24 Dekabr 2014 10:14
3 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. 1961-ci il dekabrın 24-də Bakıda anadan olan İlham Əliyev 6 saylı orta məktəbdə təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirəndən sonra 1985-1990-cı illərdə bu İnstitutda müəllim kimi çalışıb. 1994-cü ildən 2003-cü ilədək Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olub, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

O, 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.

Dünya ölkələrinin başçıları Azərbaycan Prezidentinə ad günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri “Gündəlik Teleqraf” vasitəsilə ölkə rəhbərini təbrik ediblər.


“Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur”

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, son 11 ildə dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin rifahı yüksəlib: “Bu dəyişikliklər hər birimizin gözü önündə baş verib. Hazırda Azərbaycan vətəndaşları müasir həyat standartlarına uyğun yaşayırlar. Vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər. Bu, o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaradıb. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir”.

Ə.Əhmədovun fikrincə, insanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir: “Bakı gözlərimizin qarşısında dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, siyasi, humanitar forumların və yüksək səviyyəli tədbirlərin keçirildiyi bir məkan kimi qavranılır, getdikcə daha çox sayda beynəlxalq təşkilatlar öz tədbirlərini paytaxtımızda keçirmək qənaətinə gəlirlər. Bunların hamısı, eyni zamanda, Azərbaycana özünü dünyaya təqdim etmək, öz imici ilə tanınmaq fürsəti verir. Hesab edirəm ki, bu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin çox mühüm uğurlarından biri sayıla bilər. İndi dünya kiçik Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır və bu, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik hisslərini və duyğularını qabardır.

“İlham Əliyev 11 il ərzində ölkəmizin iqtisadiyyatını inkişaf etdirib”

“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 11 il ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək”.

“O, Heydər Əliyevin yolunu uğurla davam etdirir”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, ölkəmizdə gedən böyük və sürətli inkişaf, Azərbaycan xalqının maddi-mənəvi həyatındakı yüksəliş, Azərbaycanın dünya dövlətləri içərisində tanınması, öz yerini möhkəmlətməsi, beynəlxalq aləmdə Azərbaycanın qazandığı uğurların əksəriyyəti Azərbaycan Prezidentinin adı ilə bağlıdır: “Çox hörmətli Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, ailə səadəti, xoşbəxtlik və başçılıq etdiyi Azərbaycanımızın daha xoş günlərinin gələcəyi üçün fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycanın banisi, yaradıcısı olmaqla bərabər, onun gələcək inkişafı üçün özünün, demək olar ki, bütün həyatını həsr etdi. Öz dövründə Azərbaycanın xoşbəxt gələcəyi üçün hər nə vardısa həyata keçirdi və müəyyən etdiyi yolu - Heydər Əliyev yolunu bizim hörmətli Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. O yol Azərbaycan xalqının xoşbəxtlik, səadət, ölkəmizin inkişaf yoludur, dünya dövlətləri içərisində ölkəmizin tanınması, Azərbaycan insanının müasir zəmanəmizin ən qiymətli insanı olmasına aparan yoldur. O yol bu gün uğurla davam edir. Həm iqtisadi, həm siyasi böhranlar içərisində çarpışan dünyamızda hər tərəfdən idarəedicilərin, dövlət başçılarının, siyasətçilərin gözü Azərbaycana dikilir, bizim nümunəmizi götürürlər, bizdən öyrənmək istəyirlər. Bütün bunların hamısının səbəbkarı hörmətli Prezidentimiz İlham Əliyevdir. Bu mübarək gündə xalqımızın səadəti, ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin, milli varlığımızın daha yüksək sürətdə davam etməsi, iqtisadiyyatımızın yüksəlməsi, Azərbaycan insanının maddi rifah halının yaxşılaşması üçün çox keşməkeşli, əzablı, çətin yolda ona uğurlar olsun. Allah hörmətli Prezidentimizə can sağlığı versin! Uzun ömür, xoşbəxtlik arzulayıram”.


