeyd etməyə hazırlaşırlar. Onun fikrincə, artıq bu istiqamətdə beynəlxalq təşkilatlara müraciətlər də var: 


"Buna görə də bizim əks arqumentlərimiz sistemli olmalıdır. Düzdür demək olmaz ki, ermənilərin qondarma soyqırımı ilə bağlı işlər görülməyib. Görülüb, amma bu pərakəndə şəkildə həyata keçirilib. Amma Elmlər Akademiyasında "Azərbaycanlılara qarşı soyqırımların tədqiqi" komissiyası yaradılıb və burada müxtəlif sahələr üzrə ziyalılar təmsil olunur. Komissiya vasitəsilə konfranslar, kitabların təqdimat mərasimiləri keçiriləcək. O cümlədən azərbaycanlılara, türklərə qarşı törədilən soyqırımlarla bağlı nəşr edilmiş kitabların kataloqu da yaradılacaq. Əsas məqsidimiz ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımları sənədlərlə, faktlarla sübut etməkdir. Biz həm də bu istiqamətdəki nəşrlərimizin beynəlxalq təşkilatların ünvanlarına, kitabxanalarına göndərilməsinə çalışacağıq. Düşünürəm ki, gördüyümüz işlər faydalı olacaq".


Sonra kitabın müəllifi Abbas İslamov çıxış edərək bildirib ki, kitabdakı məlumatlar faktlara, tarixi sənədlərə söykənir. Onun sözlərinə görə, kitabda bir daha sübuta yetirilir ki, haylar "erməni" adını oğurlamaqla, həm də tarixi saxtalaşdırma aparıblar.


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər