22 Yanvar 2023 09:05
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuxusuzluq probleminə qarşı insanlar bəzi intellektual və davranış dəyişiklikləri edərək faydalana bilərlər. İnsanlar arasında yuxusuzluq xüsusilə pandemiya dövründə çox artıb.

Teleqraf.com xəbər verir ki, aparılan elmi tədqiqatlar sağlam və yetərli yuxunun immun sistemi üçün son dərəcə əhəmiyyətli olduğunu ortaya çıxarıb.

Nevroloqlar bildirir ki, insanlarda artan stress və narahatlıq, yuxu probleminin müalicəsi üçün xəstəxanaya getmək istəməməsi, gündəlik fiziki fəaliyyətin azalması və təbii işığa daha az məruz qalma kimi amillər yuxusuzluqdan əziyyət çəkənlərin sayı 24 faiz artırıb.

Yatmağa çalışmayın

Yuxu ilə bağlı düşüncələri azaltmağa çalışın. Yatağınız sizə yuxusuzluğu deyil, yuxunu xatırlatmalıdır. Bu səbəbdən yuxunuz gəlməmiş yatağa girməyin, yata bilməyəndə 15-20 dəqiqə ərzində yataqdan qalxın otağı dəyişin və yenidən yuxunuz gələndə yatağınıza qayıdın. Lazım gələrsə, bunu bütün gecə təkrarlayın.

Yer dəyişdirərkən meditasiya, istirahət məşqləri, kitab oxumaq kimi üsulları sınamaq, sonra yenidən yuxunuz gələndə yatağa qayıtmaq lazımdır. Yuxunun nəfəs almaq, ac olmaq kimi təbii bir vəziyyət olduğunu, nəticədə yuxuya gedəcəyinizi qəbul etmək və hər kəsin yuxu vaxtının fərqli ola biləcəyini bilmək yuxu ilə bağlı narahatlığı azaltmağa bir başlanğıc ola bilər.

Telefonla yatağa getməyin

Xüsusən də sosial mediadan uzaq qala bilməyən bir çox insan yatağa mobil telefonla girər və başqalarının paylaşdığını izləyərək həm müsbət, həm də mənfi düşüncələrə qapılar, eləcə də ekran işığına məruz qalır. Ancaq yatdığınız zaman beyniniz başqa təcrübə və problemlərlə dolu olmamalıdır. Telefon və kompüterdə olduğu kimi televizora baxmaq və yataqda kitab oxumaq da yuxuya getməyə mənfi təsir edən amillərdəndir, ona görə də kitabınızı yatağınızda deyil, başqa yerdə oxuyun.

Hərəkətsiz qalmayın

Elmi tədqiqatlar müntəzəm idmanın yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyur. Odur ki, gün ərzində hərəkətsiz qalmayın, gəzin və idman edin. Sağlamlığa hər mənada fayda verən nizamlı gəzinti və idman emosional stressi də azaldır. Yuxu probleminə qarşı idman etmək üçün ideal vaxt günortadan sonra etməkdir. Yatmazdan əvvəl ağır məşq etmək ayıqlığı artırır.

Kofeindən uzaq durun

Kofein, spirt və nikotin yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Yadda saxlamaq lazımdır ki, kofein təkcə qəhvədə olmur. Yuxu problemi olanlar bu cür stimullardan uzaq durmalı, günorta çay və qəhvədən uzaq durmalıdırlar.

Mütləq eyni saatda yatıb durun

Yatma, oyanma vaxtlarını, hətta gündəlik yemək və məşq vaxtlarını nizama qoymaq bioloji saatımızın daha yaxşı işləməsinə kömək edir. Həftə sonları yatmaq və oyanmaq vaxtları eyni ardıcıllıqla olmalıdır. Həftənin yeddi günü eyni vaxtda yatmağa və oyanmağa diqqət edin.

Aç qarına və həddindən artıq yemək yeyib yatmayın

Yaxşı yuxu üçün ac yatmaq olmaz, yatmazdan əvvəl ağır yeməklərdən qaçınmaq lazımdır. Yeməkdən ən az 2-3 saat sonra yatmaq faydalıdır. Araşdırmalar süd məhsullarında olan L-Tiriptofanın yuxuya kömək edə biləcəyini göstərir.

Şirniyyata diqqət yetirin

Günortadan sonra qısa müddətli yuxu ümumi sağlamlıq üçün faydalı olsa da, yuxusuzluqdan əziyyət çəkən insanların gün ərzində yatdıqları müddət gecə yuxusuna mənfi təsir göstərir. Gün ərzində yuxuya ehtiyac hiss edirsinizsə, saat 14:00-dan əvvəl qısa müddətə yata bilərsiniz.

Yataq otağınızı nəzərdən keçirin

Yatdığınız yerin yatmazdan əvvəl sakit, sərin, qaranlıq və havalandırılmış olması keyfiyyətli bir yuxu üçün çox vacibdir. Bu qaydalara uyğun olaraq lazımi tənzimləmələr edin. Yaxşı yuxu üçün ideal otaq temperaturu 18-19 dərəcə olmalıdır.

Bu xəstəliklərin müalicəsini laqeyd yanaşmayın

Stress, narahatlıq və ətraf mühit faktorları ilə yanaşı nevroloji xəstəliklər, hipertoniya, reflü, revmatik xəstəliklər və fibromiyalji kimi bir çox xəstəlik yuxusuzluğu tətikləyə bildiyi üçün bu xəstəliklərdən xəbərdar olmaq və müalicəyə başlamaq lazımdır. Bundan əlavə, yuxuda apne (yuxuda tənəffüs pozğunluğu), xoruldama, yuxu zamanı ayaq hərəkətləri kimi yuxunun saxlanmasına təsir edə biləcək bir çox xəstəliklərin diaqnozu və müalicəsi üçün həkimə müraciət etmək lazımdır.


Müəllif: Yeganə Oqtayqızı