26 Dekabr 2014 16:55
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnkişaf Bankı “Azərsu”ya 200 milyon dollar ayırıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir beynəlxalq maliyyə qurumu ilə su və kanalizasiya layihələrinin icrasına başlayıb.

Azərbaycan Hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, təməlqoyma mərasimində çıxış edən Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov bildirib ki, gədəbəylilər bu layihənin uğurlu icrası ilə Gədəbəy şəhəri və ətraf kəndlərin inkişafına böyük töhfə verəcəyini gözləyir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulmasından, bu işlərin rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə etdiyini vurğulayıb.

İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev təmsil etdiyi maliyyə qurumunun Gədəbəy, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına 200 milyon dollar kredit ayırdığını və 2015-ci ildə daha bir neçə şəhərdə işlərə bağlanılacağını diqqətə çatdırıb.

Məlumatda daha sonra bildirilir ki, “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaq. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaq.

Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcək. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər