Daxili İşlər Nazirliyinin əməkdaşları bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi prosesinin davam etdirir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Oğuz Rayon Polis Şöbəsinin aidiyyəti xidmət əməkdaşlarının iştirakı ilə rayonun Filfili, Xaçmaz, Böyük Söyüdlü və Xalxal kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Xidmət zamanı, ümumilikdə, 318 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən analoji tədbir, eyni zamanda, dekabrın 19-da Bakı şəhər 1 saylı Psixiatriya Xəstəxanasında da həyata keçirilib. Xəstəxanada müalicə olunan 82 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Hacı Zeynalov