6 Mart 2023 10:40
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin anım günüdür. Rəsulzadə 6 mart 1955-ci ildə Ankara şəhərində vəfat edib, Əsri məzarlığında dəfn olunub.

Onun vəfatı ilə bağlı qurucusu olduğu “Azerbaycan” jurnalı xüsusi buraxılış nəşr edib. Həmin özəl sayıda Rəsulzadənin dəfni, çıxışlar, tədbirlər, başsağlıqları ilə bağlı materiallar yerləşdirilib. Türkiyədən Amerikaya qədər geniş coğrafiyada əks-səda doğuran bu hadisə ilə bağlı unudulmuş bəzi məqamlar da var. Bu yazıda onları bir araya topladıq.

3 aprel 1955-ci il saat 12-də Nyu-Yorkdakı məsciddə azərbaycanlıların, şimali qafqazlıların, türküstanlıların, idil-urallıların iştirakı ilə Rəsulzadənin ruhuna mövlud oxudulub. Tədbirdə bolşevizmlə mücadilə aparan Amerika Komitəsinin əməkdaşı, Rəsulzadənin dostu E.Kuningholm da iştirak edib, nitq söyləyib.

17 aprel 1955-ci ildə Məhəmmədəmin bəyin vəfatının 40-cı günü münasibətilə “Azərbaycan Kültürünü Tanıtma Dərnəyi” İstanbulun Bəyazid məscidində mövludi-şərif oxudub. Mövludi-şərifi İstanbulun məşhur mövludxan və hafizlərindən Kazım Büyük Aksoy, Hafız Raif, Hafız Kərim və Hafız Hüseyn Mısırlı, dua qismini isə eskişehirli Yəhya əfəndi oxuyub. Mövlüd mərasiminə azərbaycanlı mühacirlərlə yanaşı Rəsulzadəni tanıyan xeyli şəxs qatılıb. Dua mərasimində onun vətən və millət yolunda gördüyü işlərdən bəhs edilib. Bununla bağlı “Azerbaycan” jurnalında yazılıb:

“Mövludi-şərifə başlamadan öncə hələ Birinci Dünya müharibəsi dövründə hərb əsiri kimi Azərbaycanda olmuş, hər yerdə qardaş şəfqəti və məhəbbəti ilə qarşılaşmış, mərhum Əmin bəyi də şəxsən tanıyan, indiki “Əhli sünnət” məcmuəsi sahibi və mühərriri möhtərəm Əbdürrəhman Zapsu vəciz bir xitab edib: “Möhtərəm camaat! Mövludunu oxuyacağımız Rəsulzadə Məhəmmədəmin bəy İslam aləminin Azərbaycan qitəsində küfrə qarşı mücadilə açan böyük mücahidlərimizdəndir. Bütün həyatını rus dinsizliyinə qarşı o qitədəki müsəlmanların hüququnu müdafiə etməyə həsr etmişdir. Mən Birinci Cahan hərbində yaralandım, ruslara yaralı olaraq əsir düşdüm. Əsarətim Bakıya bağlı olan Nargin adasında keçdi. Bakıya qaçıb gəldiyim zaman Məhəmmədəmin bəy “Açıq söz” qəzetini çıxarırdı. Bütün Bakı xalqı biz Türkiyə əsirlərinə qardaş ağuşunu açmış, böyük sevinc və səmimiyyətlə bizi qucaqlayırdı. Bu səmimi qardaşlarımızın mənə və bütün türkiyəlilərə göstərdikləri yardımı ölənə qədər unutmaram! Belə əziz bir mücahidin mövludunu oxuyuruq”.

Həmin gün Ankarada Azərbaycan Kültür Dərnəyi Hacı Bayram məscidində Rəsulzadə üçün mövlud oxudub.
30 aprel 1955-ci ildə Azərbaycan Kültür Dərnəyində 27 aprel istila günü və Rəsulzadənin vəfatı ilə bağlı tədbir keçirilib. Tədbiri Cümhuriyyət tələbələrindən Dr. Həmid Ataman açıb, ardınca mühərrirlərdən Əbdülvahab Yurdsevər çıxış edib, onun şəxsiyyəti haqqında məlumat verib: “Əmin bəy müstəqil Azərbaycanın canlı və dimdik dayanan simvolu idi. O, bizə tariximizi öyrədir, halımızı izah edir, gedəcəyimiz istiqlal yolunu aydınladırdı... Əmin bəy hər şeydən öncə müstəqil Azərbaycan milli dövlətinin ən hərarətli tərəfdarı idi. O, Azərbaycan qədər bütün digər məhkum Türk ellərinin hürr və müstəqil dövlət həyatı qura bilmələri üçün dayanmadan çalışırdı... Bütün məhkum Türk elləri onu öz böyük öndərlərindən biri olaraq anar, sayardılar... Əmin bəy Birləşmiş Millətlər Anayasası prinsiplərinin ən hərarətli tərəfdarlarından biri idi. O, bir gün, uzaq gələcəkdə də olsa, bütün Türk ellərinin geniş bir federasiya ətrafında toplana biləcəklərinə və milli bir vəhdət halında hürr dünya millətlərinin cahanşümul federasiyasına daxil ola biləcəyinə qüvvətlə inanmaqda idi”.