“İlham Əliyev hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib ki, Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir: “Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü siyasətin nəticələridir. Bunlar həm də Prezident İlham Əliyevin rəhbərliyi altında son 11 il ərzində Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir”.

M.Qurbanlı bildirib ki, Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası var: “Məhz bu konsepsiya əsasında bu gün Prezidentimiz İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağını təmin edir. Şübhəsiz ki, bu nailiyyətlərdən söhbət açarkən ilk növbədə, Ulu öndər Heydər Əliyevin fəaliyyətini və bu gün də özünü doğruldan, daim istinad edilən irsini qeyd etməliyik. Mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq möhtərəm Prezidentimiz İlham Əliyevin, həqiqətən də, görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur”.

Onun fikrincə, dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır: “Buna görə də tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də, öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir”- deyə, M.Qurbanlı qeyd edib.


“Azərbaycan xalqı İlham Əliyevə çox böyük dəstək verir”

Milli Məclisin vitse-spikeri, deputat Bahar Muradova vurğulayıb ki, ölkə başçısı Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş inkişaf xəttinə sadiqdir: “Bu xətti zamanın tələblərinə uyğunlaşdıraraq, dünya gedişində hazırkı beynəlxalq aləmdəki mövcud təhlükə və çağırışları nəzərə alaraq irəli aparır. Azərbaycan durmadan bütün istiqamətlərdə balanslı şəkildə inkişaf edir, dünyada mövqeyi möhkəmlənir və tanınan, sayılan, seçilən ölkələrdən birinə çevrilir. Bu, şəksiz, ölkə prezidentinin fədakar əməyinin nəticəsidir. Hesab edirəm ki, vaxtında Heydər Əliyevə dəstək verən Azərbaycan xalqı bu gün də bu siyasətin davamlı və uğurlu olması üçün İlham Əliyevə çox böyük dəstək verir”.

“Ölkə rəhbərinin reytinqi yüksələn xətlə inkişaf edir”

B.Muradovanın sözlərinə görə, 11 illik prezidentliyi dövründə İlham Əliyevin reytinqi yüksələn xətlə inkişaf edir: “Qarşıdakı illərdə də Azərbaycan vətəndaşları ona olan bu etimadı qoruyub saxlayacaq. O da Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliyi - Azərbaycanı inkişaf etdirmək, möhkəmlətmək, qüdrətli, çiçəklənən, rifah içərisində olan bir ölkəyə çevirmək vəzifələrini daha uğurla və qətiyyətlə həyata keçirəcək. Onu həm qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il, həm də doğum günü münasibətilə ürəkdən təbrik edirəm, ailəsinə, özünə can sağlığı, xoşbəxtlik diləyirəm. Azərbaycan dövlətinin möhkəmləndirilməsi, inkişafı uğrunda həyata keçirdiyi bütün fəaliyyətində nailiyyət arzulayıram”.


“Dövlət başçımızla Laçına qayıdacağıq”

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun sözlərinə görə, dünyada istər ABŞ kimi möhtəşəm dövlətdə, istərsə də başda Rusiya olmaqla keçmiş sovet blokunda olan dövlətlərdə, Avropada, Yaxın Şərqdə böyük təlatüm var: “Azərbaycan, bəlkə də, yeganə dövlətdir ki, böyük böhranlardan çox asan çıxır. Bizim camaat qiymət artımını, inflyasiyanı hiss eləmir. Bütün bunlar Prezidentimizin birbaşa fəaliyyətidir. Prezidentimizin varlığı, onun fəaliyyəti məcburi köçkünlərimizin vətənə qayıdış inamının üstünə bir də inam gətirir. Belə Prezidentlə dünya dağılsa da, yer göyə qovuşsa da, biz Laçına qayıdacağıq, itirilmiş torpaqlarımızı alacağıq. Ona görə də möhtəşəm ordu yaranır, cəmiyyətdə monolitlik var”.

