Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.