Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Azərbaycan hər zaman olduğu kimi, indi də ilk dəqiqələrdən qardaş Türkiyənin yanında oldu və öz dəstəyini, həmrəyliyini nümayiş etdirdi. İlham Əliyevin Türkiyə səfirliyinə başsağlığı ziyarəti zamanı dediyi kimi: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu gün də Prezidentin və Mehriban Əliyevanın rəhbərliyi, şəxsi nəzarəti altında dövlət strukturları, xüsusən, Heydər Əliyev Fondu, o cümlədən imkanı daxilində xalqımızın hər bir fərdi qardaş Türkiyənin acısını əməli olaraq bölüşür, əhəmiyyətli yardımlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, Türkiyədə zəlzələ siyasi proseslərin ən qızğın çağında baş verdi:
"Qərb informasiya maşını da bu fəlakətə ciddi fürsət kimi baxmağa başlayıb. Türkiyənin mövcud iqtidarına qarşı ciddi kampaniya aparılmaqdadır və xüsusən sosial mediada vəziyyət xoşagəlməz hal alıb. Əlbəttə Türkiyədə partiyalararası rəqabət, siyasi mübarizə, seçkilər - bu, qardaş dövlətin özünün daxili işidir, mövcud siyasi iqtidarı hakimiyyətdə saxlayıb saxlamamaq yalnız və yalnız Türkiyə xalqının suveren hüququdur. Amma təəccüblüdür ki, Azərbaycanda bəzi siyasi qüvvələr və bəzi vətəndaşlar özünü Türkiyədə siyasi prosesin tərkib hissəsi, hərəkətverici qüvvəsi kimi aparmağa, sanki Türkiyədə siyasi proseslərdə iştirak hüququ varmış kimi davranmağa başlayıb".
Deputat bildirib ki, Türkiyə bizim qardaşımızdır, orada baş verənləri həssaslıqla izləyirik:
"Türkiyənin gücünü qoruması və daha da güclənməsi bizim arzumuzdur. Amma Türkiyədə hansı iqtidar necə fəaliyyət göstərir bunun qiymətini türk xalqı verə bilər. Azərbaycan vətəndaşı üçün istənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir. Rəcəb Tayyib Ərdoğan ən çətin dönəmlərdə bizimlə olub, Vətən müharibəsində siyasi-diplomatik mübarizədə cənab İlham Əliyevlə çiyin-çiyinə savaşıb. Məsələn, terror dövləti İranın Arazboyu təlimlərinə cavab olaraq Türkiyə çəkinmədən bizimlə həmin ərazilərdə böyük bir təlim keçirdi. Bu mənada Azərbaycan vətəndaşı danışanda Qərb informasiya maşınının ifrazına, yaxud Azərbaycan daxilində Sorosun muzdlularına yox, milli maraqlarımıza istinad etməlidir. Qərbin təlqin etdiyi heç bir dəyər, heç bir göstərici bizim üçün milli maraqlarımızdan üstün deyil, ola da bilməz. Bu maraqlar üçün bu xalq qan töküb, can verib. Ona görə də vətəndaşlarımızı belə məsələlərdə həssas olmağa çağırıram".