“O, uşağını satıb, qızını isə qulluqçu kimi işlədir”
4 ay əvvəl Sumqayıtda 2 aylıq körpəsi oğurlanan Aysel Əhmədovanın digər övladlarına qarşı da laqeyd və kobud davranması barədə mətbuatda məlumat yayılıb.
Məlumata görə, A.Əhmədova oğlunu körpələr evinə yerləşdirib. Bildirilir ki, qadın övladına qarşı laqeydlik edir, onunla kobud danışır. Bağçada mehriban münasibət görən uşaq anası ilə qalmaq istəmir. Aysel Əhmədova oğurlanan uşağını da körpələr evinə vermək istəyib.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq.
A.Əhmədovanın oğlunu yerləşdirdiyi 26 saylı körpələr evi –uşaq bağçasının direktoru Rəna Mirzəyeva Publika.az-a bildirib ki, ananın uşağına qarşı laqeyd münasibət göstərməsi barədə yayılan xəbərlərdən məlumatlıdır:
“İmkansız ailələrin uşaqları həftənin 5 günü bizim müəssisədə qalır. Şənbə günləri valideynləri aparırlar. A.Əhmədovanın da oğlu gecələr burada qalır. O, bizdən əvvəl bir neçə yerə müraciət etmişdi, amma yer tapmamışdı. Təhsil Şöbəsindən bizə müraciət edildikdən sonra, onu qəbul etdik. Uşaq təxminən 4 aydır bağçada yerləşdirilib. O, imkansız olduğunu ona görə də uşağını həftənin 5 günü burada qoymaq istədiyini dedi. Bizə dediyinə görə, atasının yanında qalır və yoldaşı ilə müəyyən problemləri var, ayrılıblar. Lakin işləyib-işləməməsi barədə məlumatım yoxdur. Uşaq normaldır, burada da ona yaxşı baxırıq. Hətta uşaq buradan getmək istəmir. Uşaq bağçaya tez uyğunlaşdı”.
R.Mirzəyeva ananın əsəbi olmasını müşahidə etdiyini deyib:
“Uşağı gəlib götürərkən davranışında problem hiss etmirik. Düzdür, bir az əsəbi qadındır. Bunu da evdə problemlərinin olması, yoldaşından ayrılması və yoldaşının başqa qadından uşağı olması ilə izah etdi. Amma evdəki konfliktlər barədə məlumatım yoxdur. Bir neçə dəfə onunla danışıb məsləhətlər vermişəm, uşaqla kobud davranmaması barədə onu təlimatlandırmışam. Bu həftə uşağı bağçaya gətirəndə uşağın üzü yaralanmışdı, “zelyonka” çəkmişdi. Soruşanda ağcaqanad dişlədiyini dedi. Bu barədə yayılan xəbərlər bizi də narahat edir. Bu həftə sonu uşağı götürəndə, yenidən onunla danışacam”.
Sumqayıt şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Zaur Abbasov bu barədə onlarda hər hansı məlumatın olmadığını dedi:
“Bizim araşdırma aparmağımız üçün qadının özü, ya da yaxınları, qonşuları tərəfindən rəsmi müraciət olmalıdır. Əgər qadın uşaqlarını saxlamaq istəmirsə, bir ərizə yazması kifayətdir. Onun övladlarına qarşı kobud davranışını müşahidə edənlər bizə müraciət etsələr, məsələni araşdıra bilərik. Bu zaman uşaqların anadan alınmasına baxıla bilər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Publika.az-a bildirdilər ki, məsələni diqqətdə saxlayacaqlar. Artıq müvafiq şöbələrə bu barədə məlumat verilib.
A.Əhmədovanın üçüncü övladı dünyaya gələnə qədər qaldığı Azərbaycan Uşaq Birliyinin rəhbəri Kəmalə Ağazadə ananın övladlarına qarşı laqeyd olduğunu dedi:
“Üçüncü övladı dünyaya gələnə qədər iki övladı iki aya qədər bizim sığınacaqda qaldı. Sonuncu uşağı dünyaya gələndən sonra, uşaqlarını buradan götürmək istəmirdi. Ev ünvanını demirdi, uşaqların sənədlərini uzun müddətdən sonra bizdən götürdü. Ümumiyyətlə, o qadın uşaqlarını istəmirdi. Üçüncü uşağı oğurlananda da mən hüquq mühafizə orqanlarına uşağı satdığını dedim. Əlbəttə, bu, mənim şəxsi fikrim idi. Lakin davranışlarından sərbəst həyat yaşamaq istədiyini müşahidə edirdik. Əminəm ki, digərini də körpələr evinə qoyacaq. Yəqin ki, o, oğlunu körpələr evinə verib. Qızını isə qulluqçu kimi işlədir. Kiçik uşağını qızı saxlayır. Bizim mərkəzdə olarkən digər qardaşına da necə qayğı göstərdiyini görürdüm. Ümid edirəm ki, dövlət qurumları həmin qadınla bağlı araşdırma aparacaq. Çünki uşaqlar ondan alınıb dövlət müəssisəsinə verilməlidir. Orada onlara daha yaxşı baxılar”.
Gülxar