“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli Fərmanı imzalanıb.
Teleqraf.com-un məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev növbəti il üçün büdcəni şərh edərkən əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə etdiyini vurğulayıb.
DSMF sədri məlumat verib ki, Fondun 2015-ci il üçün büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 milyard 56 milyon 285 min manat səviyyəsində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.
Bildirilib ki, xərclərin qeyd edilən artımı əmək pensiyası üzrə 121,9 milyon manat, müavinətlər üzrə 5,5 milyon manat və digər xərclər üzrə isə 0,4 milyon manat təşkil edir. Fondun büdcəsinin gəlirlər hissəsindəki dəyişikliklər isə məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə 169,8 milyon manat artımdan və dövlət büdcəsinin transferti üzrə 42 milyon manat məbləğində azalmadan ibarətdir. E.Mehdiyev bu əsasda Fondun 2015-ci il üçün büdcəsində nəzərdə tutulan xərclər üzrə artımın və dövlət büdcəsi transferti üzrə azalmanın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını diqqətə çatdırıb.
Elman Mehdiyev vurğulayıb ki, Fondun növbəti il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcək.
DSMF sədri Fondun 2015-ci ildə qeyri-büdcə üzrə gəlirlərinin artımının xüsusilə hədəfə alındığını qeyd edərək, həmin sahədən daxilolmalar üzrə cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımın nəzərdə tutulduğunu bildirib. Bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacağı vurğulanıb.
DSMF-nin 2015-ci il üçün xərclərinin 97,8 faizi və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2 faizi və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcək. Əhaliyə ödənişlərin 97,4 faizini və ya 2 milyard 910,5 milyon manatını pensiya xərcləri, 2,6 faizni və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.
Fond sədrinin sözlərinə görə, 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat vəsait yönəldiləcək ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin ödənilməsi üçün nəzərdə tutulan məbləğ 1 milyard 374 milyon manat təşkil etməklə cari ilə nisbətən 8,2 faiz və ya 103,9 milyon manat artıqdır. Bu artım pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, habelə qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək.
Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 20,0 milyon manat təşkil etməklə cari ilin büdcəsinə nisbətən 0,7 milyon manat artıq nəzərdə tutulur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər isə 19,1 milyon manat təşkil edəcək. DSMF-nin aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 2015-ci il üçün 26,2 milyon manat təşkil edəcək.
2015-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 40 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üzrə tədbirlər planının icrası ilə bağlı 1,5 mln. manat məbləğində vəsait büdcədə nəzərdə tutulur.
Sonda Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcəsinin pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacağını vurğulayaraq qeyd edib ki, bu həmçinin növbəti mərhələdə, yəni 2020-ci ilə qədər olan dövrdə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası» na uyğun olaraq müəyyən edilmiş əsas prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq.
Naibə QURBANOVA