Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli"nə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir öz işinə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, qeyd ediblər ki, bütün həyatını xalqına, ölkəsinə həsr etmiş ulu öndər tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi əbədilik qazanıb. Görkəmli dövlət xadiminin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi uğurlardan geniş söhbət açan natiqlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olub, dövlət müstəqilliyini dönməz və əbədi edib. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Respublikamızın uğurlu daxili və xarici siyasətinin etibarlı əsaslarını işləyib hazırlayan Ulu Öndər regional və beynəlxalq layihələrin təməlini qoyub və onların reallaşdırılması istiqamətində konkret addımlar atıb.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını bildirib, ölkəmizin yeni tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın qalib ölkəyə çevrildiyini iftixar hissilə bildiriblər.
Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra YAP-ın Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Regional Mərkəzin əməkdaşları Quzanlı-Hindarx magistralının Üçoğlan kəndi ərazisində “Heydər Əliyev İli"nə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.