31 Yanvar 12:32
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəyə aid yeni material əldə edilib.

Bu barədə Teleqraf.com-a əməkdaşımız Dilqəm Əhməd məlumat verib.

Onun bildirdiyinə görə, Türkiyədəki auksionların birindən Rəsulzadənin 1927-ci ildə imzalayıb hədiyyə etdiyi “Yeni Kafkasya” jurnalının bir illik tam nüsxəsini əldə edib: ““Yeni Kafkasya” jurnalı Rəsulzadənin mühacirətdə nəşr etdiyi ilk dərgidir. İlk sayı 26 sentyabr 1923-cü ildə çap edilib. 1923-1927-ci illər arasında fəaliyyət göstərən dərginin 95 sayı çıxıb. Dərgidə Rəsulzadə ilə yanaşı, türk dünyasında tanınmış şəxslər olan Zəki Vəlidi Toqan, Ayaz İshaqi, Sədri Məqsudi Arsal, Yusif Akçura, Abdullah Battal Taymas, Seyid Cəfər Krımər və başqalarının də məqalələri yer alıb. Jurnalda çoxlu imzalar olsa da, əsas yazıları Rəsulzadənin özü yazıb. 1927-ci ildə SSRİ-nin təzyiqi ilə Türkiyə hökuməti “Yeni Kafkasya”nın nəşrini qadağan edib. Həmin ilin sentyabrın 15-də jurnalın sonuncu sayı nəşr olunub”.

Dilqəm Əhməd əldə etdiyi nüsxə haqqında bunları bildirib: “1927-ci ilə aid bu nüsxəni Rəsulzadə mühacir Məhəmmədsadıq Arana hədiyyə edib. Maraqlıdır ki, hədiyyə 31 yanvarda – Rəsulzadənin ad günündə verilib. Görünür, həmin tarixdə ad günü mərasimi keçirilib və bu münasibətlə Rəsulzadə imzalı bir cildi həmkarına təqdim edib. Jurnaldakı ithafında Rəsulzadə belə yazıb: “Məfkurəmizin sadiq bir mücahidlərindən, Azəri Gənclər Birliyi rəisi Məhəmmədsadıq bəy arkadaşımıza hədiyyə. 31 Kanunisani 1927. İstanbul. Məhəmmədəmin”. Məhəmmədsadıq bəy Cümhuriyyət dövründə Zəngəzurdan millət vəkili olub, işğaldan sonra mühacirətə gedib”.

D.Əhməd nadir materialla bağlı arzusunu da dilə gətirib: “Bilirsiniz ki, mənim illərdir bir arzum var. İçərisində muzeyin də olduğu “Cümhuriyyət evi” qurmaq. İnanıram ki, dövlətimiz bu məsələdə mənə kömək edəcək, Cümhuriyyət tariximizin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı mərkəz yaratmağım üçün zəruri məkan və vasitələrlə təmin edəcək. Müsəlman Şərqində qurulan ilk respublikamız tariximizin ən şanlı səhifəsidir, dünyaya tanıda biləcəyimiz uğur hekayəmizdir. Bugünkü respublikamız da həmin Cümhuriyyətin varisidir, bu baxımdan mümkün dəstəyin göstərilməsi arzusundayam”.


Müəllif: Teleqraf.com