20 Fevral 2023 14:28
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkədə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu bildirən Baş Qərargah rəisi Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən general-mayor G.Matiaşvili ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış olub.
Qonaqlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər