Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti Məclisi baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirin rəsmi hissəsi zamanı Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, ARGTMŞ-nın sədri Şahin Seyidzadənin 2014-cü ilin yekunları haqqında çıxışları dinlənilib və tədbirdə iştirak edən ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisinə gündəliyin təsdiq olunması ilə başlanılıb.
Daha sonra ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynovun hesabat dövrü üzrə görülən işlərlə bağlı fəaliyyət hesabatı dinlənilib:
“Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2014-cü ildə fəaliyyətini “3G” strategiyası çərçivəsində həyata keçirib. Hesabat dövrü ərzində təşkilat “gənclər siyasətinə dəstək” istiqaməti çərçivəsində dünyanın bir çox aparıcı platformalarının qərarvermə prossesində təmsil olunma hüququ qazanılıb. Eyni zamanda bu istiqamət çərçivəsində beynəlxalq arenada uğurlu fəaliyyətin nəticəsi olaraq, təşkilat Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun idarə heyətinin iclası və dünyanın ən böyük regional gənclər platformalarını birləşdirən “Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü” təşkilatının illik yığıncağına ev sahibliyi etmişdir. Strateji istiqamətlərdən biri olan “gənclər təşkilatları institutunun gücləndirilməsi” istiqaməti çərçivəsində təşkilatın saytı üzv təşkilatların istifadəsinə verilmiş, onlar üçün əlverişli onlayn platforma yaradılmış və QİDA çərçivəsində bilik və bacarıqları inkişaf etdirilib. “Gənclərin əməkdaşlığı” istiqaməti çərçivəsində yerli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan Könüllülük Xidməti çərçivəsində Azərbaycanın 13 regionunun 15 “Gənclər Evi”-dən olan gənclər arasında könüllü mübadiləsi həyata keçirilmişdir. Təşkilat 2015-ci ildə də strategiyasının mövcud istiqamətləri çərçivəsində fəaliyyət göstərəcək. Növbəti ildə mövcud istiqamətlərlə yanaşı kənd gənclərinin inkişaf etdirilməsi və bacarıqlarının üzə çıxarılması əsas istiqmətlərdən biri olacaq".
Tədbirin gedişatında ARGTMŞ-nın 2015-ci ildə həyata keçirməyi planlaşdırdığı “Yerli Gənc” proqramının təqdimatı keçirilib.
Yeni layihənin məqsədi kənd yerlərində yaşayan gənclərin istedadlarının üzə çıxarılması, kənd gənclərinin məlumatlılığı, bilik və bacarıqlarının artırılmasıdır.
Məclisin sonunda ARGTMŞ-ın üzvü olmaq üçün müraciət olunan təşkilatların namizədliyinə baxılıb və Məclis iştirakçılarının səsverməsi əsasında “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi ARGTMŞ-nın üzvü seçilib.
Qeyd edək ki, Məclis Qurultaylar arası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 3 ayda 1 dəfədən az olmayaraq çağırılır.
İLHAMƏ