Əbdülvahab bəydən sonra vaxtilə Bakıda təhsil almış, Şəkidə yaşamış türküstanlı Tahir Çağatay bəy çıxış edib: “... Bu gün Əmin bəy biz fanilərin arasından ayrılaraq mənəviyyata intiqal etmişdir. Şübhə yoxdur ki, onun bir qoluna Əlişir Nəvai, digər qoluna Babur şah girərək cənnəti-əladakı Nizami süfrəsində onu gözləyən məqamına aparmışlar...”.

Tahir bəydən sonra ta gənclik illərindən Əmin bəylə birlikdə yol getmiş ən yaxın silahdaşı, əmisi oğlu Məhəmmədəli bəy nitq söyləyib: “... Məhəmmədəmin bəy bütün ömrü boyunca bir an belə sarsılmadan və ümidsizliyə düşmədən bu müqəddəs bayrağı sımsıx bağrımıza basaraq ön səflərimizdə daşımış və bizi də özü ilə bərabər yürütmüşdür. Öldükdən sonra bu müqəddəs üçrəngli bayrağı bizlərə təslim etmişdir. Bizlər də eyni iman, iradə və səbatla bu bayrağı daşıyacağıq. Bayrağımız qırmızı işğalçılar tərəfindən maddətən endirilmişsə də, mənən mərhumun qəlbindən çıxarmadığı kimi bizim də qəlbimizdən enməmişdir və enməyəcəkdir. Bu bayrağı Vətənimizdə - Milli Məclisimizin üstündə dalğalandırana qədər qəlblərimizdə daşıyacağıq”.

Rəsulzadənin vəfatı ilə bağlı İrandan Argentinaya qədər müxtəlif qəzetlərdə yazılar çıxıb. Məsələn, Argentinanın paytaxtı Buenos-Ayres şəhərində ukraynalı mühacirlərin çıxardığı “Ukrainske slovo” qəzetinin 22 iyun 1955-ci il tarixli sayında “Tanınmış qafqazlı siyasət adamının vəfatı” başlıqlı xəbər dərc edilib. Mətndə Rəsulzadənin fəaliyyəti ilə bağlı məlumat verilib: “Rəsulzadənin ölümü ilə təkcə azərbaycanlılar deyil, bütün Qafqaz millətləri tanınmış, seçilmiş böyük Qafqaz istiqlal mücahidini itirmişdir. Ukrayna milləti onun şəxsində əziz və böyük dostunu qeyb etmişdir”. Qəzetdə çıxan bu materiala görə Argentinada yaşayan Cümhuriyyət zabitlərimizdən Vəli bəy Yadigar Sadıq oğlu təşəkkür məktubu ünvanlayıb. Qəzetin 26 iyun 1955-ci il nüsxəsində çap olunan, Vəli bəyin də həyat və fəaliyyəti baxımından önəmli olan məktubun mətnini təqdim edirik:

“Hörmətli baş mühərrir!

“Ukrainske slovo” qəzetinin 22 iyun tarixli nüsxəsində “Tanınmış qafqazlı bir siyasət adamının vəfatı” başlığı ilə Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadəyə təxsis edilən bir yazı dərc edilmişdir. Qafqazlı keçmiş mühariblərin Argentinadakı sədri, həmçinin mərhum Məhəmmədəmin Rəsulzadənin Güney Amerikadakı nümayəndəsi sifətilə istər qəzet idarəxanasına, istərsə də şəxsinizə dərin təşəkkür etməyi özümə borc bilirəm. Azərbaycan xalqının böyük öndəri və Qafqaz İstiqlal Komitəsinin sədri olmuş Məhəmmədəmin Rəsulzadə Ukrayna millətinin böyük dostu olub istər ağ, istərsə də qırmızı Moskva hakimiyyətinin Ukrayna torpaqlarından tamamilə təsfiyyə edilməsinə hərarətlə tərəfdardı. Onun şəxsində Moskva işğalı altında olan rus məhkumu bütün millətlər müştərək hürriyyətləri uğrundakı mücadilənin ən böyük mücahidlərindən birini itirmişdir. Cənabi Haqq Azərbaycan və Ukraynadan öz lütf və mərhəmətlərini əsirgəməsin. Ali hörmətimin qəbulu ricası ilə Vəli Sadıqoğlu”.

6 mart 1956-cı ildə Azərbaycan Kültürünü Tanıtma Dərnəyi İstanbulda Rəsulzadənin vəfatının birinci ildönümü münasibətilə tədbir keçirib. Toplantını dərnəyin sədri Səlim Ağasıbay açıb, geniş nitq söyləyib. Daha sonra mühacirlərdən Əli Aran, Mustafa Haqqı Türkəqul, Almas İldırımın oğlu Azər Almas, krımlı Müstəcib Ülküsal çıxış ediblər.

11 mart 1956-cı ildə Azərbaycan Kültür Dərnəyinin üzvləri Ankarada Rəsulzadənin məzarını ziyarət edib, ardınca dərnək binasında tədbir keçiriblər. Dr. Həmid Ataman, Əbdülvahab Yurdsevər, şərqi türküstanlı Məhəmmədəmin Buğra kimi şəxslər çıxış ediblər.

Rəsulzadənin vəfatının birinci ildönümü ilə bağlı İran mətbuatında da bir sıra yazılar qələmə alınıb. Birinci ildönümündən bugünə qədər hər 6 martda Rəsulzadənin məzarı ziyarət edilir, ruhuna dualar oxunur...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər