Milli Məclis Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyətin tətbiq edilməməsini üçüncü oxunuşda təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun adı dəyişdirilir və bundan sonra "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" adlanır. Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.
Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır. Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya fəaliyyət göstərir.
Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxildir.
Həmçinin “Torpaq icarəsi haqqında” qanuna da dəyişiklik edilib.
Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (vasitəsilə elektron ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilməlidir.
Layihə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, icarəçinin vəzifələri də artırılır. İcarəçinin vəzifələri sırasına icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək də əlavə edilir.