“Ondan başqa Azərbaycana ləyaqətlə rəhbərlik edən ikinci şəxs tapılmaz”

A.Səlimov qeyd edib ki, cəmiyyətin elə tərəfləri var ki, bunu jurnalist bilmir, amma keçmiş polis işçisi kimi o, duya bilir: “Hətta özünü müxalif göstərmək istəyən müxalifət partiyalarının üzvlərinin böyük əksəriyyəti etiraf edirlər ki, bu gün cənab İlham Əliyevdən başqa Azərbaycana ləyaqətlə rəhbərlik edən ikinci şəxs tapılmaz. Azərbaycan bu gün fəxr etməlidir ki, xalq prezidentə, prezident də xalqımıza layiqdir. Bunu keçmiş döyüşçü kimi deyirəm. Torpaqlarımıza qayıtmaq yüz faizlikdir, aksiomadır. Cənab Prezidentə can sağlığı, möhkəm iradə, tutduğu yolda dönməzlik arzulayıram. Həyatda xalqımız və öz ailəsi üçün nə arzu edirsə, Allah onları reallaşdırsın”.


“Bu, bir şəxsin tərcümeyi-halının hadisəsi deyil”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun fikrincə, Prezidentin ad günü yalnız bir şəxsin tərcümeyi-halının hadisəsi deyil: “Həm də bütövlükdə Azərbaycan xalqının tarixi üçün hadisədir. Çünki İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır və xalqımızın son illərdə tərəqqisi üçün çox böyük işlər görüb, qəhrəmanlıqlar göstərib. Mən Azərbaycan Prezidentinin gördüyü çoxlu işləri sadalamaq istəmirəm. Ona görə ki, onu cəmiyyətimiz də bilir və eyni zamanda, onları sadalayıb qurtarmaq da, demək olar, mümkün deyil. Ancaq bir mühüm məsələni qeyd eləmək istəyirəm ki, İlham Əliyev Azərbaycan xalqının taleyində və Azərbaycançılıq düşüncəsinin inkişafında ayrıca bir dövrdür. Bu da ondan ibarətdir ki, onun gördüyü böyük işlər nəticəsində Azərbaycan xalqının bütün dünyada nüfuzu yüksəlir. Xalqımızın özünü dərkinin miqyası genişləndi. Bu gün heç bir azərbaycanlı özünü fransızdan, ingilisdən, almandan, ya rusdan aşağı hiss eləmir. Yəni, xalqın, millətin aşağılıq kompleksini aradan qaldırmaq hər liderə nəsib olan hadisə deyil. Düzdür, bu, ümummilli liderimiz Heydər Əliyevin böyük fəaliyyəti ilə başladı, amma faktiki olaraq İlham Əliyev dövründə həyata keçirildi. Xalqın qürurunu, dünya miqyasında özünü kifayət qədər yüksək hiss etməsini təmin etməyi hər dövlət başçısı bacarmaz. Bunu İlham Əliyev elədi. Biz hamımız ona minnətdarıq, ad gününü ürəkdən təbrik edirik”.


“Ona Ulu Öndərimizin siyasi övladı kimi yanaşıram”

