“Son zamanlar Azərbaycan Respublikası ilə yanaşı başqa bir xarici dövlətin vətəndaşı olan həmyerlilərimiz Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasında, ümumvətəndaş pasportu alınmasında və ya dəyişdirilməsində problemlər yaşayırlar”.
Teleqraf.com xəbər verir ki, bunu vəkil Yasər Abdullayev deyib.
O bildirib ki, bu problemlə bağlı qanunvericiliyin mövqeyi birmənalı olaraq həmyerlilərimiz üçün əlverişsiz deyil: “İnzibati orqan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 4.4-cü bəndini rəhbər tutur ki, bu norma özlüyündə “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslara söykənir.
Sadə dillə desək, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun vətəndaşalıq mənsubiyyətinin tanınmaması üçün əsasdır. Amma burada mütləq qaydada nəzərə alınmalıdır ki, müvafiq qərar 18 mart 2015-ci il tarixdə qüvvəyə minib”.
Vəkil qeyd edib ki, Nazirlər Kabinetinin qərarının 4.4-cü bəndinin özündə onun geriyə qüvvəsi müəyyən edilmədiyi kimi, əlverişli olmadığından qanunvericiliyə əsasən geriyə qüvvəsi yoxdur və yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq oluna bilər: “Əgər konkret misalın üzərindən izah etsək, 18 mart 2015-ci il tarixdən öncə Türkiyə Respublikasının və ya Rusiya Fedrasiyasının vətəndaşlığını qəbul etmiş şəxslər bu əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qanunvericiliyə uyğun deyil. Cəmiyyətdə yayılmış yanlış fikirlərdən biri də odur ki, Azərbaycan Respublikasında ikili vətəndaşlıq qadağandır. Ancaq bu fikir yanlışdır”.
Yasər Abdullayevin sözlərinə görə, “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsi nə köhnə, nə də yeni redaksiyada ikili vətəndaşlığı qadağan etməyib:
“Sadəcə tanımayıb. Yəni şəxs Azərbaycan Respublikası ilə yanaşı başqa ölkənin vətəndaşı olsa da, qanun onun bu ikinci vətəndaşlığını tanımır və onu yalnız Azərbaycan Respublikası qarşısında qarşılıqlı hüquq və vəzifələrini tanıyır. Bu səbəbdəndir ki, Rusiya Federasiyasını vətəndaşı olan şəxslər Səfərbərlik Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə cəlb olunurdular".