24 Yanvar 2023 19:47
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumundan sonra Varşavada yaşayan və aralarında Məhəmmədəmin Rəsulzadənin də olduğu səkkiz ictimai-siyasi xadimin necə xilas olması barədə xatirənin davamını təqdim edirik.

Əvvəli burada

Ayaz İshaqi

O qədər çox kağız yandırmışdıq ki, otaqdakı soba isindi. Yazılarımız, sənədlərimiz yanıb bitdikdən sonra cibimizdəki dəftərləri bir daha təftiş etdik. Dəftərdəki ünvanlara da baxdıq. Əcəli gözləyərcəsinə alman əsgərlərinin evimizi basmasını gözləməyə başladıq. Zaman keçdi, saat irəlilədi. Küçələrdə hərəkətlənmə sezilmədi. Ancaq ara-sıra gələn tüfəng səsləri və uzaqlardan yansıyan top atışları eşidilirdi. Xeyli səbirsizliklə gözlədik. Gələn olmayınca yataqlarımıza uzandıq. Uzun müddət yata bilməyib söhbət etsək də, nəhayət, hamımız bir-bir yuxuya getdik. Səhər açılan kimi mən yatağımdan qalxdım, balkona çıxdım. Bizim məktəbin yerləşdiyi dar küçədə heç bir hərəkət yox idi. Qonşuluqdakı evlərin qapılarının önündə bir neçə qadın bir-biri ilə danışırdılar. Başımı uzadıb böyük prospekti seyr etdim. Alman əsgərləri görünmürdü. Həyat normal axarında imiş kimi hiss edilirdi. Çöl qapıdan çıxdım. Heç bir şey yox idi. Böyük prospektin köşəsinə getdim. Qeyri-təbii bir şey yoxdu. Müxtəlif yerlərdə polyak əsgərləri dolaşırdılar. Qarşı tərəfdə bir baqqal dükanının qapısını açdı. Alış-verişə hazırlanırdı. Uzaqdan top səsləri eşidilirdi. Məktəbə qayıtdım, müdirlərdən biri ilə rastlaşdım. “Alman əsgərləri haradadır?” deyə soruşdum. “Yoxdurlar, savaş şəhərdən 50-60 km uzaqdadır. Gecə bir-iki tank gəlsə də, bizimkilər onları məhv etmişlər. Bu da şəhərdə panika yaratmış. Bələdiyyə rəisinin “şəhəri verməyəcəyik, qoruyacağıq” şəklində bəyannaməsi var” dedi. Bunu eşidincə mən də qaçaraq otağımıza girdim. Almanların gəlmədiyini, şəhərin polyakların əlində olduğunu söylədim. Otaqdakı yoldaşların hamısı birdən qalxdılar və sobaya baxdılar. Hər kəs “yazıqlar olsun, nə çox lazımlı sənədi yandırdım” dedi. Bizi qorxudan minbaşının arxasından söydük. Hamımız bu məsələyə çox təəssüfləndik. Üzgün şəkildə xəyala dalaraq çaylarımızı içdik, nə edəcəyimiz barədə müzakirə apardıq. İlk olaraq Polşa hökumətinin bizi müsafir adı ilə yerləşdirdiyi məktəb pansiyonatından çıxaraq xüsusi bir hotelə yerləşməyin vacib olduğuna qərar verdik. Bununla da məmləkətinə qayıtmaqda olan əcnəbi vəziyyətində olacaqdıq. Məktəb müdiri də bunu münasib gördü. Yoldaşlar məktəbdən uzaq olmayan bir hoteldə (Bristol İmperial) xeyli boş yer tapdılar. Oraya köçdük. Məktəb müdiri tələbələrinə əşyalarımızı hotelə qədər aparmalarını söylədi. Yemək-içməyimiz üçün bir şey tələb etmədi. “Zatən almanlar gələrsə, məktəbin anbarlarını boşaldacaqları qətidir, nuş olsun” dedi. Böyük bir hoteldi, alt qismində bar olmuş böyük salonları vardı. İndi ora sığınacaq və yeməkxana olmuşdu. Müsafirlər qaçmışlar, təkcə barda çalışan qızlar qalmışdılar. Onlar da ortalıqda dolaşırdılar. Yemək-içməkləri hələ ki tükənməmişdi, bu məsələdə zəhmət çəkməyəcəkdik. İndiyə qədər bizi ora-bura aparan, yolçu edən Polşa hökumətinin bir məmuru başımızda idi. İndi isə öz ixtiyarımızda qalmışdıq. Ona görə də bundan sonra nə edəcəyimizi müzakirə etdik. Nə cür olur-olsun mümkün qədər tez Rumıniyaya doğru hərəkətə qərar verdik. Bu işdə bizə yardım etməsi üçün bizimlə bərabər Varşavadan çıxmış ukraynalı Prometey rəisi professor Smal Stotskini yanımıza istişarəyə çağırdıq. O, əqrəbalarını tapmış, onların evinə yerləşmişdi. O, bizim getməyimizi münasib hesab etmədi. “Necə olsa, bir neçə gün içərisində almanlar Lvovu ələ keçirəcəklər, onlarla danışar, anlaşarıq. Əvvəlki kimi işimizə davam edərik” dedi. Bizim yoldaşlar (Türk qrupu) bunu qəbul etmədilər. Polyaklardan bu qədər hörmət və yardım görən bizlərə onların düşmənləri ilə dərhal əməkdaşlığa keçmək yaraşmazdı. “Buna vicdanımız yol verməz” dedik. “Mümkün olarsa, gedəcəyik” dedik. Bu xüsusda şəhərin idarəçilərindən kömək istəməyə qərar verdik. Səid Şamil ilə mən dünən görüşdüyümüz əsgəri dairənin olduğu vilayətə getdik. Hələ dünən arı yuvası kimi qaynayan qocaman bələdiyyə binası bomboşdu. Nə qapıçısı, nə də başqası vardı. Birinci mərtəbəyə çıxdıq, kimsə görünmürdü. Təsbeh kimi yan-yana düzülmüş otaqları bir-bir açdıq, baxdıq, heç kim yoxdu. Səsləndik, kimsə çıxmadı. Dünən olduğumuz otağın qapısını açıb baxdıq, yenə səsləndik, cavab gəlmədi. Qocaman bələdiyyə binası sanki bir çöl qədər səssizdi. İkinci mərtəbəyə çıxdıq, yenə qapıları açıb adam axtardıq. Uzun dəhlizin o biri başında bir yaşlı xadimə göründü. Onu gözləməyə başladıq. Bir ayağını sürüyərək yeriyən yaşlı xadimənin gəlməsi xeyli çəkdi. “Nə istəyirsiniz?” dedi. Məramımızı izah etdik. “Bələdiyyə rəisi, vali – şəhərin məsul məmurlarından kimsə qalmadı, hamısı dünən getdilər. Məndən başqa kimsə yoxdur” dedi. Yaşlı polyakın qırışıq üzündən iki damla gözyaşı aşağıya doğru yuvarlandı. “Şəhərin idarəçiliyi kimin əlindədir?” deyə soruşduq. “Qarnizon komandanında” dedi. “O haradadır? Biz türkük, şəhəri tanımırıq, necə gedək?” dedim. “Dayanın” dedi və səsləndi. Haradansa bələdiyyənin sənəd verən bir məmuru gəldi. Ona bizi qarnizonun rəhbərinin yanına aparmağını söylədi. Çıxarkən bələdiyyənin içərisinə nəzər yetirdim. İyirmi bir il öncə ilk sahibləri olan avstriyalılardan alınmış, Polşa mədəniyyətinə və polyak idarəçiliyinə xidmət etmiş bu qocaman bina yenə kədərlə yeni sahiblərini gözləyirdi...

