26 Yanvar 15:54
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını təsdiqlədi. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Bu sənədin qəbul edilməsi tarixi torpaqlarımıza qayıtmaq uğrunda mübarizəmizin mühüm mərhələsidir. Bununla da son 200 ildə doğma torpaqlarından qovulan soydaşlarımızın dədə-baba yurdlarına qayıtmaq yolunda ilk addımlardam birini atmış olduq".

Teleqraf.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli mətbuat konfransında bildirib.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası həm beynəlxalq hüquqa söykənir, tarixi ədalətə əsaslanır və yaxın vaxtlarda Qayıdış Konsepsiya ictimaiyyətə açıqlanacaq

Onun sözlərinə görə, son 200 ildə azərbaycanlılar Ermənistan tərəfindən deportasiyalara, soyqırımlarına məruz qalıb: "Soydlaşlarımızın Qərbi Azərbaycandan son deportasiya zamanı 300-ə yaxın məscid, 500-ə yaxın qəbiristanlıq ermənilər tərəfindən darmadağın edilib".

Əziz Ələkbərli onu da vurğulayıb ki, Qərbi Azərbaycan tarixinin və toponimlərinin dünyaya tanıdılması istiqamətində işlər aparılır.

O qeyd edib ki, çar Rusiyası tərəfindən Cənubi Qafqazın işğalı nəticəsində bu ərazilərə ermənilər köçürüldükdən dərhal sonra Azərbaycan izlərini silmək üçün Azərbaycan toponimləri kütləvi şəkildə dəyişdirilib:

"Alimlərimiz, mütəxəssislərimiz bu istiqamətdə müəyyən işlər görüblər, bir sıra kitablar nəşr olunub. Lakin bu adların dəyişdirilməsi prosesi bu gün də davam edir. Ermənilər bəzən bizim bir yaşayış məntəqəsinin adını bir neçə dəfə dəyişirlər. Bununla da ilkin tarixi adları yaddaşlardan silməyə çalışırlar. Amma tarixi saxtalaşdırmaq heç də hər zaman mümkün deyil. Kifayət qədər tarixi mənbələr, sənədlər, sübutlar var. Sovet dönəmində, 1935-ci il yanvarın 3-dən etibarən isə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan toponimləri ermənilər tərəfindən rəsmi şəkildə dəyişdirilməyə başlanıb. Ermənistan SSRİ ali sovetinin rəyasət heyətinin bütün fərmanları əlimizdədir".

Ə.Ələkbərli vurğulayıb ki, toponimlərin dəyişdirilməsi prosesi Qərbi Azərbaycan İcması tərəfindən növbəti dəfə sistemləşdirilib və aydınlaşdırılıb:

"Söhbət təkcə bizim yaşayış məntəqələrindən getmir. Oradakı hidronimlər - çay, göl və su hövzələri adları, eyni zamanda dağ, dərə adları da dəyişdirilib. Həmçinin Ermənistanın dövləti tərəfindən tarixi abidələrimizin adlarının erməniləşdirilməsi siyasəti də yeridilib. Bütün bunlar hamısı elmi şəkildə öyrənilib masa üzərinə qoyularaq və beynəlxalq ictimaiyyətə çatdırılacaq".


Müəllif: Teleqraf.com