Millət vəkili Zahid Oruc qeyd edib ki, ölkə başçısının doğum günü ilin son ayına düşdüyündən sanki insanlar ilk növbədə onu ölkə rəhbərinin həyata keçirdiyi siyasi işlərin kontekstində qiymətləndirir və öz ürək sözlərini söyləyirlər: “Bu ənənəyə sadiq qalaraq demək istərdim ki, cənab İlham Əliyevin ötən illər ərzində Azərbaycanın birinci şəxsi kimi gerçəkləşdirdiyi işlər milli maraqlarımıza uyğun oldu. Faktiki olaraq beynəlxalq münasibətlər sistemi daha da gərginləşib. Çoxları düşünürdü ki, SSRİ mövcud olduğu üçün ikiqütblü dünya sistemi dövründə beynəlxalq savaşlar daha çox olub. Halbuki hətta sovetlər birliyindən sonrakı dövrdə də mənafelər uğrunda savaş, bloklaşma və daha çox ölkələri öz təsir dairəsinə qatmaq yönündə mübarizələrin şiddəti artıb. Belə olan şəraitdə istənilən lider çox ağır siyasi döyüşlərə qatlaşmalı oldu, öz ölkəsinin mənafe yolunu müəyyələşdirməyə çalışdı. Tam əminliklə demək olar ki, Azərbaycan İlham Əliyevin liderliyi altında öz müstəqilliyini daha da möhkəmləndirmiş oldu. Açıq demək lazımdır ki, ölkəmiz regionda ən model mövqe sahibinə çevrildi. Hesab edirəm ki, İlham Əliyev türk dünyasında da, bütövlükdə region siyasətində də çox aparıcı mövqe sahibi olan şəxsiyyətlərdən biridir. Heydər Əliyevin irsini daşımaqla yanaşı, ona obrazlı şəkildə Ulu Öndərimizin siyasi övladı kimi yanaşıram. Etiraf etmək lazımdır ki, Ulu Öndərin şəxsiyyət miqyasının böyüklüyündən sonra istənilən şəxsin dövlət başçısı olması hansısa bir kölgədə qalma reallığında idi. Mənim aləmimdə İlham Əliyev, sadəcə, o irsi statik olaraq saxlamadı, onu irəli apardı, yeni dövrün çağırışlarına uyğun siyasətlə zənginləşdirdi. Bu mənada, onu XXI əsrin Heydər Əliyevi saymaq olar. Ölkəmizdə təhlükəsizlik şəraitinin hökm sürməsi Azərbaycanın birinci şəxsinin hesabınadır. Qoy Tanrı ona güc, imkanlar versin ki, Azərbaycanı ən arzu etdiyimiz ölkələr sırasına çıxarmaqda onun gücü, iradəsi böyük olsun!”


“Müxalifət partiyaları da İlham Əliyevi təbrik etməlidir”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, dövlət başçısını bütün müxalifət partiyaları təbrik etməlidir: “Çünki prezident dövlətin təmsilçisidir. Dünyada onun adından çıxış edən, onun hüquqlarını qoruyan, problemlərini qaldıran bir şəxsiyyətdir. Mən də cənab Prezidenti təbrik edirəm, uzun ömür, can sağlığı, ən əsası, ölkəyə xidmət sferasında əlindən gələni etməsini arzulayıram. Ümid edirəm ki, Azərbaycanın daha böyük uğurlara imza atmasında əsas rol oynayan şəxsiyyətlərdən biri kimi tarixə düşəcək”.

O qeyd edib ki, ölkə rəhbərinin Azərbaycanın sabit dövlət kimi qorunub saxlanmasında, beynəlxalq təhlükələrdən uzaq tutulmasında müstəsna rolu var: “Hazırlıq səviyyəsinə, dünyada özünü qəbuletdirmə, liderlik keyfiyyətinə görə yüksək imicə malikdir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində həm quruculuq işlərinə, həm də dövlətin, həm də Xocalı soyqırımının tanınması baxımından gördüyü işlərə görə xalq tərəfindən yüksək qiymətini alacaq”.

“Gündəlik Teleqraf” qəzetinin kollektivi də təbriklərə qoşulur, cənab İlham Əliyevi ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, Vətənimizin işıqlı gələcəyi, xalqımızın firavan həyatı, dövlətimizin sarsılmaz qüdrəti və beynəlxalq aləmdə nüfuzunun artması, torpaqlarımızın işğaldan azad edilməsi uğrundakı yorulmaz fəaliyyətində uğurlar arzulayır!


Müəllif:

Oxşar xəbərlər