Günümüzdə bir çox funksiyanı yerinə yetirən sosial şəbəkələrin göstərdiyi xidmətlərdən biri də informasiyanın geniş kütlələrə çatdırılmasıdır. Artıq media orqanları "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə yayılan xəbərlərə istinad edərək informasiya yayırlar. Belə ki, bir çox tanınmış siyasətçilər, idmançılar, aktyorlar və s. xəbərlərini öncə bu virtual aləmdə paylaşırlar.
Teleqraf.com-un məlumatına görə, xəbəri tez və qısa formada çatdırmaq artıq günün tələbinə çevrilib. İnsanlar uzun-uzadı məqalələri oxumurlar. Müasir dünyada vaxt ən qiymətli məfhuma çevrilib. İnsanlar müxtəlif media orqanlarının saytlarına daxil olmaq və ya televiziya qarşısında oturmaq əvəzinə sosial şəbəkələrdə həmin KİV-lərin səhifələrini bəyənməklə xəbərə asan çıxış əldə edirlər.
Sosial şəbəkələrin özəlliklərindən biri də bu məkanda təbliğat aparmaq üçün münbit şəraitin olmasıdır. Azərbaycan kimi dünya xəritəsində nisbətən yeni yaranmış ölkələr bu platformadan səmərəli istifadə edə bilərlər. Ölkəmiz bədnam qonşularımız olan ermənilərlə informasiya müharibəsində geri qalmamaq üçün sosial şəbəkələrdə aktiv fəaliyyət göstərməlidir. Bu işdə vətəndaş dövlətdən daha çox fayda verə bilər.
Müşahidələrə əsaslanaraq demək olar ki, ermənilər sosial şəbəkələrdə koordinasiya edilmiş fəaliyyətlə məşğul olurlar. Onlar Azərbaycan, eləcə də Türkiyə əleyhinə qərəzli məlumatlar yaymaqla məlumatsız insanları öz tərəflərinə çəkməyə çalışırlar.
Erməni təbliğatını bir mərkəzdən idarə edilən seçilmiş şəxslər öz üzərilərinə götürüblər. Bu zaman onlar konkret linkləri, məlumatları Azərbaycan, Türkiyə və Ermənistanla bağlı xəbərlər yayıldıqda şərh kimi paylaşırlar. Eyni ermənilər eyni məlumatları müxtəlif xarici media orqanlarının sosial şəbəkələrdəki səhifələrində yerləşdirirlər.
Ermənistanla həm hərbi, həm də informasiya müharibəsində olan Azərbaycan sosial şəbəkələrə öz elçilərini göndərməlidir. Hər bir nazirliyin sosial şəbəkələrdə öz sahəsinə uyğun xarici media orqanlarının səhifələrini izləməsi və bu işin konkret şəxslərə tapşırılması məqsədəuyğun olardı. İnformasiya müharibəsinin də öz "əsgərlər"i var. Bu "əsgərlər"in işi düşmənin qərəzli məlumatlarını ifşa etməklə yanaşı, ölkə haqqında həqiqətləri çatdırmaqdan ibarətdir. /trend.az/