9 Fevral 2023 17:06
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

Teleqraf.com xəbət verir ki, iclasda 3 məsələ müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Mirkişili əvvəlcə Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş ölkəyə Azərbaycan dövlətinin və xalqının dəstək olduğunu söyləyib. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə Türkiyəyə xilasedicilərin, tibb heyətinin göndərildiyini bildirib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən yardım kampaniyası çərçivəsində zəruri addımların atıldığını deyib. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların və parlament Aparatı əməkdaşlarının yardım kampaniyasına fəal şəkildə qoşulduqlarını qeyd edib.

Sonra Tahir Mirkişili gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, təqdim olunan qanun layihələri Miqrasiya Məcəlləsində edilən dəyişikliklər və bununla əlaqədar “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda nəzərdə tutulan düzəlişlərlə bağlıdır. O, diqqətə çatdırıb ki, hər üç qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında bir məktubla Milli Məclisə daxil olub.

Komitə sədri bu gün bölgədə yaranmış vəziyyətlə bağlı və ölkəmizdə sabitliyin möhkəmləndirilməsi üçün Azərbaycanın miqrasiya siyasətinin təkmilləşdirilməsinin zəruri olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklərin iki istiqamətdə olduğunu deyib. Bildirib ki, burada ölkəmizin qanunlarına əməl etməklə yaşayıb yaratmaq istəyən xarici vətəndaşlar üçün prosedur qaydaların daha da sadələşdirilməsi və öz fəaliyyətində qanunvericiliyimizi pozan xarici vətəndaşlar üçün isə şərtlərin daha da sərtləşdirilməsi öz əksini tapıb. Ümumilikdə, yerli əmək bazarının, daxili miqrasiyanın tənzimlənməsi ilə bağlı, xaricdən gələn vətəndaşların Azərbaycanda müvəqqəti və daimi yaşayış hüququnun təmin edilməsi, eyni zamanda, bu hüququ itirən vətəndaşlara yenidən şərait yaradılması baxımından təklif edilən dəyişikliklər təqdirəlayiqdir.

İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsini üzvü Kamal Cəfərov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə ətraflı məlumat verib. O, bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycanda uzun müddətli yaşamağın iki növü var- müvəqqəti və daimi yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti 1 ildir və bu hər bir ildən bir artırıla bilər. İkinci ildən sonra həmin müvəqqəti yaşamaq hüququ olan şəxslərin daimi yaşamaq üçün hüququ yaranır. Daimi yaşamaq icazəsinin müddəti isə 5 ildir. Daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin tək vətəndaşlıq adından başqa, digər Azərbaycan vətəndaşları kimi sosial, işləmək və pensiya hüquqları mövcuddur.

Diqqətə çatdırılıb ki, birinci dəyişiklik müvəqqəti yaşamaq icazəsi ilə bağlıdır. Miqrasiya Məcəlləsinin 45-ci maddəsində edilən dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar, həmin icazənin müddətinin uzadıldığı halları əhatə edəcək. Bu təklif ölkə daxilində miqrasiya proseslərinin təkmilləşdirilməsinə xidmət edir. Yeni redaksiyada verilmiş 45.1.2-ci maddədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yumşaldılır. Qeyd edilib ki, 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.

Bildirilib ki, Məcəlləyə əlavə edilən yeni 45.3-cü maddəyə əsasən, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

Sonra “Banklar haqqında” qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “Qiymətli kağızlar bazarı haqqında”qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrinə baxılıb.


Müəllif: Nemət