Fevralın 15-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Teleqraf.com xəbər verir ki, qonaqları səmimi qəbul edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı görüş zamanı universitet haqqında ətraflı məlumat verib. Azİİ məzunlarının dünyanın çoxlu sayda ölkəsində, o cümlədən Anqola Respublikasında böyük uğurlara imza atdığını deyən rektor, professor Mustafa Babanlı bu gün də ADNSU-da yüksək səviyyəli mühəndis kadrların, ixtisaslı mütəxəssislərin yetişdirildiyini qonaqların diqqətinə çatdırıb. O, əlavə edib ki, ADNSU-nun beynəlxalq əlaqələri kifayət qədər genişdir və universitet olaraq Anqola ali təhsil müəssisələri ilə də əməkdaşlıqda maraqlıyıq.
Anqola Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhan Azərbaycan və Anqola Respublikası arasındakı sıx əlaqələrdən danışıb və bu əlaqələrin inkişafı üçün bir səfir kimi əlindən gələni əsirgəməyəcəyini deyib. Azİİ məzunlarının onların ölkəsində də yaxşı tanındığını qeyd edən səfir bu qocaman təhsil müəssisəsi ilə Anqola ali təhsil müəssiələrinin əməkdaşlığının önəmindən danışıb və bu əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Universitetlə yaxından tanış olan qonaqlar auditoriyalarda olublar, universitetin Tarix muzeyində fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına ürək sözlərini yazıblar.