Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı işlər yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını təsdiqləyib.
Qeyd edək ki, Konsepsiyanın hazırlanması prosesində geniş ictimaiyyətdən, xüsusilə beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərdən xeyli sayda dəyərli təkliflər daxil olub.
Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər keçirilib, müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflər daxil olub, bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib sonra isə sənədin layihəsi hazırlanmışdı.
Konsepsiya repatriasiya sahəsində beynəlxalq aləmdə qəbul olunan mütərəqqi yanaşma və prinsiplərə əsaslanır və qayıdış prosesinin hüquqi, praktiki, təhlükəsizlik, sosial-iqtisadi və digər aspektlərinə dair İcmanın konseptual mövqeyini əks etdirir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanmaqla, ədalətin və sülhün bərqərar olunmasına xidmət edəcək.