19 Dekabr 2014 17:16
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidmətləri ilə təmin olunur.

Teleqraf.com-un məlumatına görə, bu istiqamətdə aparılan işlərin davamı kimi, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət tibbi-texniki briqada dekabrın 17-də Ucar və Bərdə, dekabrın 18-də Tərtər, Ağcabədi və Ağdam rayonlarında dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik xidməti göstərib. Dekabrın 19-da isə Beyləqan və Füzulu rayonlarında yaşayan belə şəxslər səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunur.

Tədbir zamanı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov qeyd olunan 7 rayon üzrə ümumilikdə 452 nəfər dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib. O, bildirib ki, bununla da həmin şəxslərin onlar üçün zəruri protez-ortopedik məmulatlardan, reabilitasiya vasitələrindən ötrü xərc və zəhmət çəkərək paytaxt Bakıya getmələrinə artıq ehtiyac qalmayıb.

Qeyd edilib ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə və Naxçıvan şəhərlərindəki filiallarının mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqadalar ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

Cari ilin 11 ayı ərzində bu müəssisələr tərəfindən əlilliyi olan şəxslər müxtəlif növlərdə ümumilikdə 21341 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, o cümlədən 574 əlil arabası ilə təmin ediliblər. Həmçinin onlara məxsus 818 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib. Bununla yanaşı, qeyd olunan dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşmə stasionarlarında 655 nəfər əlilliyi olan şəxsə müvafiq müalicəvi və rekonstruktiv reabilitasiya xidmətləri göstərilib.

Naibə QURBANOVA


Müəllif: