“İrəvan yazıları” 8
Layihəmizdə növbəti yazı Türkiyənin tanınmış tarixçisi, mütəfəkkiri, ideoloqu Nihal Atsızın qardaşı Nejdet Sançara aiddir.
Jurnalist, tarixçi, türk millətçiliyinin ideoloqlarından olan Nejdet bəy 1910-cu ildə İstanbulda doğulub. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümündən məzun olub. Türkiyənin müxtəlif ölkələrində müəllim olaraq çalışıb, türkçülük hərəkatında yer alıb, müxtəlif dərgilərdə yüzlərlə yazısı işıq üzü görüb. “Tarixdə Türk-İtalyan müharibələri”, “Kommunist kimdir?”, “Gizli kommunist bəlgələri”, “İsmət İnönü ilə hesablaşma” və s. əsərlərin müəllifidir.
Sançar 1956-cı ildə “Ocak” qəzetində bu mətbu orqanın yazarı irəvanlı Cabbar Ertürkün bioqrafiyasını yazıb. II Dünya müharibəsində almanlara əsir düşən Cabbar bəy İrəvanın Xaçaparaq kəndində doğulub. Azərbaycan Milli Komitəsinin sədri Əbdürrəhman Fətəlibəylinin müavinlərindən olub. Müharibədən sonra Türkiyəyə gedib.
Qeyd edək ki, Nejdet bəy bu yazıdan əlavə Cabbar bəyin əsərləri haqqında da məqalələr qələmə alıb.
***
Nejdet Sançar
Cabbar Ertürk
Cabbar Ertürk Azərbaycan türklərindəndir. Gövhəroğulları adı ilə anılan ataları XVII əsrin başlarında Qarabağdan gələrək Türkiyənin bugünkü siyasi sərhədlərinin yaxınlığına yerləşiblər. Onlardan ən ulusu dördüncü dədəsi olan Əhməd xandır. Əhməd xanın oğlu Zeynəl, onun oğlu Abdullah, onun oğlu da Cabbar Ertürkün atası İbrahimdir. Gövhəroğlu İbrahim bir türkmən xanımı ilə evlənib. Cabbar Ertürk bu ailənin oğlu olaraq 1916-cı ildə Türkiyəyə 12 kilometr qədər məsafədə olan Xaçaparaq kəndində dünyaya gəlib.
Cabbar Ertürkün atası yüksək milli ruha sahib bir türkdü. Birinci Dünya müharibəsinin sonunda Qafqaza yürüyən Türk ordusunda vəzifə almış, ruslara və ermənilərə qarşı savaşmışdır. Cabbar Ertürk bir qazi olan atası Gövhəroğlu İbrahimin vücudunda on beşə qədər yara saydığını xatırlamaqdadır. Gövhəroğlu İbrahim hər türk və hər Türk milliyyətçisi kimi Moskvanın zülmünü görüb, kommunist həbsxanalarında yatıb və 1937-ci ildəki həbsindən sonra ailəsi ondan bir daha xəbər ala bilməyib.
Cabbar Ertürk ilk və orta təhsilini kənddə və qəsəbədə aldıqdan sonra 1933-cü ildə Bakıya gedib, Bakı Universitetinin biologiya bölümünə daxil olub. 1937-ci ildə fakültəni bitirdiyi zaman hələ 21 yaşı vardı. İki ilə qədər Basarkeçər vilayətindəki liseydə müəllimlik etdikdən sonra 1939-cu ildə universitetdə assistent olub. İki il sonra – 1941-ci ilin iyununda ruslar tərəfindən hərbi xidmətə çağırılıb. Ancaq ruslar milli ruhlarının dərəcəsini bildikləri türk aydınlarını orduda ehtiyat zabit olaraq istifadə etmirdilər. Bu səbəbdən Cabbar Ertürk də Sovet ordusuna əsgər olaraq aparılıb, 6 oktyabr 1941-ci ildə cəbhəyə göndərilib. Şöbə rəisi bu göndəriş əsnasında ona deyib: “Atanın xəyanətlərini qanınla təmizlədikdən sonra ailən bağışlanacaqdır”.
