“Rusiya ilə Amerika bir məxrəcə gəlmədiyi üçün Qarabağ danışıqları da alınmır. ABŞ bölgəyə daxil olmaq, Rusiya isə bölgədən çıxmaq istəmir. Türkiyə növbəti bölgə oyunçusudur, İran da regionda var. Belə bir şəraitdə Qafqazda sülhü təmin etmək çətin məsələdir. Yəni birbaşa Azərbaycandan və onun siyasətindəna asılı məsələ deyil”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
Onun fikrincə, indiki mərhələdə siyasi danışıqlar alınmır, hərb yolu isə hələlik yoxdur: “Siyasi və iqtisadi təzyiq yollarına baş vurulsa da, qəti təsir etmir. Yəni bir növ pat vəziyyətidir. Belə halda da proqnoz irəli sürmək olmur”.
Cümşüd Nuriyev qeyd edib ki, yaxın perspektivdə danışıqlar prosesini gözləmir. O, buna səbəb kimi Ermənistanın siyasətini və ona digər ölkələrin təsirini göstərir.
Politoloq diqqəti bir məqama da çəkib: “Əgər Rusiya Azərbaycanın mövqeyinə yaxın mövqedən çıxış edirsə, deməli Ermənistan daha çox Amerikanın yanındadır. Belə şəraitdə Azərbaycan ABŞ-la da münasibətləri pozmaq istəmir. Azərbaycanın öz milli maraqları var. Bu maraqlara xidmət üçün məcburuq ki, indiki mövqedə dayanaq. Əminəm ki, tədricən proseslər fəallaşacaq”.