Küçəyə çıxdıq, ətrafda kazarmalar vardı. Alman təyyarələri səmada uçur, polyak topları isə ona güllə atırdılar. Kazarmanın ətrafına toplanmış polyak əsgərləri xariqüladə bir şey yoxmuş kimi gülüşür, bu təyyarələrin neçə yüz metr uzaqlıqda olduqları haqqında mübahisə edirdilər. Başımıza nə zaman bomba, güllə yağacaq deyə iman gətirərək qarnizonun olduğu müəssisəyə gəldik. Qapıdakı növbətçi “nə istəyirsiniz?” dedi. “Qarnizon rəhbərini” söylədik. “Siz kimsiniz” sualına “Türk jurnalistlər” deyə cavab verdik, özümüzü tanıtdıq. Dərhal yol verdilər. Bir zabit bir çavuşa “minbaşı filankəsin yanına apar, tapa bilməzlər” dedi. O da bizi uzun dəhlizdən keçirib geniş bir otağa apardı. İki tərəfində iki telefon olan və kimsəylə danışan 40 yaşlarındakı minbaşıya salam verib, bizim haqqımızda nəsə söylədi. Minbaşı telefon arxasından bizə “buyurun” dedi. Özü telefona qulaq asmağa davam edərək bizə iki stul uzatdı, əyləşdik. Telefon danışığı bitməmişdi ki, o birindən zəng gəldi. Minbaşı üzr istəyərək dəstəyi götürdü. Üzündən yorğunluq yağırdı, gözlərindən gecə yatmadığı bəlli idi. Fəqət bütün hərəkətlərindən qüvvətli bir iradə yayılırdı. İndi də əsgərlərə əmr verirdi. Danışığı uzun çəkdi. Telefon danışığı bitən kimi o birisi zəng çalsa da, minbaşı ayağa qalxdı, bizə əlini uzatdı: “Əfv edin, əmriniz nədir?” dedi. Mən məsələni qısaca izah etdim. “Getməyimizə köməklik göstərməyinizi rica edirik” dedim. “Təəssüf ki, əlimizdə heç bir vasitə yoxdur, öz vasitənizlə getməyə cəhd edin, şəhəri qoruyacağıq, çox sərt savaşlar olacaq” dedi. “Bizim şəhərdən çıxmağımıza mane olmazlar?” deyə soruşdum. “Buna görə sizə kağız verərəm” dedi, ardınca kimliklərimizi soruşdu. Mən pasportumu uzatdım, ad-soyadımı göstərdim. “Biz türk jurnalistlərik, 7 yoldaşımız var” dedim, adlarını sadaladım. Əsgəri telefon zəng çaldı. Yenə dərhal dəstəyi qaldırdı. Qısa-qısa cavab verməyə başladı. Qələmini götürdü, “türk mühərriri Ayaz İshaqi və 7 həmkarının Lvov şəhərindən ayrılmasına heç bir müxalifət edilməsin” yazdı, imza atdı, möhürlədi. Bizə də “üzr istəyirəm, bundan artığını edə bilmərəm” dedi. Ayağa qalxdı, əlini uzatdı, bizi qapıya qədər yolçu etdi. Biz bu zabitin belə çətin vəziyyətdə özünü bu qədər yaxşı idarə edə bilməsinə, nəzakətini itirməməsinə heyran olduq. Kağızımızı alıb hotelə qayıtdıq. Bizi təlaşla gözləyən yoldaşlarımız “nə oldu, nə oldu? Şəhərdən çıxacaq yol tapıldımı?” kimi sual atəşinə tutdular. Biz də məsələni olduğu kimi anlatdıq. Yoldaşlar da getməyin yolunu axtarmaq gərək fikrində isələr də, normal yoldan getmək imkanı yoxdu. Şəhərin stansiyası bombardman nəticəsində dağılmış, qatar işləmirdi. 150-180 km-lik Rumıniya hüduduna getməyə avtomobil, at yox idi. Piyada necə gedəcəkdik? “Biz sərhədə çatanadək almanlar sərhədi tutmayacaqdılarmı?” sualı da qarşımızda idi. Ancaq dəmiryolu ilə bu çətinlikdən qurtulmaq mümkündü. O da indi zabitlərin əlindədir... Bizə bu qədər qonaqpərvərlik göstərmiş nəzakətli polyak zabitləri bizim bu ricamızı rədd etməzdilər, amma qatarların haradan getdiyini də bilmirdik. Bunun dalınca da usanmadan, yılmadan yürüyən kimsəmiz yoxdu. Mənim çibanlarım uzun yürüyüşə imkan vermirdi. Gənclərdə isə yoldaşlıq hissimi az, tənbəllikmi çox idi bilmirəm, hazır gözləyirdilər, yeni bir addım atmırdılar. Beləcə günü keçirdik. Axşamüstü ukraynalı professor Smal Stotiski bir daha gəldi, burada qalmağımızın uyğun olacağını təkrarladı. Ertəsi gün bizim hoteldə yemək dayandırıldı. Səhər qəlyənaltısı verdilər və daha yemək olmayacaq dedilər. Biz şəhərin