1 Mart 2023 14:40
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopterin qəzaya uğraması nəticəsində şəhid olan pilot Xəyyam Əliyevin adını daşıyan gəmi bu gün dünya sularına yola salınıb.

Teleqraf.com xəbər verir ki, “Palmali Holding” tərəfindən təşkil olunan mərasim Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində baş tutub.

Yolasalma mərasimində “Palmali Holding”in prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə təşrif buyurmuş Xəyyam Əliyevin ailə üzvləri də iştirak edib. Əvvəlcə İstanbulda, şirkətin baş ofisində onları qəbul edən M. Mənsimov şəhid atası Əlixan Əliyevə gəminin adı həkk olunmuş qızıl medalları təqdim edib. Bildirib ki, özü və rəhbərlik etdiyi şirkət nə qədər yaşayırsa, şəhidlərin adlarını hər zaman uca tutacaq, onları yaşadacaq və qürurla daşıyacaqlar.

Bu nəcib qərardan kövrələn şəhid atası oğlunun adının əbədiləşdirilməsinə görə minnətdarlığını bildirib. Bundan sonra Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində şəhid pilot Xəyyam Əliyevin adını daşıyan gəminin suya buraxılması mərasimi keçirilib.

M.Mənsimov çıxışında bildirib ki, Dövlət Sərhəd Xidmətinin kapitanı olan Xəyyam Əliyev təqaüdə çıxandan sonra dünyanı qarış-qarış gəzməyi arzulayırmış: “Xəyyam şəhid olsa da, onun arzusu yerinə yetirildi. İndi onun adını daşıyan gəmi bütün dünyanı gəzəcək və şəhidin arzusunu yerinə yetirəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər