30 Yanvar 2023 20:56
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumundan sonra Varşavada yaşayan və aralarında Məhəmmədəmin Rəsulzadənin də olduğu səkkiz ictimai-siyasi xadimin necə xilas olması barədə xatirənin sonuncu hissəsini təqdim edirik.

Əvvəli burada

***
Biz Türk ölkələri millətçilərinin 10-12 il bu dost ölkədə qurduğumuz yeni milli ocaqlarımız, milli mücadilə mərkəzlərimiz Polşa ilə birlikdə alov içində yanır, yıxılırdı. Biz də polyak əsgəri, polyak münəvvəri kimi ikinci dəfə qurduğumuz yaşam və çalışma mərkəzimizi buraxıb bir daha mühacir olaraq qürbətə, qaranlıq bir məchula doğru gedirdik. Hamımız da bu düşüncənin təzyiqi altında əzilirdik. Hamımız da ruhən və cismən için-için Polşanın bu faciəsinin matəmi içində idik. Bir-birimizlə danışa bilmirdik. Nə qədər yol getdiyimizin fərqində deyildik. Birdən avtobusumuzu bağırıb, çığırıb dayandırdılar. Hamımız bu ağır düşüncələrdən oyandıq. Avtobusun qapısı açıldı. Qapıya yaxın oturmuş Mirzəbalanı bir jandarma “en” deyərək qolundan çəkib düşürtdü. Ardınca da “bütün xaricilər, düşün” deyərək əmr verdi. Yavaşca avtobusdan düşdük, əşyalarımızı da endirdilər. Səid dolaşıb amirlərini axtardı.

Qarşımıza bir rumın zabiti çıxdı. “Kim əmr etdi, bizi nə üçün düşürtdünüz?” deyə soruşduq. Deyəsən, mindiyimiz yerdəki zabit bizdən bəxşiş almadığı üçün yolumuzun üstündə olan kiçik bir məhəllənin (yol təftişçisi olan) zabitinə zəng etmişdi. Biz bu zabiti bir meyxanaya apardıq. Fransızca başa düşürdü. Düşürtmə səbəbini soruşunca “xaricilərə Rumıniyanın içərisinə girmələrinə icazə yoxdur” deyə inad etdi. Biz “giriş vizamız, icazəmiz var” deyərək bazarlığa girişdik. Bu əsnada onu şəraba qonaq etdik. Daha əvvəl də bu meyxanada içdiyi içkilərin hesabını ödədik. Zabit yumşaldı, avtobusa minməyimizə icazə verdi. Təkrar yerləşdik, yola düşdük.

Polşanın bu böyük faciəsi qarşısında müttəfiqi və qonşusu olan Rumıniya məmurları və əsgərlərinin 5-10 quruş mənfəət əldə etmək istəkləri və bu pis məqsədləri uğrunda məzlum millətin fərdlərinə müxtəlif əziyyət vermələri iki millət arasında necə böyük əxlaqi fərq olduğunu göstərirdi. Buna şahid olan başqa millətin insanları olan bizlərin rumınlar haqqında mənfi fikirlər bəsləməyimizə səbəb olurdu.

Biz digər yolçularla ortaq bir dil taparaq polyakca və fransızca danışaraq rumınları ayıblayırdıq. Yolçuların çoxu fikrimizə qatılırdılar. Yolumuza davam edərkən getdiyimiz yerdən uzaq olmayan bir qəsəbəyə girdik. Yenə qapımızı açdılar, “xaricilər çıxsın” dedilər. Biz yerimizdən tərpənmədik. Başqa yolçular “burada xarici yoxdur, bu nə deməkdir, niyə saxlayıb yolu kəsirsiniz” deyərək hücuma keçdilər. Jandarmalar təəccübləndilər. Bizim avtobus sürücüsünün sənədlərini istəyib guya tədqiq etdilər. Orada qeyri-qanuni bir şey tapa, bizdən də pul qoparda bilmədilər. Deyəsən, biri hirsləndi, sürücünü düşürtdü. Onu döyərək sürükləyib bir yerə apardı. Yolçulardan dişliləri enib sürücünü avtobusa gətirdilər, biz yenə yolumuza davam etdik. Gecə saat on birdə Çernovits şəhərində bir hotelin qarşısında dayandıq. Orada otaqlar tapıb yerləşdik. Ancaq sürücüyə verəcək rumın pulu yoxumuzdu. Polyak pulunu da almırdılar. Nəhayət, mən əlimdəki kiçik dollarlarla hamımızın yol xərclərini ödədim. Hotelçidən dollar qarşılığında rumın pulu ala bildim.

Sağ-salamat qurtulmağımızın ilk gecəsində bütün yoldaşları yeməyə qonaq etdim. Çibanlarımı yuyub bağladım. Rusların əlinə keçməmiş olmağın nəşəsi ilə 17 sentyabrın bu qədər həyəcanlı qorxunc tarixi gününü sağ-salamat tamamlayıb yuxuya getdim. Yorğunluq o qədər dərin imiş ki, ertəsi gün saat 11-ə qədər yatmışam. Gözümü açdığım zaman bolşeviklərin həbsxanasında deyil, Rumıniyanın dəmiryolu ilə dünyaya bağlanan bir şəhərində olduğuma görə Allaha şükür etdim.

***
İndi isə bu günə qədər olan yolçuluğumuza nəzər yetirək.

1939-cu il sentyabrın 6-dan 7-nə keçən gecə saat 12 radələrində Varşavanın Allee Ujezdovski yaxınlığındakı kiçik bir küçənin köşəsində toplanıb gecə saat 01:20-də hərəkət etdik. Yoldaşlarımız – azərbaycanlılardan Əmin bəy Rəsulzadə, Mirzəbala və Əli Azərtəkin, şimali qafqazlılardan Səid Şamil, ukraynalı Smal Stotski, gürcülərdən İmnayidszi, Şimali Qafqaz kazaklarından Bilatti, şimali qafqazlı Davud adlı bir gənc, krımlılardan Edige Şinkeviç Krımal və mən Ayaz İshaki. Polyaklardan bizi yolçu edən minbaşı Dombrovski idi. Biz – Əmin bəy, Mirzəbala, Əli Azərtəkin və mən eyni avtomobildə idik. Başqaları da bu şəkildə üç-üç, dörd-dörd yerləşdirilmişdilər. Bizdən başqa iki ingilis jurnalist də vardı. 7 sentyabrın axşamına doğru Biolopodl adlı şəhərdə dayandıq. Gecəni orada keçirdik. Bizi gətirən minbaşı Brest-Litovska gedib bizi yerləşdirmə xüsusunda yer axtarıb gəldi. 8 sentyabrın axşamı qaranlıqda Brest-Litovska çatdıq. 8-9 sentyabr gecəsini orada keçirdik. Sentyabrın 10-da yenə avtomobillə Kovel şəhərinə, oradan da Lodak şəhərinə gəldik. Orada bir neçə türk qəhvəxanası taparaq yemək yedik. Oradan Dubno şəhərinə doğru gedib gecəni orada keçirdik. Bir kazarmada yatdıq. Oradan sabah saat 11-də yola çıxıb Brodi şəhərində yemək yedik. Sentyabrın 12-də gecə saat iki radələrində Lvov şəhərinə gəldik. Ayın 13-də bizi yalnız buraxıb getdilər.

15 sentyabrda gecə saat 11 radələrində Lvovdan Rumıniya hüdudundakı Snetiniyə istiqamətində yola düşdük. Brzezany şəhərinə, oradan da Tarnapol şəhərinə gəldik. 16 sentyabrda bütün gün Tarnapolda qaldıq. 17 sentyabrda sabah saat 7-8-də Zaleszezeki şəhərinə - Lehistan-Rumıniya hüdudunun son məhəllinə gəldik. Gündüz saat 12-də Dnestr çayı üzərindəki körpüdən piyada olaraq Rumıniyaya keçdik. Min bəla ilə gecə saat 11 radələrində Rumıniyanın Çernovits şəhərinə gəlib çatdıq.

18 sentyabrda günortaya yaxın bütün yoldaşlarımız oyandılar. Qəlyənaltı etdikdən sonra bizim Varşavadakı türk səfirliyinin burada olduğunu öyrəndik və onları görməyə getdik. Səfir Camal Hüsnü bəy, konsul Vahid bəy, hərbi attaşe Necati bəylə görüşüb İstanbula doğru getməyə qərar verdiyimizi bildirdik. Onlar da müxtəlif məşəqqətli yolları keçərək bizdən ancaq bir gün öncə avtomobillərlə Polşadan çıxa bilmişdilər.

Mən bir əczəxanaya girib çibanlarımı sildirdim, yeni dərmanlar aldım. Axşam yola düşəcək qatarla bəzilərimiz Buxarestə, bəzilərimiz də Konstantaya getməyə qərar verdik. Yollarda orda-burda düşüb-qalxma əziyyətləri əsnasında çamadanımın sapı qopmuşdu. Onu daşımaq çətindi. Bunu nəzərə alan Səid bəy hotelin bir xidmətçisinə ip almaq üçün xırda pulu olmadığından 100 ley (rumın pulu- D.Ə) verdi. Pulu alan xidmətçi yoxa çıxdı. Hotelin sahibi də “bizim xidmətçilərdən deyil” deyib işin içindən çıxdı, oğrunu müdafiə etdi. Buna hirslənən Səid bəy polisə müraciət edərək oğrunu tapdırmaq istəsə də, polis də kömək etmədi, pul da, ip də əlimizdən çıxdı. Getmək vaxtı gəldiyində Səidlə çıxıb 5-10 ley verib uzun ip alıb gəldik. Səid bəy çamadanımı çox möhkəm bağladı.