Bu xitab Cabbar Ertürkə bir həqiqəti öyrədib: Atası etdiyi xəyanətə görə (!) kommunist zindanlarına düşdükdən sonra anası və qardaşları da kəndlərindən sürgün ediliblər.
Cabbar Ertürk bu fəlakət xəbərlərinin ağrısı ilə cəbhəyə - Azak dənizi yaxınlığına göndərilib. Rus ordusu səflərində öz vətənini pəncələrində qıvrandıranlara hücum edən almanlara qarşı döyüşəcəkdi. Fəqət İkinci Dünya müharibəsində Şərq türklərinin cəbhənin hər tərəfində etdiklərini o və yoldaşları da təkrarladılar, alman hücumu əsnasında Sovet səflərini tərk edib qarşı tərəfə keçdilər. Moskva zülmündən bağrıyanıq bütün Şərq türkləri kimi alman ordusu səflərində zalımlar sürüsünə qarşı vuruşmaq, yurdlarının düşmən əlindən qurtulması üçün qanlarını axıtmaq əməlində idilər. Fəqət Nasist Almaniyasını idarə edənlər ölüm-dirim savaşına girdikləri Sovet ordusundakı türklərdən və bu türklərin o savaşda özləri üçün necə əlçatmaz bir müttəfiq olduğundan xəbərdar deyildilər. Bu səbəbdən Sovet ordusu mənsubu olaraq əsir aldıqları bütün insanları eyni düşərgələrə doldurur və bu məşum ölüm düşərgələrində hamısını pis şərtlər altında ölümə tərk edirdilər. Bu düşərgələrdəki bütün türklər kimi Cabbar Ertürk də türk olduqlarını anlatmaq üçün almanlara müraciət edir, fəqət nasistlərin eşitməzliyi qarşısında heç bir müsbət nəticə ala bilmirdi.
Cabbar Ertürk atıldığı bu ölüm düşərgəsində heç olmasa bütün türklərin bir araya gələrək ölümə qarşı müştərək bir cəbhə qurmalarını təmin etmək üçün böyük əmək sərf etdi. Fəqət düşərgədəki ruslar türk düşmənliklərini burada da açıq göstərdilər. Türkləri toplandıqları hin kimi yerlərdən ataraq oralara özləri yerləşmək istədilər. Bunun nəticəsində zopa, yumruq, daşla və qruplarla əlbəyaxa türk-rus davaları oldu.
Düşərgədə yayılan tif və dizanteriya beş ay kimi qısa bir zaman ərzində təxminən 20 min türkdən ancaq 300-nü sağ buraxdı. Taleyin lütfü ilə sağ qalanlar arasında Cabbar Ertürk də vardı. O, almanca anlayır və bir az danışa bilirdi. Almanların almanca bilən birisini axtardıqlarını xəbər alınca xəstəlikdən və aclıqdan çox bitkin bir halda olduğu, ölümü qurtuluş olaraq gözlədiyi bir əsnada bir ümidlə sürünə-sürünə alman komandanlığının qapısına qədər getdi. Diləyi qəbul olunaraq şəhidlər qafiləsinə qatıla bilmədi.
Qıt alman anlayışı, nəhayət, hadisələrə bir az nüfuz etdi və böyük qismi əsir düşərgələrində şəhid olan türklər Moskvaya qarşı vuruşmaq üzrə alman səflərində yer almağa başladılar. Ancaq almanlar türklərin hamısını bir araya gətirməkdən çəkinir, onları boylar halında birliklərə ayırırdılar. Bu arada Cabbar Ertürk də Vətəninin canavar düşmənlərinə qarşı vuruşmaq imkanı əldə etdi. 1943-cü ilin sonlarına qədər Qafqaz, Krım və Ukrayna cəbhələrində vuruşdu. 1943-cü ildə yaralandı və müalicə üçün Vyanaya göndərildi. Orada Berlində təşkil edilmiş Azərbaycan Milli Komitəsində təhsil və mətbuat müdiri oldu və 1945-ci ilə qədər bu vəzifədə qaldı. Bu əsnada cəbhənin bir çox yerlərində dolaşaraq çox kərə almanlara tərs düşməklə əsir düşərgələrindəki soydaşlarından bir qismini qurtarmağa müvəffəq oldu.
