26 Dekabr 2014 10:11
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

«Heç kim inciməsin, elmin önündə oğlanlar getməlidir»

Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Milli Məclisdə “Elm və Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, “Elm haqqında” qanun layihəsi ilə istehsalat arasında nə dərəcədə vəhdət olduğu nəzərə alınmalıdır.

Millət vəkili qeyd edib ki, bu qanunun belə məsələləri nə dərəcədə əhatə etməsi barədə düşünmək lazımdır: “Azərbaycanda elmi innovasiyalar tətbiq edilərsə, sənaye gəlirlərinin bir hissəsini bu sahədən əldə etmək olar. Prezident bu məqsədlə texnoparkların yaradılması barədə sərəncam verib. Məqsəd elmi innovasiyaları tətbiq etməkdir”.

Qanun layihəsinin mükəmməl hazırlandığını söyləyən deputat qeyd edib ki, gələcəkdə bu qanun layihəsinə əlavələr ola bilər: “Qanun layihəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin öz əksini tapması çox vacib məqamdır. Oğlanlar hərbi xidmətə gedir. Qızlar isə magistratura, doktranturanı bitirdikdən sonra ailə həyatı qururlar. Eləsi var 3 il, eləsi də var 8 il dekretə çıxır. Heç kim inciməsin, məhz bunları nəzərə aldıqda demək olar ki, elmin önündə oğlanlar getməlidir”.

Deputat qanun layihəsinə elmlər namizədi və professorlara vəsait ayrılması ilə bağlı yazılan müddəalara da toxunub: “Elmlər namizədinə 200, professorlara isə 400 manat məvacib verilməsi nəzərdə tutulur. Bunu minimum əmək haqqı ilə indeksləşdirsək, çox yaxşı olar. Arxayın ola bilərik ki, Azərbaycanda gələcəkdə professorlar 4-5 min manat maaş alanda 300-400 manat onun içərisində elə də gözə çarpmayacaq. Düzdür, bəzi məsələlər Maliyyə Nazirliyindən asılıdır”.

NİGAR


Müəllif:

Oxşar xəbərlər