Əşyalarımızı stansiyaya aparmaq üçün maşınlara doldurduğumuzda Səidin müraciət etdiyi polislər gəldi. 100 leyimizi alıb qaçan xidmətçi və pul da tapılmadığı halda polis bizdən “mən sizin üçün çalışdım, bu qədər zəhmət çəkdim, mənim haqqımı verin” dedi. Səidin gözləri heyrətdən böyüdü. Mən də gülməyə başladım. Oğru, hotel sahibi və polisdən ibarət bu üç nəfərlik topluluq Rumıniya idarəçiliyinin simvolu idilər. Bunların bu məmləkəti necə birlikdə idarə etdikləri insanı heyrətə salırdı. Mən polisə 10 ley verdim. “Bir daha buyurun, bu səfər yalnız 100 leyiniz oğurlandı, gələcəkdə, inşallah daha böyük hörmət göstərərik” deyərcəsinə şapkasını çıxarıb təşəkkür etdi.

Yola düşməzdən öncə İstanbula sağ-salamat qurtulduğumuzu xəbər vermək üçün teleqram göndərdik. Bütün gecə yolda qalaraq səhər Konstansaya çatdıq. Əmin bəy isə Buxarestə getdi. Biz hamımız birlikdə hoteldə yerləşdik. “Emel” məcmuəsinin baş yazarı Müstəcib Fazil bəy bizə çox kömək etdi. Konstansada bir neçə gün qala bilməyimiz üçün polisdən icazə aldıq. Bizim Polşadan gətirdiyimiz bir neçə yüz zloti pulumuzu hökumət bankasına müraciət edərək müxtəlif yollarla yaxşı bir dəyərdə dəyişdirdik. Paltarımız olmayanlara paltar almalarına kömək etdilər. Türk konsulluğunu ziyarət etdik. Mirzəbalanın (hər zaman olduğu kimi) pulu olmadığı üçün pulsuz vapur bileti almağa yardım etmələrini rica etsək də, kömək etmədilər. Halbuki hökumətin bizim kimi qaçqın təbəələrini məmləkətə göndərmək üçün məxsusi pulları olduğunu eşitmişdik. Əksinə viza vermək üçün pasportlarımızdan da pul aldılar. Mirzəbalanın pulu olmadığı üçün pasportunu viza etdirmədi. İstanbula çatınca onu vapurdan çıxartmaq dərd oldu. “Viza pulunu cəzası ilə birgə ödəyəcəksən, yoxsa vapurdan endirməyəcəyik” şəklində ona xəbərdarlıq etdilər. Qarşılamağa gələnlərin müdaxiləsi ilə bir çox yazılar yazıb çıxarda bildilərsə də, sonradan o pulu almaq üçün bir neçə dəfə polis çağırıb onu tutdurub narahat etdilər.

Səhv xatırlamıramsa, sentyabrın 26-da sağ-salamat İstanbula qədəm qoyduq.

***
Polşa hərbi zamanında çox şeylər gördük. Yazacaq bəzi sözlərimiz var isə də qəzetlərdə bunları qeyd edəcək yer tapa bilmədik. Yoldaşlar mənə “Bursaya get, bir az gözdən qeyb ol” dedilərsə də, getmədim. İstanbulda qaldım.

Yanımda olan zlotilər işə yaramadığı üçün böyük zərərə uğradım. Bütün əşyalarım, pal-paltarım Varşavada “Milli yol” mətbəəsində, Berlində qaldı. Bu hal 1918-ci ildə evimi, əşyalarımı və mətbəəmi Moskvada qoyub getməyimin təkrarı idi. O vaxtlar canımızı qurtarmaqla yanaşı illərcə sahib olduğumuz ideologiyamızı bolşevik sərsərilərinin hədəfinə çevrilməməsi məqsədi ilə bu fədakarlığı etmək məcburiyyətində qalmışdım. Bu səfər almanların yeni ad qoyduqları, bir az Avropa rəngi sürülmüş nasional-sosializm adını daşıyan bolşevizmlərindən fikir və can qurtarmaq üçün qaçdım. Bu iki axın arasında, bəlkə, bir az fərq vardır. Ancaq biz türk millətçiləri üçün xalqımızın milli hüququnu axtarmaq və qorumaq istəyən axınlara qarşı tətbiqlərində bir-birindən heç bir fərqi yoxdur. İkisi də biz türkçülərə candan düşməndilər. İkisi də bizə qarşı amansız kin güdməkdə birlikdə idilər. İkisi də bu kinlərini tətbiqdə barbardılar. Bunun mənasını, səbəblərini anlamaq, xüsusilə axmaqlara anlatmaq asan deyildi, gerçək budur.

Ayas İshaqi

“Emel” jurnalı, sayı 141-145, 1984.


Müəllif: Dilqəm Əhməd