İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunun Qıraqlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Teleqraf.com-un məlumatına görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Təkliflərə 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması, çorək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması, fermer mağazalarının yaradılması, intensiv bağçılıq təsərrüfatlarının yaradılması daxildir.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Naibə QURBANOVA