31 Yanvar 19:57
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 139-cu yaş günüdür. Teleqraf.com bu münasibətlə onun 1935-ci ildə Parisdə yazdığı “Hürriyyət meydanı” adlı xatirə məqaləsini təqdim edir.

***
Məhəmmədəmin Rəsulzadə

Hürriyyət meydanı

1918-ci il idi. İnqilab coşmuş, baş alıb gedirdi. Hərbin gürzü vurulmuş, çarlığın dəmir çənbəri parçalanmış, imperatorluq qorxunc bir xırıltı ilə çökməkdəydi. İllərdən bəri yığılan inqilab seli sədləri yıxaraq aşıb-daşmışdı.

Məmləkətdəki məmnun olmayan bütün qüvvətlər, keçmişdən bəri həsrətində olan məqsədlərə çatmaq üzrə hərəkətə gəlmiş, ona doğru qaçırdılar. İxtilalın yüyəni artıq Kerenskinin zəif əllərindən çıxmış, Leninin azğın, yandırıcı demaqogiyasına verilmişdi.

Əsgər cəbhəni buraxaraq “evi”nə qayıdırdı. Xarici müharibə feilən bitmişsə də, daxili hərb başlamışdı. Yoldaş alman əsgəri ilə öpüşülmüş, silah kəndlilərin qanını içən “əsl düşmən”ə - mülkədara qarşı çevrilmişdi. Bütün Rusiya od tutub yanırdı – “Talanmış mallar talanırdı”.

Qocaman Rusiya adi ictimai təzadlar deyil, siyasi təzadlar baxımından da qaynamaqda idi. Millətlər öz müqəddəratlarına özləri sahib olmaq istəyirdilər. Hər tərəfdə milli hərəkatlar başlamış, şəkillənməkdə idi. Qurultaylar baş tutur, milli komitələr qurulurdu.

Hərəkatlar bütün təzahürləri ilə Qafqaza da sirayət etmişdi. Bir tərəfdən də Türkiyə və İrandakı rus saldatları cəbhələrdən çıxaraq “evə” qayıdırdılar. Əslində “qayıdırdılar” deyil, evə axın edirdilər. Digər tərəfdən də qafqazlı millətlər öz müqəddəratlarını düşünmək üzərə milli təşkilatlar qurmaqla məşğuldular.

Bakı milli Azərbaycan hərəkatının mərkəzi idi, həyəcanlı günlər keçirirdi. Milli komitə təşəkkül etmiş, hər cür yoxluğa rəğmən və min bir cür əngəl içində varlığını göstərmək istəyirdi. Ən çətini bu idi. Şəhərdəki rus fəhləsinin, erməni təşkilatının və Xəzər dənizindəki donanmanın müxalifəti bu çətinliyi xüsusilə qatılaşdırırdı. Bunlar az imiş kimi bir də İran cəbhəsindən “evə” getmək üzərə buraya gələn rus saldatları düşmən ünsürlər tərəfindən məxsusi surətdə təşviq olunaraq şəhərdə saxlanılmaq istənilirdi.

Elə bu vaxt Gəncədə qanlı hadisələr baş verdi. Türkiyə cəbhəsindən qayıdaraq Tiflis-Bakı dəmiryolu ilə keçən saldat eşalonlarını Gəncə Milli Komitəsi Şəmkir stansiyasında dayandırmış, silahları alınmışdı. İrandan qayıtmış saldatlara bu dəfə Gəncədə “soyulanlar” da əlavə olunmuşdu.

İş bununla da bitmirdi. Gəncə təcrübəsi Xaçmazda da təkrar olunacaq deyə şayiə yayılırdı. Bu şayiə üzərinə hər tərəfdən gələn saldatlar Bakıda yığılırdı. Hava isinir, şəhər provakasiyaya əlverişli məhlulla dolurdu. Yanğına odun atanlar da az deyildi. Müsəlmanlar həyəcanlı günlər yaşayırdılar...

Gəncə Milli Komitəsinin etdiyindən Bakı Milli Komitəsi məsuliyyət daşımırdı? Biz “daşımır” deyirdik. Amma kim inanar!...

“İsmailiyyə” binasında yerləşən Milli Komitənin otağında idik. Təhlükədən sovuşmaq üçün çarələr axtarır, tədbirlər görürdük. Elə bu vaxt zəng çaldı, indi adını unutduğum erməni işçilərdən biri dedi: “İki minə yaxın saldat bu saatda köhnə canbazxana (sirk) binasında mitinq keçirirlər. Milli Müsəlman Komitəsindən tələb edirlər ki, onlara izahat vermək üzərə buraya bir heyət göndərsin. Çox rica edirəm, bunu ehmal etməyin. Təcili bir çarə tapın. Yoxsa gözlənilməz hadisələr ola bilər”.

Bu, bir təhdid deyildi. Haşa. Həqiqətdi. Həqiqət odur ki, mitinq iqnor edilərsə, fitnəçilərin işinə yarayacaq, “evlərinə dönə bilməyən” saldatların bütün kini Milli Komitəyə çevriləcəkdi. Bu kinin ümumi bir qırğına dönməsini mən edəcək bir qüvvət yoxdu.

Dərhal qərar verildi. Təcili canbazxanaya bir heyət gedəcək, saldatları təskin edəcəkdi. Heyətə üç kişi seçildik. Mərhum Behbud xan Cavanşir, Qasım Qasımov və mən.

Canbazxananın taxtadan tikilmiş böyük binası xıncaxınc dolu idi. Silahlı saldatlar mitinq edirdilər.

Erməni və gürcü tanışlardan bir neçə nəfər bizi qapıda qarşıladı. Daha çox diqqət cəlb etməmək üçün bizi arxa yollardan keçirərək ilk sırada əyləşdirdilər. Gözlədik. Rəis Avakyan nəsə danışırdı.

Əvvəlcə bu Avakyanı tanıyaq. Bu, kim olduğu məchul bir erməni avantüristidir. Əsgəri rütbəsi poruçikdir (mülazim). Siyasətə qədəmlərini Bakıdakı saldat arvadlarına rəhbərlik etməklə qoymuşdu. Ən böyük müvəffəqiyyəti isə rus “ata”larını hərəkətə keçirərək bazarı, dükanları yağmalamaqdan ibarət olmuşdur.

İnqilab coşduqca məxsus təbirlə desək, poqromçu Avakyanın da “nüfuz”u qabarmış, indi saldatlar üzərində sözü ötgün köhnə bir demaqoq olmuşdur. O, hansı firqəyə mənsubdur? Özünə bolşevik deyir. Lakin bolşeviklər xüsusi görüşərkən özlərindən olmadığını söyləsələr də, rəsmən ağızlarına su alıb susarlar.

Rəisin başı açıldı. “Yoldaşlar, indi söz Müsəlman Komitəsinindir” dedi. O zamanlar “Türk” və “Azərbaycan” təbiri daha kimlik qazanmamışdı. Silahlı məclis xışıldadı və hər kəs qulaq kəsildi.

Səhnəyə çıxdım. Yoldaşlar çıxış üçün məni seçmişdilər. Hiddət və kin dolu bu həşin gözlər heç də yaxşı nəticə olacağını göstərmirdi. Ehtiyatsız bir söz, yanlış bir jest yetərdi ki, Bakı canbazxanası o günlərdə bənzəri çox görünən qanlı bir linç səhnəsinə dönsün. Fərqi budur ki, çöldə-bayırda baş verənlərə bənzəməyəcək, bu linç təkcə bizim şəxsi fəlakətimizlə qalmayıb, eyni zamanda bütün şəhəri həmin qanlı bir qırğına sala bilərdi.

Kiçik boylu, civə gözlü rəis ilk əvvəl itaətində olan silahlı ictimanı süzdü, ardınca nümayişkaranə bir tövr və qorxu təlqin edərcəsinə əda ilə məni başdan-ayağa yoxlayaraq amiranə bir ahənglə dedi: “Yolları qapadığınız üçün evlərinə dönməyib səfil bir həyat keçirən buradakı saldat yoldaşların qərarına görə, vətəndaş Rəsulzadə, sizi çağırtdım. Müsəlman Komitəsi adına onlara izahat verəcəksiniz. Fəqət (səsini xüsusilə sərtləşdirərək) sözü sizə verməzdən əvvəl cavab verəcəyiniz sualları saymaq istəyirəm”.

Avakyanın yadımda qalan sualları belə idi:

Böyük Rusiya inqilabının şüarları arasında millətlərin öz müqəddəratlarına sahib olmaları haqqının qəbul edilməsi ilə bərabər, bəlkə də, ondan daha yüksək ictimai şüarlar vardır. Kəndlilərə torpaq məsələsi kimi. Siz nə üçün milliyyət məsələsinə ilk növbədə əhəmiyyət verirsiniz, ikincini ehmal edirsiniz?!
Sizdən bir az əvvəl erməni Daşnaksütyun firqəsinin müməssili burada öz əsgəri qüvvətlərini Fəhlə və Əsgər Soveti idarəsinə təslim etmək üçün söz verdi. Müsavat da bunu edərmi?...
Bütün Bakı demokratiyası hər gün Hürriyyət meydanında toplaşıb mitinq edərkən siz müsəlman demokratiyasını (təbir onundur) Təzəpir meydanına toplayır, onları Hürriyyət meydanına gəlməkdən mən ilə demokratiyanı ikiyə ayırırsınız!...
Nəhayət, yolları nə zaman açacaq və bu yoldaşlara nə zaman evlərinə getmək imkanını verəcəksiniz?...

Suallar şəxsən Avakyanın ağlındanmı keçirdi, yoxsa pərdə arxasındakı digərləri tərəfindənmi təlqin edilirdi? Şübhəsiz bir məsələ idi. Fəqət nə olsa da, sualların qoyuluşu da, soruşulması da bir demaqogiyanın, fəsad güdən niyyətin məhsulu olmasına qətiyyən şübhə yoxdu.

Təcili taktikamı seçdim. Hər şeydən əvvəl təhlükənin yüzdə 99-u mühəqqəq olduğuna baxmayaraq içimdəki əndişənin nə üzümə, nə də səsimə əks etməsinə çalışdım və “işin xatirinə donuza dayı demək” qabilindən “saldat yoldaşlar!” deyə xitab etdim.

İctima qımıldanaraq diqqət kəsildi. Kin dolu bir diqqət. Elə bir diqqət ki üzlərində “haydı, baxaq, xain, nə söyləyə biləcəksən!!” deyərcəsinə ifadə vardı. Buna rəğmən nəticədən ümidli bir adam sükunəti ilə sözümə davam etdim: “İzahatıma rəis yoldaşın ən son soruşduğu sualdan başlayacağam. Çünki günün ən aktual məsələsi budur. Komitəmiz düşdüyünüz vəziyyəti tamamilə anlayır. Çox haqlısınız. Evlərinizə getmək istəyirsiniz. Gəncədəki hadisədən təkcə siz deyil, komitə də əmin ola bilərsiniz ki, sizin qədər üzüntülüdür, təəssüf edir. Sizə xəbər vermək üçün vəkil seçilmişəm. Milli Komitə hər tərəfə heyət göndərmiş, tədbirlər almışdır. Sabah olmasa da, birisigün, iki-üç gün sonra bu qənaətdədir ki, hamınızın hadisəsiz və əngəlsiz şəkildə evlərinizə getmək məsələsi tamamilə həll olunacaq, ortada bir məsələ qalmayacaqdır”.

Avakyanın sona saxladığı bu məsələdə verdiyim ilk bəyanatın gözlərdəki hiddəti azaltdığının fərqinə vardım və ara-sıra qulaqlarıma əks edən düşməncə replikalara fikir verməyərək daha artıq bir cəsarətlə sözümə davam etdim: “Yoldaşlar, məsələyə yollardan, evə getməkdən ona görə başladım ki, bu gün hamımızı xüsusilə məşğul edən və həllini ancaq bizdən gözləyən məsələdir. Yoxsa bununla verilən digər sualları cavabsız buraxmaq və ya əhəmiyyətsiz sanmaq niyyətində deyildim. Yoldaş Avakyan dedi ki, biz nə üçün inqilabın ortaya atdığı ali prinsiplərdən birini digərinə tərcih edirik. İnqilabın ən böyük prinsipi torpaq məsələsi ikən biz onu ikinci dərəcəyə endirirmişik. Əvvəla, ali inqilab şüarlarını böyüyə-kiçiyə kim ayırdı? Bizcə, bunların hamısı böyükdür və eyni dərəcədə əhəmiyyətlidir. Biz milliyyət məsələsini hələ həll etmədik, sadəcə milliyyətimizə aid məsələləri qorumaq üçün təşkilatlandıq. Necə ki, torpaq məsələsinin həlli üçün də hazırlıqlar görən bəzi təşkilatlar vardır. Bu böyük məsələ mitinqlərdə deyil, yaxında toplanacaq Müəssislər Məclisində həll olunacaqdır. Əminəm ki, bu xüsusda siz də mənimlə fikir ortağısınız.

İndi keçək üçüncü məsələyə. Məndən əvvəl burada Daşnaksütyun firqəsinin adamı söz söyləmiş, silahlı qüvvətlərinin Fəhlə və Əsgər Şurasına veriləcəyini təmin etmişdir. Bizim silahlanmış əsgəri qüvvətimiz yoxdur. Sayı bir neçə yüzü keçməyən könüllülərdən ibarət alaylarımız var ki, özlərini silahlandırmaq üçün uğraşır. Fəqət buna daha müvəffəq olduğumuz yoxdur. Bu qüvvətləri böyük bir məmnuniyyətlə sovetlərə tərk etməyə hazırıq. Onları silahlandırsınlar, istədikləri kimi istifadə etsinlər”. Əsgəri məsələdəki bu “təslimiyyət” Avakyan üçün gözlənilməz bir sürpriz olmuşdu. Heyrəti gözlərindən oxunulurdu. Nəhayət, demaqogiyanı demaqogiya ilə vurmaq növbəsi gəlmişdi. Avakyanı öz istifadə etdiyi cinsdən bir silahla vurub mübarizəni effektiv bitirmək lazımdı: “Rəis – dedim – bizi bir şeydə töhmətləndirir. Demokratiyanı parçalayır, müsəlmanları Hürriyyət meydanına buraxmırıq. Məsələ necədir?!... Yaşadıqları məhəllələrinə yaxın olmaq hesabı ilə müsəlmanlar Təzəpir meydanına toplanırlar. Biz də onların olduqları yerlərə gedir, onlarla həsbihal edirik. Bu, yoldaş Avakyanın xoşuna gəlmir. Müsəlman demokratiyası onun olduğu Hürriyyət meydanına gəlmirmiş. Fəqət unudur ki, “azad Rusiyada bütün meydanlar hürriyyət meydanıdır!”.

Bu cümləni ayrıca bir əhəmiyyət və qüvvətlə sərf etmişdim. Özüm də gözləmədən alqışlar səsləndiyini eşitdim. Halü-hissiyyat dəyişmiş, təhlükə sovuşmuşdu. Ön sıradan birisi qalxmış, bir gürcü ağzı ilə: “Bravo, vətəndaş Rəsulzadə!” deyirdi. Mən isə bu təqdirlərdən cəsarətlənərək Avakyanı xırpalayaraq dedim:

“Yoldaş Avakyan, o zamanlar keçdi, bir daha gəlməsin. Keçdi o zamanlar ki, bürokratlar camaatı dinləmək üçün öz kabinetlərinə çağırırdılar. Sən onlara bənzəmə! Müsəlman xalqına söyləyəcəklərin varsa, onları öz meydanında gözləmə, tənəzzül buyur, onların olduqları meydana get. Onlar xalqdır, hörmət et və bil ki yalnız sənin deyil, təkrar edirəm, hürr Rusiyadakı bütün meydanlar kimi Təzəpir də Hürriyyət meydanıdır!”.

Alqışlar içində səhnədən endim.

Yeni demaqogiyaya meydan verməmək üçün yoldaşlarla birgə yenə gəldiyimiz arxa yollardan mitinqi tərk etmişdik.

Yoldaşlar “təbrik edirik, Hürriyyət meydanında gözəl at çapdınız!” deyirdilər.

Ertəsi gün “Açıq söz”ün müxbiri Avakyanın ətrafındakılarla birgə Təzəpir meydanındakı ictimaya gəldiyini bildirirdi.

Anlaşılan odur ki, bu demaqoq bürokrat olmaq istəməmişdi!...

07.04.1935. Paris.

“Kurtuluş”, sayı 12, 1935.


Müəllif: Dilqəm Əhməd