Daha sonra İtaliyanın Milan şəhərinə gələn Cabbar Ertürk bu məmləkətdəki alman birliklərinin amerikalılara təslim olması üzərinə amerikalıların əlinə keçdi. Amerikalılar ruslara qarşı alman səflərində yer almış bu Sovet (!) vətəndaşlarını (!) o zamanlar suçlu hesab etmək qəflətində idilər. Cabbar Ertürk bu qəflətin nəticəsi olaraq digər türklər kimi xeyli təhlükəli günlər keçirdikdən sonra, nəhayət, sərbəst mültəci düşərgələrinə göndərildi. Bir müddət sonra Santa Mariya adasındakı türk mültəci düşərgəsinə aparıldı. Fəqət iki ay qədər sonra ingilislər onu və iki dostunu alıb Bari şəhərindəki suçlulara məxsus həbsxanaya nəql etdilər. Dörd ay qədər qaldıqları bu həbsxanada çox pis rəftar gördülər. İngilislərin məqsədi onların rusiyalı türklər olduqlarını təsbit etmək və Moskvaya təslim etməkdi. Cabbar Ertürk və yoldaşları bunu anladıqları üçün özlərini türkiyəli türklər olaraq göstərdilər, təhsil və ya ticarət üçün Avropaya gəldiklərini, müharibədə vəsiqələrini itirdiklərini iddia etdilər. İngilislər bir ipucu əldə edə bilməyincə Cabbar Ertürk ilə yoldaşlarını sədrləri general-leytenant olan yeddi nəfərdən ibarət ali rütbəli Moskva heyətinin qarşısına çıxardılar. Cabbar Ertürk bu heyətin qarşısında da türkiyəli olduğu iddiasından vaz keçmədi. Moskva heyəti başda general-leytenantları olduğu halda rusca ən ağır söyüşləri söyür, bu surətlə Cabbar Ertürkün rusca bildiyini təsbit etməyə çalışırdılar. Fəqət o, bu söyüşləri anlamamazlıqdan gəldi və bu surətlə əllərindən qurtuldu. Adriatik sahilindəki Rimini şəhərinə gətirilən Cabbar Ertürk oradakı ingilis əsir düşərgəsinə qoyuldu və 1946-cı ilin dekabr ayında buradan sərbəst düşərgəyə göndərildi.
1947-ci ildə İtaliyaya misirli bir şahzadə gəlmişdi. Türküstanlılardan bir neşə nəfər yaşlı mühacir bu şahzadə ilə görüşüb Türkiyəyə qəbul edilənə qədər Misirdə yaşamaları üçün kömək istədilər. Şahzadə kral Faruk ilə təmas qurub işi həll etdikdən sonra 123 nəfər Misirə hərəkət etdi. Bu qafilədə Cabbar Ertürk də vardı.
Cabbar Ertürk Misirdə misirlilərin türk düşmənliyi altında iki il qaldı. Bu arada Qahirə baş konsulluğunda da çalışdı. Misirlilərin bu türkləri Avstraliyaya göndərməsi təhlükəsinin yaranması üzərinə ozamankı baş konsulun hümməti ilə bu bəxtsiz qafilə, nəhayət, Türkiyəyə göndərildi. Bu surətlə 1949-cu ilin sonlarında Cabbar Ertürk ikinci ana vətəninə qovuşdu.
Fəqət dərdlər və iztirablar hələ sona çatmamışdı. Türkiyədəki ilk illər xeyli sıxıntılı keçdi. Öncə İstanbul valisi Gökayın hümməti ilə Böyükdərədəki fidanlıqda tərcüman olaraq çalışdı. Bu arada 1950-ci ildə İstanbul Universiteti Fənn fakültəsində imtahan verərək Bakı Universitetindən aldığı diplomunu təsdiq etdirdi. Bunun nəticəsində müəllim olmaq istədi. 1950-ci ilin dekabr ayında Antaliyanın Elmalı orta məktəbinə 150 lirə maaşla təbiət dərsi müəllimi olaraq təyin edildi. Səkkiz ay sonra daimi kadr olaraq işə götürüldü və Urfa liseyinə göndərildi. 1953-cü ildə isə Kayseri liseyinə təyin olundu. Hazırda bu liseydə biologiya müəllimidir.
Cabbar Ertürk evlidir və iki uşağı var. Böyük uşağı Alparslan üç yaş yarım, kiçiyi Gülsün isə bir yaş yarımdadır.
Onun nəşr edilmiş və edilməmiş əsərləri vardır. İlk nəşr olunan əsəri Berlində ikən çap etdiyi “Doğu türklərinin istiqlal mücadilələri”dir. 1955-ci ildə ikinci kitabı olan “Ana yurdda unudulan türklər” adlı əsərini çap edib. Hazır olub maddi imkan olunca nəşr ediləcək əsərlərinin adları belədir: “İkinci Dünya hərbində rus ordusunun pərişanlığı və almanların xətaları”, “Yavuz və Çaldıran səfəri”, “İkinci dünya hərbində Şərq türkləri və çəkdiklərimiz”.
Azərbaycan Milli Komitəsinin orqanı olaraq çıxan “Azərbaycan” qəzetində yazıları çap olunub. Hələ də Kayseridə nəşr olunan “Yeni Erciyes” və “Ocak”da müntəzəm yazmaqdadır.
Cabbar Ertürk alman dilini çox yaxşı, fransız, ingilis, italyan dilini cüzi bilməkdədir. Ruscası çox zəifdir.
“Ocak” qəzeti, sayı 27, 1956-cı il.
P.S. Nejdet Sançar bu yazısını Cabbar Ertürk Türkiyəyə gəldikdən cəmi yeddi il sonra yazıb. Təkcə bu fakt Cabbar bəyin qısa zamanda Türkiyə ictimai fikrində özünə yer qazanmasını göstərir. 1950-ci ildə Türkiyə vətəndaşı olan Cabbar bəy iki il sonra Ayşə Veciha adlı xanımla evlənib. Bu evlilikdən Alparslan (1953), Gülsüm (1954) və Türkhan (1956) adlı övladı olub. Böyük oğlu 1968-ci ildə vəfat edib. Cabbar bəy Qahirədə ikən Qafqaz İslam Ordusunun komandanı Nuri paşa ilə görüşüb. Bu görüşdə Nuri paşa ona deyib: “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”. Ertürkün Türkiyədə aşağıdakı kitabları çap olunub: “Ana yurdda unudulan türklük” (Kayseri, 1955), “Türkiyə türkləri və ana yurddakı türklərin qurtuluşları” (Kayseri, 1957), “Üçüncü Dünya hərbinin zənləri çalınırmı?” (Kayseri, 1957), “Atatürk süfrəsində türklük və milliyyətçilik” (Ankara, 1994). C.Ertürk “Mücahit”, “Azerbaycan”, “Ocak”, “Yeni Erciyes” və s. kimi orqanlarda məqalələr yazıb, Nihal Atsız, Ziyad Ebüzziya kimi şəxslərlə məktublaşıb. Vəfatından sonra 2005-ci ildə “Bir türkün İkinci Dünya hərbi xatirələri” adlı geniş həcmli kitabı işıq üzü görüb.