Lənkəran Dövlət Universiteti feysbuk səhifəsində növbəti açıqlama yayaraq bufetlərin bağlanması ilə bağlı paylaşımın kiberhücum nəticəsində səhifəyə yerləşdirildiyini bildirib: “Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiberhücum nəticəsində yerləşdirilib və unversitetin rəsmi mövqeyini əks etdirmir.
Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
***
12:35
Sabahdan Lənkəran Dövlət Universitetinin (LDU) tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi (QTALB) tərəfindən adıçəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir: “Halbuki, universitet 26 dekabr 2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət edib və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv edib. Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra QTALB tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalıb”.
Universitet AQTA-nın qərarını qərəzli hesab edir: “Sual oluna bilər: QTALB ən azından hamımızın hər gün baş çəkdiyimiz Lənkəran bazarındakı antisanitariya vəziyyətini görmürmü? Heç nəyi demirik. Niyə QTALB bazarda üstünə qara milçəklər daraşan, toz-torpaq içində açıq vəziyyətdə satılan ət və digər ərzaq məhsullarının satışına qadağan qoymur, antisanitariya şəraitinə göz yumur? Sizcə niyə? QTALB Lənkəran şəhərinin çirkab axıdan açıq kanalizasiya xətlərindən, həmin kanalizasiya çirkabının həyətlərdəki su quyuları ilə birləşməsindən xəbəri yoxdurmu? Lənkəranda intensiv yağışların yağdığı vaxtlarda həyətlərin sanuzellərinin su quyuları ilə birləşdiyini görmürmü QTALB? İndiyə qədər QTALB hansı ərzaq istehsal edən və ya satan müəssisənin əməkdaşlarının tibbi müayinədən keçməsini tələb edib? Niyə QTALB Lənkəran şəhərinə verilən içməli suyun tərkibi ilə heç maraqlanmır da? Bəlkə siz deyəsiz, əziz tələbələr? Çoxunuz marketlərdə, restoranlarda, şadlıq saraylarında fəaliyyət göstərirsiniz və oralardakı vəziyyəti çox da yaxşı bilirsiz. Bəli, QTALB-ın bu və bu kimi digər biabırçı hallara, vəziyyətə göz yummasının səbəblərini biz yaxşı bilirik.
Bu gün universitet tələbədən qeyri-qanuni heç bir ödəniş (rüşvət, filan) tələb etmir və QTALb-nin də qeyri-qanuni tələblərini rədd edib, bundan sonra da edəcək. Amma bununla yanaşı onu da deməyi özümüzə borc bilirik ki, universitet bütün nəzarət və təftiş qurumlarının, eləcə də QTALB-ın da qanuni tələblərini həmişə icra edib və bundan sonra da edəcək.
Əlavə olaraq onu da bildirək ki, universitetin tədris korpuslarında fəaliyyət göstərən kafelər fərdi sahibkarla Respublika Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. LDU bu məsələdə yalnız vasitəçi kimi çıxış edir”.