“Xocalı soyqırımı əslində əsrin faciəsidir. Ötən əsrin əvvəlindən sonuna qədər - II Dünya müharibəsində bəzi kütləvi qırğın faktları istisna Xocalı soyqırımı qədət masştablı hadisə olmayıb. Əsrin sonlarına yaxın erməni faşistləri tərəfindən bu faciə dünyanın diqqətindən yayınıb. Bu gün Ukraynada baş verən müharibədə Mariupul şəhərinin yer üzündən silinməsi kimi, Xocalı da yer üzündən silinib. Minlərlə insan dəhşətli qış soyuğunda məhv edilib. Amma Xocalı soyqırımına diqqət və reaksiya o dövrdə fərqli oldu”.
Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
O qeyd edib ki, o dövrdə olduğu kimi, indi də erməni quldur dəstələri mövcuddur və fəaliyyətini davam etdirir:
"Müxtəlif dövrlərdə erməni quldur dəstələri Rusiyanın və ondan əvvəl isə SSRİ-nin dəstəyi ilə müasir silahlarla təchiz olunub və mülki azərbaycanlıları meşələrdə, yollarda qırıb. İnsanların cəsədləri uzun müddət qarın üzərində qalıb. Həmin dövr hakimiyyətdə təmsil olunan Ayaz Mütəllibov hökuməti bu dəhşətli soyqırımı aktını bir gün gizlətməyə cəhd edib. Sonradan bu faciəni araşdırmaq üçün komissiya yaradılıb, amma onlar işi tam başa çatdıra bilməyib. O zaman cinayəti törədənlərin kimliyi məlum olsa da, onlar tribunala verilmədi, araşdırmalar aparılmadı. Nəticədə Robert Köçəryan və Serj Sərksiyan, Balayan, Ohanyan cəza almadı”.
Hüquq professoru hesab edir ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edilməli, onların diqqətləri bura çəkilməli, vətəndaş cəmiyyətinin üzvləri, dövlət orqanları vahid mexanizm əsasında iş görməlidir:
"Həmin dövrdə bu cinayəti törədən şəxslər indi eyni caniliyi başqa bir ölkədə törətmiş olsaydılar, yəqin ki, Haaqa Məhkəməsinə və digər beynəlxalq hərbi tribunal qarşısına çıxarılaraq cəzalandırılardılar. Təəssüflər olsun ki, o zamanki hakimiyyət bu məsələyə diqqət yetirə bilmədi”.
İmanlı əlavə edib ki, son bir neçə ildə Xocalı soyqırımı ərəfəsində ciddi tədbirlər və görüşlər keçirilir:
“Qənaətimcə, bunların hamısı tək bir adamın-Prezidentin üzərinə düşməli deyil. Vətəndaş cəmiyyəti bu işdə səfərbər olmalı, həmin dövrdə bu cinayətə qol qoyanlar beynəlxalq tribunala verilməli və məhkəmədən bu şəxslərin cəzalandırılması tələb edilməlidir. Çünki dünyada çox sayda insan hüquqları ilə bağlı işləyən beynəlxalq qurumlar, Strasburq məhkəməsi var. Bu tələblər onların qarşısına qoyulmalıdır. Həmin şəxslər cəzalandırılmalıdır ki, Xocalıda xüsusi amansızlıqla qətl edilən mülki əhalimizin qanı yerdə qalmasın. Bu istiqamətdə mübarizə aparacaq güclər və qüvvələr Azərbaycanda var. Azərbaycan artıq öz ərazisini bərpa edən, müharibədən qalib çıxan dövlətdir. Onun dünyada sözü keçir, beynəlxalq hüququn əsas yaratdığı bu məsələ də gündəliyə gətirilməlidir. Sözsüz ki, həmin dövrdə həyatını qurban verənlərin bir qismi həm də Qərbi Azərbaycandan Xocalıya və digər yaxın ərazilərə köçürülən insanlar olub. Mən əminəm ki, bu cinyətin açılması, beynəlxalq məhkəmə tərəfindən araşdırılması üçün bizim üzərimizə düşəni layiqincə yerinə yetirəcəyik. İnanıram ki, bu cinayətin günahkarları olan Robert Köçəryan və Serj Sərksiyan həbs olunacaq və lazımi şəkildə cəzalandırılacaqlar".