Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni qəbul edib.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açıb. Rəhbərlik etdiyi universitetdə Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor bu mərkəzin ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini vurğulayıb. Norveçlə ADU arasında olan əlaqələrdən danışan rektor Səməd Seyidov universitetdə fəaliyyət göstərən Skandinaviya mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və bu mərkəzin ikitərəfli əlaqələrin inkişafında rol oynadığını sözlərinə əlavə edib. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor, digər Avropa ölkələri ilə də əməkdaşlıqdan söz açıb.
Rektor tələbələrin norveç dilinə olan marağından danışıb və hər il bir qrup tələbənin Norveçin Oslo Universitetinə Yay məktəbinə göndərildiyini sözlərinə əlavə edib.
Səmimi qəbula görə təşəkkür edən Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendsen ADU və burada fəaliyyət göstərən Skandinaviya mərkəzi haqqında artıq məlumatının olduğunu qeyd edib. O, universitetdə norveç dilinin tədrisini yüksək qiymətləndirib. Səfir Bord İvar Svendsen ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə əminliyini ifadə edib. O, norveç dilini öyrənən tələbələrlə tanış olmaq və onlara mühazirə oxumaqdan şad olacağını sözlərinə əlavə edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra səfir Bord İvar Svendsen Skandinaviya mərkəzində olub və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.
Qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında 2007-ci ildən bu günədək layihə çərçivəsində ADU-nun ümumilikdə 105 nəfər tələbəsi və müəllimi sözügedən ali təhsil ocağında təhsil alıblar.
NİGAR