10 Yanvar 2023 14:51
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yanvarın ilk ongünlüyü ötən günlərlə müqayisədə soyuq keçir. Bakıda və bölgələrdə havanın temperaturu kəskin aşağı düşüb, qar yağır.

Hazırda ölkə boyu kəskin qrip infeksiyası yayılıb. Tibbi təsdiqini tapmasa da, çoxları düşünür ki, şaxtalı havanın xəstəliklərə faydası az deyil. Bir qismi də hesab edir ki, şaxtalı hava ölkədə virusun yayılmasını sürətləndirəcək. Onlar belə hava şəraitində evdə qalmağı ən yaxşı yol hesab edirlər.

Maraqlıdır, şaxtalı hava hansı xəstəliklər üçün faydalıdır?

Həkim-terapevt Rasif Bağırov Teleqraf.com-a bildirib ki, ölkə boyu yayılan qrip kütləvi hal alıb.

Onun sözlərinə görə, yayılan xəstəliyin bir qismi koronavirusun mutasiya olunmuş növüdür: “Xəstəliyin digər növünün adı açıqlanmasa da, onun çox da ağır olmayan adi qrip olduğu deyilir. Peyvənddən sonra ölkəmizdə koronavirusa yoluxma halları azaldı. Bir sıra məhdudiyyətlər aradan götürüldü, bizə elə gəldi ki, pandemiya başa çatıb. Amma əslində belə deyildi, proses davam edirdi. Sadəcə çox geniş yayılmadığı üçün insanlar rahat şəkildə gəzirdi. Amma biz tibb işçiləri olaraq bilirdik ki, ara-sıra yayılan bu virus getdikcə daha da artacaq.

Hazırda tədricən virus artmağa başlayıb. Artıq əhali arasında ciddi narahatlıq var, xəstəliyə əhəmiyyət verməyə başlayıblar.

El dili ilə desək, bu gün soyuqdəymə ilə həkimə müraciət edənlərin böyük əksəriyyətinin koronovirus testi müsbət çıxır. Xəstələrin bir qismində isə koronovirus qədər dəhşət saçmasa da, adi viruslar aşkarlanır. Bunlar yüngül viruslar hesab olunur. Yəni, xəstəliklərin hər iki variantları mövcuddur”.

Rasif Bağırov deyir ki, insan bədən temperaturunu lazımi səviyyədə qorumalıdır: “Əgər normadan artıq soyuqlama əlamətləri olmursa, təbii ki, bədənin ciddi problemləri də olmur. Elə ki insan bu şərtlərə normal riayət edə bilmir, bu zaman xəstəliklər tuta bilir.

Adətən qış ayında damarlarda daralma prosesi gedir. Bədənin səthi damarları daralır, daxili damarlarda isə genişlənmə olur. Bəzən daralmış həmin səthi damarlardan infeksiyanın keçməsi üçün münbit şərait yaranır. Bu zaman infeksion xəstəliklər bədəndə özünə yer tapa bilir.

Soyuq havanın mikrobları öldürməsi, yaxud da onların işini ləngitməsi ilə bağlı əsassız fikirlər də var. Amma -1 dərəcə temperaturda belə mikroblar ölmür. Soyuq temperaturda sadəcə mikrobun fəaliyyəti dayanır. Əlverişli şərait yaranan kimi, mikroblar fəaliyyət göstərməyə başlayır. Ona görə də soyuq havanın mikrobları öldürməsinə ümid etmək olmaz”.

Həkim tövsiyə edirik ki, immun sisteminin zəifləməməsi üçün qidalanmaya xüsusi diqqət yetirilməlidir: “İnsanlar normal qidalanmalı, normal iş rejimində olmalı və normal da istirahət etməlidir. Bədəni soyuğun həddən çox təsirindən qorumaq lazımdır. Ümumiyyətlə, insan özünü ifrat günəş şüasından da qorumalıdır. Yəni bədənə xaricdən təsir edə bilən bütün təbii amillərdən qorunmaqda fayda var”.


Müəllif: Yeganə Oqtayqızı