31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın Niderland Krallığındakı səfirliyində təntənəli tədbir keçirilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbir çərçivəsində Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilmiş "Niderland-Azərbaycan Əməkdaşlıq Platforması"nın (Netherlands-Azerbaijani Cooperation Platform – NACP) rəsmi təqdimatı baş tutub.
Qurumun prezidenti Arnold Utama çıxış edərək, NACP barədə ətraflı məlumat verib, platformanın iki dövlət arasına müxtəlif əməkdaşlıq sahələrini – iqtisadi, sosial, humanitar və s. əhatə edərək, bu istiqamətlər üzrə əməkdaşlıq etmək niyyətində olan şəxs və qrupları bir araya gətirəcəyini vurğulayıb. NACP, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Niderlandda işıqlandırılması, ölkənin tarixi, mədəniyyəti və s. ilə bağlı məlumatların yerli ictimaiyyət arasında yayılmasına xidmət edəcək.
Tədbir çərçivəsində səfir Mirhəmzə Əfəndiyəv, NACP, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, Azərbaycanın Holland Dostları Proqramı, eləcə də digər diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə "dəyirmi masa"lar keçirilib. Səfir ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixçəsindən, cənab Prezident İlham Əliyev tərəfindən bu əlamətdar günə verilən önəmdən söz açıb. O, ölkə başçısının hər il dünya azərbaycanlılarına müraciətlərindən irəli gələn müddəaların icrasının vacibliyini vurğulayıb.
Bununla əlaqədar tərəflər Niderlandda yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsinə cəlb olunması, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, həmvətənlər arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində görülən işlərin növbəti ildə daha da effektiv əlaqələndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
2014-cü ilin Azərbaycan və Niderland arasında əməkdaşlıq baxımından uğurlu il olduğunu qeyd edən səfir bu ilin yanvar ayında cənab Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşünü, fevral ayında Niderlandın keçmiş xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərini, mart ayında cənab Prezident İlham Əliyevin və xarici işləri naziri Elmar Məmmədyarovun Niderlanda, cari ilin noyabr ayında isə Niderlandın infrastruktur və ətraf mühit naziri xanım Melani Şultsun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini, eləcə də son iki il ərzində müxtəlif sahələri əhatə edən çoxsaylı tədbir və biznes forumları xatırladıb, qeyd olunanların qarşılıqlı əməkdaşlığınn inkişafının bariz nümunəsi olduğunu və əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdığını bildirib.
O, qeyd edib ki, görülən işlərin nəticəsində qeyri-neft sektoruna yatırılmış birbaşa investisiyaların 9,1%-i, yəni 668 milyon ABŞ dolları Niderland sərmayəçilərinin payına düşür. Bu göstərici üzrə Niderland Türkiyə, Böyük Britaniya və ABŞ-dan sonra 4-cü yeri tutur. Təkcə 2013-cü ildə Niderland şirkətləri tərəfindən ölkəmizdə 73,2 milyon dollar investisiya yatırılıb. 110-a yaxın Niderland şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.
Daha sonra niderlandlı piano ifaçısı Sara Krombax Azərbaycan və Niderland bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış edib, Niderlandda yaşayan azərbaycanlı kaman ustası İlham Babayev milli musiqi parçaları ifa edib. Tədbirin gedişində Azərbaycanla bağlı promo filmlər nümayiş olunub, səfirlik tərəfindən geniş ziyafət verilib.