Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi ” mövzusunda tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, tədbirdə Mərkəzin şəxsi heyəti və Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin professor və müəllimləri iştirak edib.
Toplantı ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik Elçin Cəfərov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhs edib, Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyasının öyrənilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin dosenti Asif Cavadov qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir və azərbaycançılığın Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli Liderin tarixi xidmətidir.
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Azad Bayramov çıxışında azərbaycançılıq ideologiyasının tarixiliklə müasirliyin vəhdətini əks etdirdiyini, azərbaycançılığın ümummilli ideologiya halına gəlməsinin, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçıların nəzərinə çatdırıb.
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Bəxtiyar Məhərrəmov bildirib ki, Dahi Lider sözügedən ideologiyanın konseptual əsaslarını hazırlayarkən ilk növbədə tarix boyu əldə olunmuş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə edib. Azərbaycançılıq ideologiyası ölkəmizə qarşı bir çox istiqamətlərdən yönəlmiş təhdidlərin qarşısında güclü ideoloji və siyasi sipər rolunu oynayıb və bu strateji xətt Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilir.
Sonda Ulu Öndərin zəngin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.