17 Dekabr 2014 16:09
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz şəhərində “Japan Tobacco International” (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində dördüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilib.

DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda Gəncə, Tovuz, Balakən və Yevlax Gömrük İdarələrinin 25-dən çox əməkdaşı iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycanın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışıb, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çoxfaydalı olduğunu bildirib. Eyni zamanda, o, JTI şirkətinin indiyədək keçirdiyi seminarların gömrük əməkdaşları üçün çox zəruri olduğunu qeyd edib və belə seminarların təşkil edilməsinə görə JTI-a öz təşəkkürünü bildirib.

Seminar zamanı, Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib, beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçiriblər. Seminar da təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər