27 Yanvar 2023 20:39
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumundan sonra Varşavada yaşayan və aralarında Məhəmmədəmin Rəsulzadənin də olduğu səkkiz ictimai-siyasi xadimin necə xilas olması barədə xatirənin davamını təqdim edirik.

Əvvəli burada

Dəmiryolu axtarmaq üçün bir-iki yoldaşı göndərmək istəsək də, Səid Şamildən başqa gedən olmadı. O da bizə verilmiş kağızı alıb yol axtarmağa başladı. Qatarın hərəkət edəcəyi müvəqqəti stansiyanı tapmalı idik. Səidi gözləyərkən hoteldəki qapıçının yanına bir dəmiryolu məmuru gəldi. O, bizə göndərilmiş rəhmət fəriştəsi kimi göründü. “Hara gedirsən, haradan gəlirsən, qatar varmı?” deyə soruşduq. “Var, amma normal deyil, Rumıniya sərhəd stansiyasına gedirik. Hərbi qatarlardır...”.

“Haradan qalxır?”.

“Meşənin içindən bu gün saat 10 radələrində bir qatar yola düşəcək, mən də gedəcəyəm”.

“Bizi də apararsanmı?”.

“Apararam...”.

“Biz dərhal sənə pul verərik” deyərək böyük vədlər söylədik. “Mən indi evimə gedirəm, orada 1-2 saat qalacağam. Bunları qoyacağam, yuyunacağam”.

Əlində yumurta, çörək kimi qidaların olduğu dolu səbət vardı. “Təkrar buraya gələcəyəm, gələ bilməsəm, zəng edərəm, siz gündüz yola çıxarsınız, gecələr əsgərlər görünməzlər” dedi.

Bu əsnada Səid Şamil yorğun-arğın gəldi. Onun öyrəndiyi xəbərlər də bu qəbildən idi. Əşyalarımızı topladıq, yola düşməyə hazırlaşdıq. Mən də çibanlarımı təmizləyib bağladım. Məktəbdəki tələbələr yükümüzü daşıyası oldular. Onlardan mümkün olduğu qədər xeyli gənci götürdük ki, yorulduqları zaman növbələşərək əşyalarımızı daşıya bilsinlər. Ancaq gözlədiyimiz dəmiryolu məmuru gəlmək bilmirdi. Axşam düşdü, biz gərginləşdik, əsəbləşdik. Yoldaşlar xəbər gəlmədən qalxıb getməyə razı olmadılar. Nəhayət, qaranlıq düşdü, fövqəladə vəziyyət rejimi vaxtı çatdı. Hotelçilər gedə bilməzsiniz kimi sözlərlə mane olmaq istəsələr də, getmək qərarımızdan vaz keçmədik. Bu an gözlədiyimiz zəng gəldi. Biz də yola hazırlaşdıq. Bir gürcü ilə şimali qafqazlı türk vətəndaşlığı və vəsiqələri olmadıqları üçün israrlarımıza baxmayaraq bizimlə gəlməyə razı olmadılar, orada qaldılar. Küçələrin bir çox yerlərində tanklara mane olmaq məqsədi ilə kanallar qazılmış, barrikadalar qurulmuşdu. Qapqaranlıqda yola düşdük. Danışmadan, bir-birimizi tutaraq gedirdik. Şəhərin kənarına doğru təhkimat çoxaldı. Hamısı da müəyyən hərbi bölüklərin idi. Bir çox yerlərdə təkcə pulemyotlar, mitralyozlar deyil, toplar da yerləşdirilmişdi. Yola düşüncə bir-birimizə təsbeh kimi bağlanmışdıq. Bir-birimizi itirməmək üçün arabir danışmaq məcburiyyətində idik. Bu əsnada Mirzəbala “Mən kanala düşdüm, Allah-Allah, ayağım, məni çıxarın” deyə bağırdı. Onu güc-bəla ilə çıxardıq. O, axsamağa başladı, bir-birimizə yenə bağlandıq. Fəqət mənim çibanlarım çox narahat etdiyi üçün geridə qalırdım. Birdən bir səs – polyak dilində - “dayanın, siz kimsiniz?” deyərək hərbi əmr verdi. Bizim qafilənin başı dayandı. İcazə kağızı məndə olduğu üçün “Ayaz bəy, Ayaz bəy” deyərək məni çağırdılar. Polyak əsgərləri bir çənbərə alıb ətrafımızı sarmışdılar. Bizimkilər polyaklara nəsə izah etməyə çalışırdılar. Polyak zabit isə “qatar yoxdur, yol yoxdur, keçə bilməzsiniz, gəldiyiniz yerə qayıdın” deyə israr edirdi. Mən kağızı çıxartdım, polyak zabit eyni şeyi təkrarladı. Biz yoldan dönməməyə qərarlı olduğumuzu izah edib davam etmək istədiyimizi söylədik. Yenə bir zabit gəldi. Digəri amirlərindən idi, yüksək rütbəsi var idi, deyəsən. Ona da bizim getmək istədiyimizi anlatdılar. Kağızımıza baxdı, “yol yoxdur, bundan sonra yenə barrikada var, getdikcə müharibə səfinə girəcəksiniz, atəşə doğru gedirsiniz, məsuliyyət qəbul edə bilmərəm” dedi. Biz yenə “öz məsuliyyətimizlə yola çıxdıq, sizə qarşı heç bir şikayətimiz olmayacaq, müsaidə edin” deyə israr etdik. “Yaxşı, gedin, fəqət istədiyiniz yerə çata bilməyəcəksiniz” dedi. Barrikadadan keçməyə icazə verdilər. Öndəki zabit parolla bir söz dedi, deyəsən, icazə parolu idi. Bizim önümüzdən-arxamızdan, sağımızdan-solumuzdan toplardan atəşə davam edildi. Alman toplarının güllələri də ətrafımızda ora-bura düşüb partlayır, evlərin divarlarını qoparıb yıxırdı. Güllə top ağzından çıxdığında birdən şimşək çaxarcasına hər yeri aydınladırdı. Biz də bir dəfəsində bu işıqdan faydalandıq. 100-150 metr kənardakı bir barrikadada polyak əsgərinin olduğunu gördük. Bu barrikadadan necə keçək deyə düşünə-düşünə şübhə ilə irəliləyirdik. Biz tamamilə barrikadaya yaxınlaşdığımız zaman oradan top atıldı. Küçənin orta bir yerində hasara alınmamış dar bir yolun olduğu göründü. Eyni zamanda polyak zabit əsgərlərinə cavab olaraq - gərək ki, gələcək güllənin düşməsindən qorxduğuna görə- “dağılışaraq mərkəzdə yatın” deyə əmr verdi. Biz də eyni anda dar yolun qapısına yaxınlaşdıq və hamımız birdən şimşək daşı kimi barrikadanın o biri tərəfinə atıldıq. Oradan çox yaxın olan meşəyə girdik. Arxamızdan “onlar kimdir?” deyə bağıran bir səs eşitdik. Bizim polyak tələbələr “filan məktəbin tələbələriyik, cəbhəyə gedirik” şəklində cavab verdilər. Biz azacıq nəfəsimizi dərdik. Bizimlə gələn polyak tələbələr “artıq şəhəri çıxdıq” dedilər. Ətrafımızda orda-burda növbəyə çıxan polyak əsgərlərinin arasından yavaşca stansiya vəzifəsini yerinə yetirən bir yerə yaxınlaşdıq. Meşənin içində idi. Kiçik bir daxma da vardı. Heç bir aydınlıq, işıq əlaməti yoxdu. Xeyli insan yığılmışdı, sanki namaza başlayacaqlarmış kimi səssizlik bürümüşdü. Biz toplu şəkildə və xeyli əşya ilə aralarına girdiyimiz zaman çoxu əsgər olan topluluq hərəkətə gəldi. Biz də “əşyalarımız, çamadanlarımız haradadır?” kimi türkcə danışığımızla onların diqqətini özümüzə çəkmiş olduq. Birdən bizi dairəyə aldılar. “Yadlar, casuslar” kimi sözlər eşidilirdi. Almanlar casuslarını müxtəlif yerlərə göndərdikləri üçün əlbəttə ki, kütlə şübhələnməkdə haqlı idi. Yenə “Ayaz bəy, Ayaz bəy” deyə mənə səsləndilər. Mən çibanların ağrısından və yorğunluqdan bir az özümə gəlmək üçün bir ağaca söykənmişdim. Qalxıb yenə həmin kağızı çıxartdım, ancaq qaranlıqda oxuya bilmədilər. Bizi toplayıb daxmanın içinə salmaq istədilər. Orada arvad-uşaq çox olduğu üçün yer tapılmadı. Məni təkcənə içəriyə apardılar, kağızı oxudular, bir az sorğu-sual etdilər, sonra “üzr istəyirik, savaşdır, xeyli alman xəfiyyəsi dolaşır, ona görə də sizdən şübhələndik” dedilər. Mən də “haqlısınız, belə lazımdır” söylədim.

“Hara gedirsiniz?”

“Rumıniya sərhədindən Snetiniyə qədər qatar var deyə eşitdik, ona görə də buraya gəldik” dedim.

“Bütün qatarlar hərbidir, yolçu götürməzlər, bir azdan yaralı əsgərlərlə dolu bir qatar gələcək, siz müsafir olduğunuz üçün yerləşdirərik” dedilər.

Mən bilet almaq istədim, yol idarəsi vəzifəsində olan polyak “lüzumu yoxdur, hərbi qatardır” dedi. Mən də “Niyə lüzum yoxdur ki, bilet alacağam” deyə israr etdim. İkinci dərəcəli biletləri istədim. “İkinci, üçüncü dərəcənin fərqi yoxdur” dedi. Üçüncü dərəcənin pulunu aldı, yanındakılara bizim üçün əmrlər verdi. “Bileti ancaq filan stansiyaya qədər kəsə bilirəm, ondan sonra başqa əsgəri məntəqədir, səlahiyyətimizin xaricindədir” dedi. Biletləri aldıq, qatarı gözləməyə başladıq. Xeyli gözlədik. Gündüz tanış olduğumuz məmur da bizi tapdı. Bizi yerləşdirməsi haqqında əmr aldığını söylədi. Bizi bura qədər gətirmiş məktəb tələbələrinin getmələrini söyləsək də, “sizi qatara mindirmədən ayrılmamağı müdir bizə əmr edib, gedə bilmərik” dedilər. Bir qatar gəldi. Bizim istiqamətimiz deyildi. Yenə bir qatar gəldi, stansiyadakı kütlə minmək üçün qatara hücum etdi. Bu vəziyyətdə necə minəcəyik qorxusu ilə dayandığımız vaxt “türk jurnalistlər, bura gəlin” deyə bir yerdən səsləndilər. Vaqona girdik. Vaqon yaralılarla dolu idi. Bir zabit “buyurun, yerimiz dardır, başqa çarəmiz yoxdur” dedi. Bir kompartmandan yararlı əsgərləri tamamilə çıxartdı, bizi yerləşdirdi. “Üzr istəyirik, yer dar, savaşdır, buna razı olun” dedi. Biz də sevinclə təşəkkür edərək yerləşdik. Məktəb tələbələrinə də təşəkkür etdik. Onları geri göndərdik. Qatarın hərəkət etməsini gözləyirdik. Qatar heç cür tərpənmək bilmirdi. Qaranlıqda bir-birimizi görmədən, başqalarına da şübhə oyandırmamaq üçün danışmadan əyləşirdik. Bu əsnada qatar stansiyasına 50-60 metrlik yerdə bir saman topası və ya bir zibillik yanmağa başladı. Yavaş-yavaş alov yüksəldi. “Meşənin ətrafını işıqlandırsa, alman topçuları görüb top atacaqlar. Alman casusları yandırdılar” deyə danışmağa başladılar. Hər kəsi qorxu bürüdü. Qatar da heç cür yola düşmürdü. “Niyə tərpənmir, yenə bombardmana məruz qalacağıq” deyərək qorxu ilə çıxdığımıza peşman olmuşduq ki, savaş başladığından bəri bir damla düşməyən yağış yağmağa başladı. Alov öləzilədi. Getdikcə sönməyə başladı, azacıq duman halına döndü. Biz də azacıq rahat olduq. Amma qatar yenə də hərəkət etmədi. Nəhayət, saat gecə 24-ə doğru qatar tərpəndi. Biz müxtəlif düşüncələrə dalaraq qaranlıq gecədə qaranlıq vaqonlarda qaranlıq bir yolçuluğa davam etdik. Bir neçə saat gedincə bizi bir stansiyada endirdilər. “Bundan sonra filan stansiyaya gedən qatara minin” dedilər. Bu qatarlar şəhərlərarası kiçik qatarlardı, qısa yol gedirdilər, ona görə də istiqamətləri bilmirdik. Stansiyada müxtəlif yerlərə gedib-gəldik. Nəhayət, bir xəstəxana qatarının yolumuz istiqamətində gedəcəyini öyrəndik. Yenə bir zabitə müraciət etdik, o da bizim türk jurnalistlər olduğumuzu anlayınca gələn qatara yerləşdirdi. Gedəcək yolumuz uzaq deyilmiş, filan stansiyada enməyimiz lazımmış. Biz də oraya varınca endik, məgər o stansiyanın iki dayanacağı varmış, biri köhnə, biri yeni. Biz yanlış endik, təkrar minməli olduq. Fəqət yerlərimizi artıq başqaları tutmuşdu. Əşyalarımızı qoyacaq yer də yoxdu. Min bir bəla ilə vaqonun qapısının önünə əşyalarımızı yerləşdirdik. Özümüz də pilləkəndə qaldıq. Səid bəy çantalarımızın düşməsinin qarşısını almaq üçün qucaqlamaq məcburiyyətində idi. Nəhayət, mənzil başına çatdıq. Yenə endikdən və qatar getdikdən sonra bu qatarın Rumıniya sərhədindəki Snetiniyeyə getdiyini öyrəndik. Buna çox üzüldük. Endiyimiz yer kiçik bir mahal idi. Lvovdan bəri bir neçə yüz km getsək də, Rumıniyaya yaxınlaşmamışdıq, əksinə Rusiya sərhədinə yaxınlaşmışdıq. Stansiya şefi buradan bir neçə açıq vaqonlu qatarın gedəcəyini və bizə lazım olan Tarnapola varacağını söylədi. Bizə də bu açıq vaqonlara minməyimizə kömək etdi. Səhərisi gün Tarnapola gəldik, günortadan sonra Rumıniyaya gedəcək qatarın olduğunu öyrəndik. Şəhər bombardmandan çox xəsarət almış, pəncərə adına bir şey qalmamışdı. Biz burada Rumıniya konsulluğunun olduğunu öyrənərək viza aldıq. Həm də Konstansaya qədər polyak pulu ilə biletlər də ala bildik. Günortadan sonra siqnal verildi, çox uzun çəkdi. Qatar axşam düşmədən qalxmadı. Biz də gözləməli olduq.

Həmin gün tarix gecə 16 sentyabrı göstərirdi.

Biz qaranlıq düşənə qədər Tarnapolda qaldıq. Orada ikən dünən yanlışlıqla endiyimiz qatarın alman təyyarələrinin hücumuna məruz qaldığını, qatarın mitralyoz atəşinə tutulduğunu və xeyli yolçunun öldüyünü eşitdik. Beləcə, Snetiniyəyə birbaşa gedəcək qatardan yanlışlıqla enməyimizin bizə xeyri olduğunu, canımızı qurtardığımızı eşidərək çox sevindik. Gecəyarı qatarımız Tarnapoldan hərəkət etdi. Yolu rahat getdik. Gün çıxarkən dəmiryolunun ətrafında xeyli çuxurların olduğunu fərq etdik. “Bunlar nədir?” deyə soruşunca bir dəmiryolu məmuru “alman təyyarələrinin körpüləri, yolları dağıtmaq üçün atdığı bombaların yaratdığı çuxurlardır, dəmiryolu boyunca bu çuxurlardan xeyli var, fəqət mən neçə gündən bəridir ki, dəmiryolu boyunca dolaşıram, təftiş edirəm, hələ bir körpüyə düşüb yolu pozduğunu görmədim” dedi. Biz cənuba doğru getdiyimiz üçün hava ilıqdı, gözəldi, sakitdi, sanki savaş da yoxdu. Yaşıl meşələri, çəmənləri seyr edə-edə səhərin erkən saatlarında Polşanın hüdud boyundakı qapısı olan Zalişçekiyə gəldik. Buradan bir km uzaqlıqda Dnestr çayının mənbəyi yerləşir və Rumıniya ilə Polşanı ayırırdı. Burada həm dəmiryolu, həm də avtomobil yolu üçün körpü vardı. Bu körpü iki məmləkəti birləşdirirdi. Günəşli, çiçəkli stansiya çox xoşumuza gəldi, özümüzü müharibədən uzaq hiss etdik. Dayanmadan 12-13 günlük əsəb gərginliyi içində keçən yolçuluq bizi çox yormuşdu. Yuyunmadan, paltar dəyişdirmədən keçən bu yolçuluq bizi həm də çox kirlətmişdi. Çatar-çatmaz bir-iki saat sonra Rumıniyaya bir qatar olduğunu, eləcə də günortadan sonra da bir qatarın yola düşəcəyini öyrəndik. Onunla getməyə və ya daha bir neçə gün burada qalıb yorğunluğumuzu çıxartmağa, hamama gedib yuyunmağa qərar verdik.


Müəllif: Dilqəm Əhməd