müxtəlif qəhvəxanalarında nə tapsaq, onu yeyərək, əsasən südlü qəhvə ilə günümüzü keçirdik. Səid bəylə getmək üçün müxtəlif səyahət bürolarını axtardıq. Hamısı qapalı idi. Ürəyimizə yatan bir xəbər əldə edə bilmədik. Bir kimsədən şəhərin kənarında, uzaqlarda arabir bir qatarın işlədiyini eşitdik. Yerini öyrənə bilmədik. Ertəsi gün hoteldəki müsafirlərdən biri bizə yaxın bir yerdə yemək verildiyini söylədi. Yoldaşlardan birini göndərib bizim üçün yemək hazırlamalarını rica etdik. Analı qızlı bir ailə çox gözəl yemək verdilər. Yemək bitdikdən, şirniyyatları da yedikdən sonra çay da hazırladılar. Çayın dəmlənməsini gözlədik. Pəncərələr küçəyə baxırdı. Küçənin qarşı tərəfində böyük bir kazarma vardı, orada da çoxlu yük maşını toplanmışdı. Əsgərlər Brest-Litovskidə gördüyümüz kimi təlaşla əl bombası doldurulmuş sandıqları, başqa bir yük maşınından da qalay dolusu benzinləri daşıyırdılar. Küçə dar idi. Bomba düşüb bu benzinlər alovlanarsa, haradan çıxarıq deyə düşündüm. Yerimdən qalxdım, içəridəki yemək yediyimiz otağa çıxdım. Pəncərədən həyətə nəzər yetirdim. Həyət genişdi. Arxadan küçəyə çıxmaq olardı. Bitişik həyətin də bağçası vardı, divar aşılmayacaq qədər hündür deyildi. Təhlükə anında oraya doğru qaçarıq deyə düşündüm. Elə bu əsnada uzun bir siqnal işarəti verildi. Bu siqnallara alışıq olduğumuz üçün əhəmiyyət vermədik. Ancaq küçədəki əsgər “təyyarə bu tərəfə gəlir, zirzəmiyə, sığınacağa” deyə səslənincə üst mərtəbədəki insanlar qaça-qaça düşməyə başladılar. Ev sahibi də sığınacağa, zirzəmiyə deyə işarə elədi. Küçədə gəzənlər, qələbəlik insan kütləsi də olduğumuz evin zirzəmisinə axın etdilər. Biz də endik. Qulağımıza vızıldayan bir şeyin yaxınlaşdığını eşitdik. Hər kəs “bu, bizim başımıza düşəcək, yoxsa qonşuyamı” düşünərək qorxu və ümidsizlik arasında qaldı. Bir neçə qadın bayıldı. Bir neçə saniyə davam edən vızıldama bizə sanki aylardır kimi gəldi. Şübhəsiz ki, çox kimsənin saçının bir hissəsi ağardı. Nəhayət, böyük bir şey düşdü, qulaq pərdəmizi yırtacaq qədər bir gurultu ilə də partladı. Olduğumuz ev silkələndi. Üstümüzə çoxlu toz-torpaq yağdı. Zirzəminin damındakı elektrik lampası sallandı. Sanki sönəcəkdi, sönmədi. Yenə böyük bir gurultu ilə bir şey aşdı. Bizim lampanın sönməməsi bu evin yıxılmadığını göstərirdi. Yenə bomba partlamasını gözlədik. Yenə bir şey partladı, nələrsə yıxıldı, fəqət bu səfər bir az uzaq məsafədə olduğu hiss edildi. Zirzəminin havası çox pozulmuşdu. Biz yavaşca çıxdıq. Olduğumuz evin pəncərələri qırılmış, küçədəki yük maşınlarının biri parça-parça olub tökülmüşdü. Kazarmaya heç nə olmamışdı. Bizim yemək yediyimiz evə bitişik 5 mərtəbəli bina tamamən yıxılmış, dağıntılar küçəni doldurmuş, yolu qapatmışdı. Bu yıxılmış evin zirzəmisində o evin sakinləri qapalı qalmışdılar. Onları ancaq 38 saat sonra dağıntıları toplayaraq çıxara bilmişdilər. Fövqəladə bir təsadüf olaraq heç birinə bir şey olmamış, burunları da qanamamışdı. Biz tərs tərəflərə gedib uzun yoldan hotelimizə getməyə çalışsaq da, yenə təyyarələr gəldi, yenə yol üstündəki təsadüfi evlərin zirzəmilərinə sığındıq. Bir neçə dəfə sığınacaq dəyişdirdik, bir neçə saatdan sonra hotelimizə qayıda bildik. Bizim hoteldən çox uzaqda olmayan bir kilsənin yarısını bomba uçurmuşdu. Qarşı tərəfdəki beşmərtəbəli evin də yarısını bıçaqla kəsilmiş kimi yıxmış, ancaq bir mərtəbəsindəki bir otağın yarısı, divardakı aynası və dolabı ilə sağlam qalmışdı. Bu bombardmanlar bizim yoldaşları xeyli qorxutdu, yenə sürətli getməyə qərar verdik...


Müəllif: Dilqəm Əhməd