Dekabrın 19-da Prezident yanında Gənclər Fondunun yaranmasının 3 ili tamam olur. Azərbaycanda Gənclər Fondunun təsisi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Dövlət Gənclər Siyasətinin məntiqi nəticəsi hesab olunur.
Qeyd edək ki, Gənclər Fondu Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Gənclər siyasəti ilə bağlı əhəmiyyətli elmi, mədəni, ictimai və təhsil səciyyəli layihələrə dəstək olmaq, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədlərinə daxildir.
Fond gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaları və onların idarə edilməsi bacarığını stimullaşdırır.
Gənclər Fondunun təşkilati dəstəyi nəticəsində həyata keçirilən 8 ən uğurlu layihələrdən biri də Turizm İnstitutunun tələbəsi Səma İsalının “Virtual məmləkətim” layihəsidir.
Səma İsalının bildirdiyinə görə, layihədə əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıdılması üçün informasiya texnologiyalarının imkanlarından düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.
Layihə çərçivəsində 16-29 yaş arası gənclər iştirak üçün müraciət hüququna malik olublar. Onlar öz CV-lərini və iştirak arzularını layihənin elektron ünvanına göndəriblər və müraciət edənlər arasından 15 aktiv gənc seçilib.
Layihə çərçivəsində İKT mütəxəssisi Elxan Bayramlı bloq təlimləri keçib. Təlimlərdə iştirakçılara bloqların yaradılması, ən böyük bloq platforması olan “wordpress”lə tanışlıq, müxtəlif dilli bloqlarda mövzu seçimi ətrafında praktiki təlimlər keçilib.
15 layihə iştirakçısı Azərbaycanın müxtəlif regionları haqqında yunan, ispan, rus, ingilis, gürcü, türk və Azərbaycan dillərində bloqlar yaradıblar. Müəlliflər arasında müsabiqə keçirilib və onlara ekspertlər qiymət veriblər. Qiymətləndirmə bloqların təqdimatına, mövzusuna və dizaynına görə aparılıb. Nəticədə ən yaxşı üç bloq sahibi müəyyənləşdirilib.
Birinci yeri “heyderlicemil.wordpress.com” bloqunun müəllifi Cəmil Heydərli, ikinci yeri “alisoy95.wordpress.com” bloqunun müəllifi Nazilə Əliyeva, üçüncü yeri “hemide.wordpress.com” bloqunun müəllifi Həmidə Ağazadə tutub.
Qalib gəlmiş bloq sahibləri diplom və mükafatlarla təltif olunublar. Digər iştirakçılara isə sertifikatlar verilib.
Layihənin davamı kimi hazırda ATU-da “Virtial məmləkətim” klubu fəaliyyət göstərir.
Sevil HİLALQIZI