Hüseyn Bağırov: “Təbiətlə təmasda olmaq əvəzsiz hissdir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zığ-Heydər Əliyev Beynəlxalq hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirib.
Ağac əkilməsi və salınan yaşıllıqlara qulluq göstərilməsi məqsədilə təşkil edilən aksiyada nazirlik əməkdaşları ilə birgə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin ümumilikdə 1000-dən çox nümayəndəsi iştirak edib.
İməcilikdə Zığ-Heydər Əliyev Beynəlxalq Hava limanı magistral avtomobil yolunun 30 hektar ərazisində yeni ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib. Ağac əkmə aksiyasında Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da iştirak edib.
Nazirin sözlərinə görə, hər il dekabrın 24-də belə bir kampaniya keçirilir: “Artıq 5 ildir jurnalistlər, QHT əməkdaşları burada ağac əkir, növbəti il əkdikləri ağaclara baş çəkirlər. İlbəil əkilən ağaclar bu sahəni meşəliyə çevirib, havanı, mühiti dəyişib. Son üç-dörd ildə bu proses daha da intensivləşib. Damcılı suvarma sistemi ağacların insanlardan asılılığını aradan qaldırıb. Ağaclara qulluq edilməsi üçün müasir üsullar tətbiq edilir.
Bu vaxta qədər 4 min hektardan çox səhralaşmış, torpağı münbit olmayan sahədə yaşıllıqlar salınıb. Bu da ölkə ərazisinin təxminın 0.1 faizi deməkdir.
Meşə fondundakı torpaqlarla birlikdə bu, böyük rəqəmdir. Cənub və qərb bölgələrinə gedərkən yol kənarında əkilən ağaclar bu əməyimizin nəticəsidir. Bu tədbirlər ölkə prezidentinin yaşıllaşdırmaya, ekologiyaya olan xüsusi diqqətinə cavabdır. Bu, həm də ölkənin yaşıllaşdırılması bayramıdır. Ağac əkmək, təbiətlə təmasda olmaq əvəzsiz hissdir”.
Səkkiz ildir 2 saylı Yaşıllaşdırma İdarəsində çalışan Adilə Məmmədova öz işinə məhəbbətlə yanaşdığını deyir: “Ağaclara qulluğu çox sevirəm. 8 ildir hər gün səhər saat 9-dan axşam 6-ya kimi burada işləyirəm. Hamı bilir ki, ağaclar qulluq tələb edir. Onlara öz övladın kimi baxmalısan”.
Şahbaz Ağayev isə deyir ki, meyvə ağacları yaxşı qulluq görsə, yüksək məhsul verər: “Biz burada əsasən zeytun ağacları əkirik. Ölkənin bir çox yerlərində olduğu kimi burda da ağacları damcılı sistemlə suvarırıq. Bitkinin suvarma sistemi yaxşı olsa, tez boy atar və bol məhsul verər”.
2 saylı Yaşıllaşdırma İdarəsinin baş mütəxəssisi Ayaz Babakişiyevin sözlərinə görə, ağac əkməkdə məqsəd havanın çirklənməsinin qarşısını almaqdır: “İdarənin məqsədi əsasən yaşıllıqların salınması, ağacların böyüdülməsi, əkin məhsullarının yetişdirilməsidir. Bu il ərzində ərazidə 70 mindən çox ağac əkilib. Ümumiyyətlə, 8 min 803 ağaca xidmət işləri görülür.
“Yaşıllıqların artırılması investisiyası” layihəsinə əsasən, növbəti illərdə yaşıllıq sahələri daha da genişləndiriləcək. Ağaclara qulluq edir, kol-kosdan təmizləyir, vaxtında suyunu veririk. Əlimizdən gələni edirik ki, Bakı yaşıllığa bürünsün”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə ekoloji tarazlığın qorunmasına göstərilən xüsusi diqqəti nəticəsində yeni yaşıllıqların salınması istiqamətində ciddi irəliləyişə nail olunub. Ölkə başçısının tapşırığına əsasən, son bir neçə ildə magistral avtomobil yollarının kənarlarında, Bakı və Bakı ətrafına aid ərazilərdə, o cümlədən iməcliyin keçirildiyi Zığ-Heydər Əliyev Beynəlxalq Hava limanı magistral avtomobil yolunun kənarında minlərlə ağac əkilib.
Əkinlərin müasir metodlarla becərilməsi, damcılı suvarılma ilə təchiz edilməsi və daim onlara aqrotexniki qulluq göstrərilməsi nəticəsində 80-90 faiz bitki örtüyünün alınmasına nail olunub.
İlhamə Əbülfət
Foto: İsmi Şahzadə