19 Yanvar 2023 18:36
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 159 nömrəli məktəbdə Cavad İsmayılovun şəhid olmasının 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, məktəbin müəllim-şagird heyəti, Cavad İsmayılovun ailəsi, yaxınları iştirak edib.

Bacısı Reyhanə İsmayılzadə qardaşını yad edərək, onun mərdliyindən danışıb:

“Yanvarın 19-u gecə Cavad işlədiyi zavoddan evə qayıdanda tankların insanları əzdiyini görür. Qardaşım qaranlıq gecədə işıq saçırdı. O əzilən insanlara kömək etmək üçün tankın üzərinə yeriyib, onu güllələdilər. Xəstəxanaya çatdırmaq istəyəndə də problem çıxıb. Çünki bilirsiniz ki, o zaman həkimlər, təcili yardım maşınları da güllələnmişdi. Qardaşım bir gün yarım sağ qaldı. Sonra haqq dünyaya qovuşdu. Ailəcanlı, mərd oğul idi. Nəslinə uyğun bir oğul böyümüşdü. Deyirdi, 27 illik həyatımda belə zülm görməmişdik. Tanklar anaları, bacıları əzirdi. Buna dözə bilmədim, əli yalın tankın üzərinə yeridim. Qardaşım Müşfiq taleli oldu. Şeirlər yazırdı, həyatı kimi onlar da yarımçıq qaldı”.

Cavad İsmayılovun qızı Firəngiz İsmayılova Vətən uğrunda şəhid olan Azərbaycan oğullarının qəlbimizdə xüsusi yeri olduğunu vurğulayıb:

“Mən də Cavadın qızı, belə bir nəslin nümayəndəsi olduğuma görə fəxr edirəm”.

Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə bildirib ki, Cavad və onun kimi Azərbaycan oğulları hər zaman yaşayacaq.

Qeyd edilib ki, igid oğullarımız Azərbaycan dövlətinin suverenliyi, müstəqilliyi uğrunda canlarından keçiblər, şəhid olublar. Azərbaycan dövləti şəhid ailələrindən qayğısını əsirgəmir.

Tədbirdə Cavad İsmayılova həsr olunan “Dövrümüzün Müşfiqi” adlı qısa film nümayiş olunub, məktəblilərin ifasında şəhidin şeirləri səslənib.

Qeyd edək ki, Cavad İsmayılov 1962-ci ilin 9 may tarixində Bakı şəhərində anadan olub. Bakı şüşə zavodunda fəhlə işləyib.

Cavad İsmayılov Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin qohumudur. Cavad Qəmli təxəllüsü ilə şeirlər yazıb.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova