16 Fevral 2023 15:50
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasda Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak və onların rəhbərlik etdikləri Komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.

İclas iştirakçılarını səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə, Hökumətlərarası Komissiyanın növbəti iclasının işində uğurlar arzulayıb.

Nazir bildirib ki, tarixi köklərə və xoş ənənələrə malik olan Azərbaycan-Polşa münasibətləri müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin hazırki vəziyyətinin məmnunluq doğurduğunu bildirən K.Heydərov iqtisadi əlaqələrimizə təkan vermək, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb. İki ölkə liderlərinin – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Polşa Respublikasının Prezidenti cənab Andjey Duda arasında keçirilmiş səmərəli görüşlər və mövcud qarşılıqlı siyasi etimad ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün möhkəm əsaslar yaradıb. Bu çərçivədə ölkələrimiz arasında müxtəlif sənaye sahələri üzrə istehsal müəssisələrinin yaradılması, o cümlədən nəqliyyat və logistika, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, əczaçılıq və s. sahələrə investisiyaların yatırılması əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və şaxələnməsinə öz töhfəsini verəcək. 2018-ci ildən Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini xatırladan nazir “Made in Azerbaijan” brendinin Polşa bazarında təşviqi, həmçinin Azərbaycan məhsullarının Mərkəzi və Şərqi Avropada tanıdılması baxımından Ticarət Evinin əhəmiyyətini qeyd edib.

K.Heydərov Azərbaycanda beynəlxalq yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturunun formalaşdırıldığını vurğulayaraq, ikitərəfli Komissiya tərəfindən yaradılmış Nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun cari ilin mart ayında Bakıda keçiriləcək ikinci iclası çərçivəsində beynəlxalq yük daşımalarla bağlı iki ölkənin tranzit potensialından tam istifadə edilməsi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviqi sahəsində birgə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, bu ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Polşa iş adamlarını, biznes dairələrini və sərmayəçilərini buraya investisiya yatırılmasına dəvət edib.

Bundan əlavə, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov Polşa biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Polşa sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Hökumətlərarası Komissiyanın həmsədri Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak Komissiyanın iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Q.Pexoviak ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinə diqqət çəkərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini xatırladıb. Qonaq Avropa İttifaqının ən böyük və ən dinamik inkişaf edən ölkələrindən biri olan Polşa və Cənubi Qafqazın ən böyük ölkəsi, dünyanın strateji əhəmiyyətli coğrafi zonasında yerləşən Azərbaycan arasında müxtəlif istiqamətlər, o cümlədən logistika və nəqliyyat, energetika, tikinti, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, agrotexnologiya, tibb və əczaçılıq, IT sənayesi və s. üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsində müsbət tendensiyanın müşahidə edildiyini xatırladan Q.Pexoviak qarşılıqlı ticarətin daha da dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanda olduqları müddətdə müxtəlif görüşlərin keçiriləcəyinə, həmin görüşlərin də səmərəli olacağına əminliyini bildirən polşalı həmsədr martın əvvəlində Bakıda təşkil olunacaq Polşa-Azərbaycan işçi qrupunun görüşündən müsbət nəticələrin gözlənildiyini vurğulayıb.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak imzalayıblar.

Həmçinin, iclas çərçivəsində “Ələt Azad İqtisadi Zonası (AFEZ) ilə Wałbrzych xüsusi iqtisadi zonası arasında Niyyət Razılaşması” imzalanıb. Sənədi Azərbaycan tərəfindən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşa tərəfindən Valbruh Xüsusi İqtisadi Zonasının icraçı direktoru Mariuş Tomçak imzalayıblar.

Qeyd edək ki, ölkəmizə səfəri çərçivəsində Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviakın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın iqtisadi sahə üzrə bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər