24 Yanvar 2023 11:33
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngin yaranması praktikası yoxdur. Bu məsələ gündəm deyil. Bir neçə il əvvəl bu fikir gündəmə gəlmişdi və öz açıqlamasını da tapdı. Bunun yanlış fikir olması ilə əlaqədar Azərbaycan Milli Onkologiya Mərkəzinin və Səhiyyə Nazirliyinin də müəyyən açıqlamaları olmuşdu. Hər kəsə də aydın oldu ki, bu əməliyyatın xərçəng yaratma ehtimalına aidiyyəti yoxdur”.

Bu fikirləri Teleqraf.com-a laparoskopik bariatrik-metabolik cərrah Taryel Ömərov bildirib.

Həkimin qənaətincə, müəyyən saytlar baxış sayını artırmaq üçün bu kimi yanlış məlumatlardan istifadə edib şou yaradırlar: “Yanlış informasiyalar insanlarda çaşqınlıq yaradır. Mədəkiçiltmə əməliyyatı xərçəng üçün risk faktoru hesab oluna bilməz. Əgər belə bir hal olsaydı, bu, dünya protokoluna çoxdan daxil olmuşdu”.

Taryel Ömərov deyir ki, mədəkiçiltmə əməliyyatı maddələr mübadiləsini düzəltməyə doğru atılan bir prosesdir: “Bu əməliyyatdan sonra adətən insanlar çox az qida qəbul edib tez doyurlar. Biz pasientlərə məsuliyyətli bir şəkildə izah edirik ki, siz sağlam qidalanma ilə məşğul olmalısınız. Yəni normal ət, tərəvəz qəbul edin ki, bədəndə hər hansı başqa proseslər baş verməsin. Əlbəttə, istənilən şəxs üç gün yemək yeməsə, immuniteti düşər. Əgər insan bir həftə, 10 gün protein, yəni tərkibində zülal ehtiva edən qidalar qəbul etməsə, istənilən proseslər baş verə bilər. Ümumiyyətlə, xəstə əməliyyatdan sonra qidalanmasına xüsusi diqqət etməlidir”.

“Bəzən həddindən artıq ağır çəkili insanın mədəsini kiçildən zaman onun qolları, ayaqları bədənə uyğun olmur. Adətən 170-180 kilolu pasientlər 80 kiloya düşəndən sonra onda dəri sallanmaları baş verə bilir. Bu dəri sallanmalarının korreksiyası üçün bir sıra cərrahi əməliyyatlara ehtiyac ola bilir”,- deyə cərrah qeyd edib.

Adətən xəstəxanalar bu əməliyyata müxtəlif qiymət qoyurlar. Taryel Ömərov qiymət fərqini həkimin professionallığı, peşəkarlığı və əməliyyat zamanı istifadə etdiyi tək istifadəli alətlərin marka və sayı ilə izah edib.


Müəllif: Yeganə Oqtayqızı